“Biz öz gücümüzü döyüş meydanında sübut etdik...”- Ölkə başçısının üç medalla təltif etdiyi zabitimiz...

Vətən müharibəmizin növbəti qəhrəmanlarından biri də kapitan Mustafayev Allahverdi Yunus oğludur. A.Mustafayev 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Axura kəndində anadan olub. 2014-cü ildən isə Azərbaycan Ordusunda xidmətə başlayıb.
Zabitimiz öz döyüş yolu haqda Moderator.az-a danışıb:
“2014-cü ildən Murov dağı istiqamətində xidmətə başlamışam. Daha sonra isə Gəncə şəhərində xidmət edirdim və elə Vətən müharibəsinə də burdan yollandım. Özüm bölük komandiriyəm. Cəbrayıl rayonundan Laçına kimi döyüşdük. Noyabrın 4-də Güləbürd kəndi istiqmətində düşməndə olan yüksəklikləri azad etmək üçün hücuma keçdik və orda qəlpə yaraları aldım.
Qəhrəmanımız buna görə ölkə başçısı tərəfindən üç medalla təltif edildiyini bildirib:
“Döyüşlərdə iştirakıma görə Ali Baş Komandan tərəfindən “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilmişəm. Buna görə cənab prezidentə öz təşəkkürümü bildirirəm”.
Döyüşçümüz düşmənin Azərbaycan Ordusu qarşısından qaçdığını bildirib:
“Biz bu illər ərzində inanırdıq ki, torpaqlarımızı işğaldan azad edəcəyik. Biz neçə il idi döyüşlərə hazırlaşırdıq. Çox güclü hazırlıqlar gedirdi. Öz gücümüzü döyüş meydanında təsdiq etdik. Düşmənin silahları qat-qat az idi, döyüşçüləri də çox zəif idi. Düşmənin itkiləri həddən artıq çoxdur. Biz irəli getdikcə, erməni meyitlərinin üstündən keçə-keçə gedirdik. Mən çox xoşbəxtəm ki, Vətən müharibəmizdə mənim də payım oldu. Allah şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə şəfa arzulayıram”.
Xəbəri paylaşın









