31
yanvar
2021
16:30
1274


Universal kart

AdRiver


Творческий конкурс Адели

Vahid Məmmədlinin Əsərlərində Real Hadisə Və Folklor Ənənələri

Vahid Məmməd oğlu Məmmədli 1965-ci ilin yanvar ayının altısında Azərbaycan SSR-in Qazax şəhərində anadan olmuşdur. Əslən Azərbaycana bir çox mütəfəkkirlər bəxş etmiş Şuşa əsilzadələri Haqverdiyevlər və Qalabəyovların nəslindəndir. Uşaqlıq illəri atasının xidmət etdiyi ərazilərdə – Qazax, İmişli, Bərdə, Xaçmaz və Bakıda keçmiş, orta məktəbi bitirdikdən sonra SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarının xüsusi təyinatlı batalyonunda (qırmızı beretlilər) xidmət etdikdən sonra Rusiyanın Tver Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuş, yüksək intellekti və bacarığına görə, hələ universitetin 3-cü kursunda əyani təhsil almasına baxmayaraq Tver Vilayətində Maksatixa rayon prokurorunun böyük köməkçisi təyin olunmuş, iki il sonra isə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ildən Azərbaycan Respublikasının prokurorluq sistemində çalışır, 2011-ci ildən Yardımlı rayon prokurorudur.2003-cü ildə beynəlxalq cinayət hüququ üzrə namizədlik dissertasiyası müdafiə etmiş, hüquq üzrə fəlsəfə doktorudur.
Vahid Məmmədli ədəbi yaradıcılığa ilk dəfə Rusiya Mədəniyyət fondunun “Qrifon” nəşriyyatında nəşr olunan “Tunc Allah’ın yolu” əsəri ilə başlamışdır. Əsərin Rusiya mədəniyyət fondu tərəfindən nəşr olinması və tez bir zamanda bestsellərə çevrilməsi onunla əlaqədardı ki, əsər dünya ədəbiyyatında tamamilə yeni bir janrda, qansız döyüş romanı janrında yazılmışdır.Əsərin tez bir zamanda tanınması Rusiyanın və Avropanın ən böyük nəşriyyatı olan “Eksmo” nəşriyyatının diqqətini cəlb etmiş, 2006-cı ildə onun “Tunc Mələk” əsərini “Cəllad tələsməyi sevmir” adı ilə “Rus bestselleri” seriyasında çap etmiş, 2007-ci ildə nəşriyyat tərəfindən “bestsellər ustası” adına, Azərbaycanda isə ilk fentezi epos olan “Atropatena dastanı” trilogiyasının müəllifi kimi Beynəlxalq Mahmud Kəşkari fondunun “Türk dünyasının san yarlığı” mükafatına layiq görülmüşdür.
Əsərləri Rusiyada bestsellərə çevrildiyi kimi, Türkiyədə də “Atropatena dastanı” iki il ərzində öz janrında ən çox satılan kitabların onluğuna daxil olmuş, əsərləri ingilis, ispan, italyan, portuqal, ərəb, bolqar, yunan və xorvat dillərində kitab kimi nəşr edilmişdir.
“Tunc Mələk” romanının əsas özəlliyi və oxuyucuya sevdirən məziyyəti əsərin qəhrəmanının müharibə gedən İraqda topların, tüfənglərin, bir çox ölkələrin xüsusi xidmət orqanlarının edə bilmədiyini bir Azərbaycanlının öz intellektual səviyyəsi, insansevərliyi və iradəsinin gücü ilə bacararaq insanları xilas etməsidir. İlk Azərbaycan romanıdır ku,  bir Azərbaycanlının hansı insani keyfiyyətlərə malik olması dünya oxucularına çatdırılır. Təsadüfi deyil ki, əsər 2010-cu ildə Rusiyada “Qruppa antiterror.Spetsnaz” seriyasında da dərc edilərək xüsusi təyinatlıların hər hansı bir əməliyyata getməzdən əvvəl oxuduqları kitablardandır.
Müəllifin 2010- cu ildə qələmə alınan “Atropatena” romanı da ilkliyi ilə diqqət çəkmişdir. Azərbaycanda ilk fentezi roman olan “Atropatena dastanı” əsərinin üstünlüklərindən və əsəri səciyyələndirən xüsusiyyət odur ki, üç romandan ibarət olan trilogiya tariximizin ən mühüm və ədəbiyyatımızda çox az olaraq əksini tapmış bir dövrünü Midiya, Atropatena və Albaniya dövrünü əhatə edir.Digər bir özəllik isə ondadır ki, qan yaddaşımızı mərdliyə, igidliyə kökləyən cəngavərlik dastanıdır. Tolkienin “Üzüklərin əfəndisi” və Roulinqin “Harri Potter” əsərlərində sehrin gücü ilə idarə olunan dünyalar “Atropatena əsərində” cəngavərlərin, Albaner və Atropatın göstərdikləri şücaətlərin fonunda ağ magiyanın ustadı Yeliseylə, qara magiyanın nümayəndəsi Nadovarın qara magiyaları vasitəsilə  idarə olunur, Onların Albaniya və Atropatenadakı düzənə təsir etmələrindən, indi Azərbaycan adlanan ərazilərin insanlarının bir millət olaraq hələ o zamandan formalaşmasından bəhs edir. Əsərin ən böyük gücü isə ondadır ki, əsər əsl Azərbaycançılıq ideyasının daşıyıcısı olaraq hələ qədim zamanlardan bütün millətlərin, xalqların, etnosların türklərlə birlikdə əvvəlcə albanlar, midiyalılar, atropatenalılar kimi bu günki Azərbaycanlılar olaraq formalaşmalarını əks etdirərək böyük multukultural və tariximizin ən doğru konsepsiyasına xidmət edir. Təsadüfi deyil ki, bu əsər Amerikanın məşhur “Amazon.com” saytında satılan kitablardandır.
Əsər tənqidçi və ədəbiyyatşünasların diqqətindən kənarda qalmamışdır.Əsər haqqında 2016-ci ildə” Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı” kitabının ikinci çildində tənqidçi Tehran Əlişanoğlu bəhs açır, əsəri dəyərləndirərək yazırdı.
“Epos üslubu  romanda dəqiq seçilmişdir, amma bu oxucuya məlum dastançılıq deyildir.”Dədə Qorqud”da daxil olmaqla bizim dastançılıq 1300 il öncədən bu yana , yəni yetkin orta əsirlərə bağlıdır. “Atropatena dastanı”nın mövzu planı isə antikliyə və orta əsirlərə hesablanmışdır. Burda daha çox sehirli nağıllarımızdakı atmosferi görürük. Bir yanda əjdahalar, divlər, uçan-yeriyən-üzən nəhənglər, çoxbaşlılar, əfilər mühüti-məsələn adlara diqqət edin: Falkona, Ksombard, tambukanlar, yırtıcı atlar, timsahbaşlılar;digər tərəfdən onları ram edən və yönəldən sehrbazlar, maqlar dəstəsi: qara magiyanın başçısı Nadovar və onun”Zülmət gecə” ordeni: İfritə, Nersun, Vazar, Şəhlab və bir-birini əvəz edən bu qara sehrə qarşı duran ağ magiyanın ustadı Yelisey- müasir dövr üçün qəribə adlardır. Habelə qəhrəmanların, obrazların adları: Albaner,çar Vaçe, Şamon,şah Artaban, iqlasion, Mehrican,Kəsirə, Oğuz, Harun, Çarxan, Ktaro, tacir Aqaband, Atropat, İsmayıl, Asmiralla, Asena, Valmon,  Maktum və s.-cüzi istisnaları çıxsaq bu gün yad səsləndiyi qədər də qədim epos mühitinə yaraşan adlardır.” (Yeri gəlmişkən müəllifin əsərlərinə qədimi və gözəl adlar verməsi də yaradıcılığında diqqət çəkir. Əsərlərindən görünür ki, müəllif İmayıl adını əsərlərində sevərək işlətmiş və “Şəhrizad”romanında İmayıl obrazı ən sədaqətli insan kimi yadda  qalır.) Teharan Əlişanoğlu “Atropatena” dastanını müasir dünya oxuculrının maraq göstərdiyi fentezi janrının tələblərinə uyğun yazılan ilk əsər adlandırmışdır.


V. Məmmədlinin ədəbi hadisə olan digər əsəri isə iyirmi ilə yazdığı “Palıda sarılmış üzüm” romanıdır. Düzdür müəllif məşhur “Əli və Nino” əsərinin müəllifi  Qurban Səidin Azərbaycanlı olduğnu sübut etmək üçün əsəri xaricdə təxəllüslə çap etdirsə də, Azərbaycan oxucularını nəzərə alaraq əsər “Teas Press” nəşriyyatında da çapa hazırlanır. ”Həyatın ən acımasız çətinliklərini görən Vasif və Ünal bir gün tanış olub şərikli iş qururlar. Həyatları boyu neçə-neçə qadınlarla qarşılaşırlar. Hər biri də bənzərsiz bir həyat hekayətinə gətirib çıxarır. Lakin dostlar ilk məhəbbətlərinə qovuşa bilmirlər. Hələ də o qızların sorağındadırlar. Həyat burulğanlarında onların izini harda itiriblər? Milyonçu qızı olan, onu dəlicəsinə sevən sevgilisinin sorağı ilə Londona qədər gedib çıxan Vasif, qızın ondan qaçıb gizləndiyini görüb onunla nə vaxtsa qarşılaşacağına inanmır.
…Bir zamanlar Ünalın sevgilisinə verdiyi sarı qırmızı payız yarpağını məkrli Beçəxor oğurlayıb kannabis yarpağına dəyişmişdi…
Baş vermiş avtomobil qəzasında hər ikisi ağır yaralanır. Amma bu qəza onların həyatını büsbütün dəyişir. Xəstəxanadan çıxıb istirahətə getdikləri ərazidə möcüzə baş verir…Palıda sarılmış üzüm tənəyi Vasifin həyatı boyu xəyallarında canlandırdığı qıza çevrilir.Vasif  həmin qızın sarıldığı palıd ola bilsə bu gözəlin kim olduğunu öyrənəcəyinə inanır. Həm də həyatının amalına qovuşacaq: Ağaca çevrilib körpə quşların yuvalarından yıxılmalarına, yırtıcılara yem olmalarına, ac qalmalarına imkan verməz, tək qalıb qorxanda onlara nəğmə pıçıldayan yarpaqları altında gizlədərdi… 
Ünal sarı-qırmızı yarpağın eynisini tapır. Bu ona bir işarətdir…Həmin yarpağı tapdığı kimi itirdiyi sevgisini də tapacaq. Məlum olur ki, sevdiyi qız narkomafiyanın əlindədir… Sevgilisini mafiyanın qanlı qatilinin məngənəsindən qurtarmaq üçün tələsir. Bu mafiyanı himayə edən sirli vəkil qadınla qarşılaşır. Həmin qadının kimliyi isə Ünalı çoka salır…
Bu əsərin təhlili başqa bir geniş araşdırmanın mövzusu olsa da onu demək kifayətdir ki, bir çox Rus tənqidçiləri “Palıda sarılmış üzüm” əsərini Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsəri ilə müqayisələndirərək müasirliyi və oxunaqlığı, xeyli obrazların əhatəli həyat hekayətlərini sıx uzlaşdırma bacarığı,  başqa əsərlərində olduğu kimi qadını ilahilədirməsi ilə səciyyələndirirlər. Yəqin ki, əsər Azərbaycan oxucusuna təqdim olunduqdan sonra ədəbiyyatşünaslarımız tərəfindən daha geniş təhlil və müzakirə olunacaq…
Dünyanın bir çox sitat, aforizmlər və müdrik kəlamlar saytlarında Vahid Məmmədlinin “Tunc Mələk” əsərinin epiqrafı olan “Bu dünyada heç kim mələk deyil. Hərənin də öz qoruyucu mələyi var. Başqaları üçün özlərini fəda edənlər mələklərdən də üstündürlər…” kəlamları və əsərlərindən digər sitatlar yer alır.
Bəli, Əslində müəllif” bu dünyada heç kim mələk deyil. Hərənin də öz qoruyucu mələyi var. Başqaları üçün  özlərini fəda edənlər mələklərdən də üstündürlər…” ifadəsini “Tunc Mələk” əsərinə epiqraf versə də əslində bütün əsərlərində özlərini fəda edib, mələk olan insanlardan bəhs edir. “Şəhrizad” romanında bir Qarabağlı qızının müdrükliyi, namusu, alicənablığı nəticəsində qalib gəldiyini, Azərbaycandan kənarda-Qazağıstanda da hörmət qazandığını görmək olur.
Yuxarıda haqqında bəhs etdiyimiz əsərləri ilə Azərbaycan oxucusuna və ədəbi ictimayyətinə tanış olan  Vahid Məmmədli 2019-cu ilin dəyərli  romanı ilə-“Şəhrizad” la oxucularının  daha çox yaddaşına yazıldı. Müəllif  əsərləri ilə diqqət çəkməklə yanaşı fərqli düşüncə  və maraqlı mühakimə, müşahidələri ilə də maraq doğurur. Bəlkə də müəllifin  peşəsi onun romanlarındakı obrazların daxili aləminin zəngin və düşüncə tərzinin mükəmməl olmasına təsir edir.Son zamanlar insanların səbirsizliyi və yaşantıları hər hansı bir romanı oxumağa imkan vermir. Belə bir zamanda romanla oxucu qarşısına çıxa bilmək və eyni zamanda iri həcmli romanı böyük ustalıqla sonlandıra bilmək yazıçıdan cəsarət istəyir. Və bu cəsarəti nümayiş etdirə bilən müəllif 37 –ci il hadisələrini əks etirməklə böyük bir yükün altına girir.Yəni bu mövzu əslində ədəbiyyatımızda yetərincə işlənən bir mövzudur. Elə bu cəhət də müəllifin işini bir az da olsa çətinləşdirir. Oxucuya artıq tanış olan hadisələrdən elə danışmaq lazımdır ki, oxucuda maraq və istək yarada bilmək mümkün olsun. Müəllif keçən əsrin 20-ci və 30-cu illərində Azərbaycandakı ictimai-siyasi vəziyyəti, real hadisələri, yaşantıları bəzən arxa plana ataraq iki gəncin sevgisini- bəy nəslindən olan Şəhrizad və Talıbın  əzablı, eyni zamanda sevgilərində göstərdikləri  sədaqəti önə çəkir. Hadisələr Şüşa şəhərində cərəyan edir. Və əsərdə hadisələrin “Qırmızı faciənin Bakıya yaxınlaşması” xəbəri ilə başlaması elə ilk cümlədən faciələrin başlanmasını diqqətə gətirir.Sonra əsərin baş qəhrəmanı ilə tanış oluruq. Romanda az bir zamanda sözü gedən Əmiraslan bəy Haqverdiyev  hadisələrin gedişatı üçün yol açır və bu obraz romandan tez getsə də Azərbaycan kişisinin ümumiləşdirilmiş obrazının ifadəçisi kimi əsər boyu (adı keçməsə də) unudulmur.
“Ölkədə quruluş dəyişir, proletar üsuli- idarəsi öz diktaturasını qururdu.
Bəzi tacirlərdən başqa heç kim yurdunu tərk etmirdi” ifadəsi yaşanan hadisələrə baxmayaraq  insanların, bəylərin narahat günlər yaşasalar da məmləkətlərini, ailə və uşaqlarını qorumaq zorunda olduqlarından  xəbər verirdi.
Əmiraslan bəyin altı oğlan övladı və dünyalar gözəli qızı Şəhrizadın Amanbəylidəki yaşantıları başqa bəy övladlarından fərqli deyildi. Söhbət Şuşadan gedirdi, Qarabağın mədəniyyət beşiyi sayılan Şuşa deyəndə burada yaşayan gənclərin, ədəb-ərkan, adət -ənənəyə sadiq olmaları xatırlanır. Eyni zamanda bu məmləkətin oğullarının dəliqanlı olmaları da  bəllidir.

Əsərdə bolşeviklərin qız-gəlinlərə pis münasibət göstərməsi diqqət  çəkir.Və elə hadisənin faciə ilə nəticələnməsi də bolşeviklərin Azərbaycan adət və ənənəsinə zidd getmələrindən yaranır.  Bəy qızı və əmisi oğlu Talıba nişanlı olan  Şəhrizadın bolşevik komandiri tərəfindən ”Bu qız kimdir?  Necə də gözəldir” deməsi  faciələrin yaranmasına  səbəb olur.
Əslində müəllifin Şəhrizadı  gözəl at belində təqdim etməsi də Azərbaycan ailəsində qızlarımıza göstərilən məhəbbət və diqqətin nümunəsidir. Və eyni zamanda Qarabağ atının gözəlliyinin tərənnümü də əsərin ideya planına daxil olmaqla yanaşı Azərbaycanın əvəzsiz bolgəsi olan Qarabağın –Şuşanın ümumi obrazını yaradır. Qarabağ atının nə dərəcədə müqəddəs olması və Şuşalı bəy qızının namus və qeyrətinin təmsilçisi kimi Şəhrizad bütün əsər boyu  diqqətə çatdırılır.  Obrazların seçilməsi, eləcə də Şəhrizad isminin şuşalı Əmiraslan bəy Haqqverdiyevin  qızına verilməsi məsələsi oxucunu folklorumuza, nağıllar diyarına aparması bəzi folklor köklərinin əsər boyu xatırladılması əsərin təsir gücünü artırır, reallığın nağıllaşan dünyayla əlaqəsini qurmaqla  37- ci il hadisələrini digər  yazıçılardan fərqli yanaşmaqla iki gəncin sevgisinin qalibiyyətini oxucusuna təqdim edir. Əsərdə bəyə, onun ailəsinə, xüsusilə bəy qızına hörmət və ehtiram diqqəti çəkir. Mehtər İsmayıl əsər başlanandan sona qədər sədaqət və vəfası ilə yadda qalır. Hər zaman Şəhrizada ürəyində sevgisi olsa da bunu bəyan etməyi özünə və çörəyini yediyi bir ailəyə sığışdırmır. Şəhrizad əmisi oğlu Talıbla evlənəndən  hətta Şəhrizadı düşünməyi  belə özünə qadağan edir. Ümumiyyətlə, əsərdə  Azərbaycan adət -ənənəsinə uyğun hadisələrin qabardılması özü gözəl bir ideyadır. Əsərdə satqınçılıq məqamlarının bəzi hallarda ermənidən gəlməsi səhnələri də aktuallıq kəsb edir. Romanda NKVD-nın siyasi şöbəsinin rəisi Stepan Sevyan obrazı əslində erməni simasını bütün tamlığı ilə göstərir. Stepan gənc şair Məlik Məftunun vasitəsilə Talıbın və onun ailəsinin darmadağın edilməsi üçün istifadə edir. Eyni zamanda azad düşüncəli Məlik Məftunu da aradan götürmək  üçün oyun oynayır. Atasını və beş qardaşını itirən, bir qardaşınıda dağlarda, daşlarda gizlənməyə məcbur olduğu üçün görməyən bəy qızı Şəhrizad pambıq toplantısında fəal iştirak edir.Şəhrizadın zəhmətini kiçik bir şeirdə vəsf edən Malik Məftun erməni hiyləsinə qurban gedir. Əslində aldadılaraq gələcək gün şeirini yazdıran azərbaycanlı olsa da qərar Stepanın olur. Müəllif Stepan kimilərin vəzifəyə gətirib, onların hiylələrinin qurbanına çevrilən, sapı özümüzdən olan baltaların da yaşadığımız faciələrin səbəbkarları olduğunu əsaslandırır. İki fəsildən ibarət əsərin əvvəli Əmiraslan bəy Haqverdiyevin  və onu altı oğul və bir qız övladının olması, bolşeviklər tərəfindən güllələnməsi, kiçik oğlu Məmmədrəsulun öz kəndindən didərgin olaraq meşələrdə, dağlarda gizlənməsi və mübarizə aparması səhnəsi, Şəhrizadın acı taleyi diqqət çəkirsə də, amma bu hadisələrin içərisində bolşeviklərlə birgə erməni əlinin olması məsələsi də qabardılır.Bəy ailəsindən azadlıqda qalan Şəhrizad və Talıbı sürgün etmək üçün hiylələr, bəhanələr edilir. Kənd əhalisinin Əmiraslan bəyə hörmət və ehtiramı onları uzun zaman qoruyur. Kəndçilər Talıbı ələ verməmək üçün çalışsalarda  nəhayət bolşeviklər  və erməni Stepan Talıb və Şəhrizadın sürgün olunmasına nail olurlar.
Talıb Sibirə, Şəhrizad isə Qazaxıstana sürgün edilir. Əsasən İranlı sürgügün olunanlar gedən vaqonda Şəhrizad yalnız və çarəsizdi. Bu gözəl və yalnız qadını kişilər gözləriilə yeyirdilər. Bu məqamda Şəhrizad oradakı qadınlardan daha çarəsiz olduğunu hiss edirdi. Əsərdə iki əsgərin ona qarşı münasibəti, onu boş vaqona apararaq təcavüz etmək istəkləri və yorğun, taqətsiz halda olan Şəhrizadın yarı yuxulu halda olaraq yuxu görməyi çox təsirlidir  və  əsərin təsir gücünü artırmaqla bərabər, müəllifin folklor ənənələrinə sadiq qalmasından  da xəbər verir. Müəllif  bu səhnəni- hadisənin ataya – Əmiraslan bəy Haqverdiyevə ayan olmasını böyük ustalıqla təsvir edir. Yuxuda bir Qarabağ bəyinin başındakı buxara papağını qızının başına qoyması da diqqət çəkir. Qeyrətə, namusa önəm verən bəyi narahat edən əsas səbəb odurki, Şəhrizadın namusuna kimsə dil uzatmasın. Qızı tərəfdən narahat olan bir atanın at belində yuxusuna girməsi və ona “Qızım, yaşadığım həyat boyu bir nəfərin də namusuna toxunmamışam. Ruhum və namusum səni qorusun , qızım” deməsi özü də qarabağ bəylərinin böyüklüyündən və qeyrətindən  xəbər verir.   Və elə o anda  əri Talıbın yuxusuna gəlməsi və arvadının dövrəsində dairə çəkib Şəhrizada,  “Onu bil ki, səni incitməyə çalışan hər kəsi tikə-tikə doğrayaram. Mən ölsəm də ruhum səni qoruyacaq. Amma mən ölməyəcəyəm. Səni bir daha görmək üçün yaşayacam, Şəhrizad…” deməsi Şəhrizadın sonrakı yaşamında təsirsiz ötüşməyir.
Bu yuxular Şəhrizada cəsarət və güc verir. Sonrakı vəziyyətdə Şəhrizad iki əsgərin əlindən yalnız gücü gəldikcə qışqırmaqla, namusunu qormağa nail olur. Bu məqam Əhməd Cavadın Şükrüyyəsini xatırladır.  Azərbaycan qadınlarının 37- ci ilin hadisələrində namusları uğrunda nələrə qadir olduğlarını  bir daha yada salır. Əsərdə folklor ünsürləri əsərin sonunadək davam edir. Şəhrizadı çətin anlarda atası Əmiraslan bəyin ruhu və əri Talıbın sevgisi ilə bərabər, hər zaman hardansa bir qüvvənin və  hansısa obrazın Şəhrizadı qoruduğunun şahidi oluruq. Bu kimi hallar romanı 37- ci il hadisələrini əks etdirən əsərlərdən fərqli olmasına şərait yaradır. Sonrakı hadisələrdə Aybarşanı sakitləşdirmək üçün  Akşoranın   sabah gələcəyinə söz verən Şəhrizada  azadlığa çıxmaq üçün onun üzaq görənliyi yardım edir. Akşora Qazaxıstanın tanınmış, sayılıb seçilən kolxoz sədrlərindən biridir. Arvadını müalicə üçün xəstəxanaya qoydurmuşdur. Aybarşan hər an Akşoranın gəlib onu aparmasını gözləyir.Əsərdə  Aybarşanı  sakitləşdirmək üçün ona ilk ağlına gələn fikri-“Sabah  Akşora gələcək” söyləməsi və onun da gəlib çıxması Şəhrizadla Talıbın qovuşaraq azdlığa çıxmasına köməklik edən səbəb olur. Talıb  yaşamağa ümidi olmadığına baxmayaraq  Şəhrizada bir saatlıq qovuşa bilməsi üçün Sibir torpaqlarından qaçır. Yollarda çəkdiyi əziyyətlər, eyni zamanda 37-ci illərdə hər tərəfdə baş verən dərəbəylik, yaşanan hadisələr də romanda öz əksin tapır. Əsərdə  ağır zəhmətlərə qatlaşması ilə bərabər Şəhrizadın da ağlı, bacarıq və qabiliyyəti öz rolunu oynayır.

Sürgündə olan Şəhrizad uşaqlarının və Talıbın həsrəti ilə onların portiretini canlandırır. Bu portretdə Talıbın bütün xarakterini göstərən Şəhrizad bacarığını nümayiş etdirərək həm də ərinə olan sədaqətini xalçaya köçürür. Müəllif Qarabağlı bir qızın yalnız öz bacarığı, ağlı, məntiqi ilə qalib gəlməsi əslində vətənimizin-Qarabağımızın, Şuşanın yetişdirdiyi, bəsləyib ərsəyə gətirdiyi Azərbaycan qızının xarakterini verməklə əsəri daha da oxunaqlı edir və romanı isə milliləşdirir, yaşanan hadisələrə işıq tuta bilir. Şəhrizad ona təklif olan şərti-Stalinin portretini xalçada yaratmaqla əri Talıbı və özünü sürgünlükdən xilas edir. Əsərdə müəllifin çatdırmaq istədiyi bir ideya da “Dünyanı gözəllik xilas edəcək” deyimidi.Vahid müəllim bu qədər münaqişələrin, gərginliklərin içərisində bir gözəllik ilahəsi yaradır, bu gözəllik ilahəsinin yaratdığı portiret, dəyərli sənət əsəri Stalini belə ram edir. Əslində əsərdə sürgündə olan iki insana deyil Azərbaycan xalqının, Qarabağlı-Şuşalı xanımın mədəniyyətə, incəsənətə  olan yanğısı və sevgisidir. Sonunda “Şuşa bir mədəniyyət mərkəzidir”deyimi də öz yerini tutur.
Bu əsər həm də keçmişimizlə bu günümüz arasında  bir körpüdür və bu günümüzdə -Qarabağ torpaqlarımızın azadlığına doğru bir ümiddir. Bu ümid Şuşalı Əmiraslan bəy Haqverdiyevin qeyrətindən, ona olan xalq sevgisindən, onun oğlu Məmmədrəsul bəyin apardığı mübarizədən, İsmayılın sədaqətindən, Məlik Məftunun ədalət və vətənsevərlik hissindən yaranan ümiddir.
Merziyye NECEFOVA

Xəbəri paylaşın




Digər xəbərlər:
Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTO
Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTO
15.09.20, Cəmiyyət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Yardımlı icra hakimiyyətinin başçısı məhkəməyə verildi: Şok səbəb — ÖZƏL
Yardımlı icra hakimiyyətinin başçısı məhkəməyə verildi: Şok səbəb — ÖZƏL
06.08.20, Hadisə
Prezident onları təltif etdi - SİYAHI
Prezident onları təltif etdi - SİYAHI
23.06.20, Siyasət
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
10.05.20, Siyasət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.19, Siyasət