image-qanunla-reklam
image-965ec228574b8fe

1 dekabr Laçın rayonunun erməni işğalından azad olunduğu gündür

image-lady-day-az

1 dekabr Laçın rayonunun erməni işğalından
azad olunduğu gündür

30 ilə yaxın erməni faşist işğalçıların tapdağı altında qalan Laçın rayonunun Azərbaycan üçün necə dəyərli olmasını ölkəmizin o füsunkar guşəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 72 min hektar yaylaq və 34 min hektar zəngin meşə sahəsi olması, Laçının dəniz səviyyəsindən 700-3600 metr yüksəklikdə yerləşməsi faktı çox aydın göstərir.
3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqlarına, civə, vermikulit, əlvan və üzlük daşları, sement və tikinti daşı yataqları ilə zəngin olan bu rayonun 18 may 1992-ci ildə işğal olunması ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı, 79.1 min nəfər əhali etnik təmizləməyə məruz qaldı, doğma torpağından qovuldu, 300-dən çox insan həlak oldu və itkin düşdü, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı, Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edildi.
Erməni faşistləri Laçındakı coğrafi adları dəyişdirdilər, təbii resursları talan etdilər, əsasən Suriyadan olan erməni əsilli qaçqınları məqsədyönlü şəkildə burada məskunlaşdırmaqla demoqrafik tərkibi dəyişdirməyə çalışdılar.
Nəhayət, 44 günlük Vətən müharibəsindəki Zəfərimiz sayəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Buna qədər isə rəşadətli Ordumuz: noyabrın 9-u Laçının Güləbird, Səfiyan və Türklər kəndlərini işğaldan azad etmişdi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edildi və Laçın uğrunda döyüşlərdə igidlik və şücaət göstərən Azərbaycan Respublikasının 8395 hərbi qulluqçusu bu medalla təltif olundu.
Qürurverici haldır ki, bu il fevralın 14-də və avqustun 16-da Prezident İlham Əliyev Laçına səfər etdi, Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı.
Hazırda Laçın istiqamətində sərhədlər möhkəmləndirilir, infrastruktur layihələri reallaşdırılır.
Prezident İlham Əliyev deyib: “Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik”.
Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun isə uzunluğu 72,8 kilometrdir. Yol üzərində tikiləcək 3 tunelin ümumi uzunluğu 9450 metr olacaq.
Laçının Qorçu kəndi ərazisində beynəlxalq hava limanı da tikilməkdədir. Bu aeroport bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialını artıracaq. Olduqca mühüm strateji əhəmiyyəti olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək, Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq, Kəlbəcərə də hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Prezident İlham Əliyevin dediyi kimi, bu bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə – Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir, texniki, maliyyə imkanlarımız və güclü iradəmiz də var”.

İsaməddin Əhmədov-“Əkinçi” qəzetinin redaktoru

 

Laçının işğaldan azad edilməsi möhtəşəm və parlaq tarixi hadisədir

01 dekabr 2020-ci il tarixdə erməni işğalı altında olan son rayonumuz- Laçın Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı Birgə Bəyanata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı. Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrilib.
Laçın 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edilib. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. Ermənilər qanunsuz olaraq Laçında məskunlaşmaqla rayonun sərvətlərini mənimsəyirdilər və elə düşünürdülər ki, daimi olaraq orada qalacaqlar. Lakin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni 10 noyabr kapitulyasiya bəyanatına əsasən Laçından çıxmağa vadar etdi və ordumuzun döyüş meydanında başlatdığı qələbələr siyasi müstəvidə də zəfər əldə etməyə imkan verdi.
Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir. Ölkə başçısı nitqində indiyə qədər heç vaxt cəmiyyətə açıqlanmayan bir məqamı dilə gətirdi. Belə ki, ölkə başçısı bildirdi ki, danışıqlar prosesində açıq-aşkar səsləndirilməsə də Laçın rayonunun hansısa formada Ermənistana qalmalı olduğu fikri mövcud idi. Ermənistan tərəfi, bütün Laçın rayonunun onlara dəhliz kimi verilməli olduğu mövqeyindən çıxış edirdi. Bunun nəticəsidir ki, Laçın rayonunda digər işğala məruz qalan rayonlarımızdan fərqli olaraq qanunsuz məskunlaşmanın həcmi daha böyük idi. ATƏT-in Faktaraşdırıcı Missiyası tərəfindən Laçın rayonu ərazisində 8–11 min erməninin yerləşdirildiyini müəyyən edilmişdi. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. Bütün hallarda Azərbaycanın mövqeyi bir idi: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Və belə də oldu. Ölkə başçısı vurğuladı ki, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, həm də ordu quruculuğunda. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Laçın strateji baxımdan əhəmiyyətli olduğu qədər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir

Hər birimiz tam əminik ki, siyasi yolla olmasa da hərbi yolla Azərbaycan Ordusu mütləq Laçını, Kəlbəcəri və Ağdamı düşmən tapdağından azad edəcəkdi. Buna heç bir şübhə yoxdur. Amma eyni zamanda biz hər birimiz bilirik ki, yerləşdikləri çətin relyefdə mövsüm şərtləri də nəzərə alınarsa bizim çoxsaylı itkilərimiz olacaqdı. Məlumat üçün bildirək ki, sadəcə Ağdamda 5 müdafiə xətti var idi. Və bunların hər birinin aşılması zamanı itkilər qaçılmaz idi. Buna görə də sözügedən üç rayonun danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi qələbəsidir. Təbii ki, düşmən buna öz xoşu ilə razı olmadı. Bu birbaşa Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əldə etdiyi qeyri-şərtsiz qələbənin məntiqi davamı idi.
Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biri olmaqla, ərazisi 1800 kvadratkilometrdir. Laçın strateji baxımdan əhəmiyyətli olduğu qədər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir. Bu iqtisadi rayon geniş təbii sərvətlərə və iqtisadi imkanlara, o cümlədən kənd təsərrüfatının inkişafı üçün münbit torpaq sahələrinə malikdir. Rayonun ərazisində qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. faydalı qazıntı ehtiyatları vardır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort məqsədləri üçün istifadə edilə bilər. Eyni zamanda ərazinin mineral su yataqlı 8 yeraltı su yatağı mövcuddur. Onlardan 3,093 min m3/gün həcmində ehtiyata malik olan 7 yataq Kəlbəcər rayonunun və 4,300 min m3/gün həcminə malik olan 1 yataq Laçın rayonunun ərazisində yerləşir. Bütün bunlar rayonda geniş investisiya imkanları yaradır, kiçik və orta sahibkarlığın, turizmin inkişafı üçün geniş perspektivlər açır. Laçın ölkəmizdə digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcək.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Rəsmi İrəvanın siyasi təxribatları və hərbi cinayətləri

Danışıqlar prosesi çərçivəsində Ermənistan daim bizə qarşı hərbi təxribatlar törədirdi. Müzakirə prosesinin müxtəlif dövrlərində fərqli xarakterli təxribatlar baş verirdi. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat törədilirdi, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu. İkinci Qarabağ savaşından öncə – iyul və avqust aylarında da buna oxşar hərbi təcavüz etdi. İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi. Bu təxribat qrupu da zərərsizləşdirildi.
Rəsmi İrəvan hərbi cinayətkardır. Ermənistanın ballistik raketlərlə və artilleriya qurğuları ilə daim bizim şəhər və kəndlərimizi atəşə tutmağının nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular. Tərtər şəhərinə 20 minə yaxın raket düşmüşdür. Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz yaxınlarını, öz qohumlarını, əqrəbalarını itirmiş insanlar da deyirdilər ki, ancaq irəli getməliyik. Yəni, ermənilərin bu qeyri-insani davranışı da onlara heç bir xeyir, mənfəət gətirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında özlərini növbəti dəfə vəhşilər kimi göstərdilər”.
Rəsmi İrəvanın siyasi təxribatları və hərbi cinayətlərini anladan bu sitat Prezident İlham Əliyevin “CNN Türk” televiziyasına son müsahibəsindəndir.
Əlbəttə ki, bütün bu deyilənlər dünyanın gözü qarşısında baş verən hadisələr idi. İstər müxtəlif beynəlxalq masalarda Qarabağ probleminin həlli ilə bağlı müzakirələr aparılan zamanlar olsun, istər II Qarabağ müharibəsinin gedişində Moskvada başlanmış xarici işlər nazirləri formatında keçən danışıqlarda atəşkəs haqqında razılaşma əldə olunanda-yəni, bütün bu mərhələlərdə Ermənistan təcavüzkar siyasətini davam etdirirdi.
Beynəlxalq normalara məhəl qoymadan atəşkəsi uzun illər pozmaqda davam etdi; danışıqlar prosesinə xələl gətirdi və həmişə də bütün günahları Azərbaycanın üstünə atmağa çalışdı. Ən sonuncu atəşkəs razılaşmasının da mürəkkəbi qurumamış Ermənistan həmin sənədin ziddinə getdi, atəşkəsi pozdu. Bununla da bir daha göründü ki, Azərbaycan faşist xislətli, sivil qayda-qanunlar tanımayan, təcavüzkar bir düşmənlə mübarizə aparır.
Bu gün üçtərəfli bəyanata uyğun addımların atılması mərhələsidir. Ermənistan özünü müharibə zamanı necə aparırdısa, çalışır ki, bunu davam etdirsin. Halbuki üçtərəfli bəyanatın bütün müddəalarına əməl etməyə və razılaşmaya məcburdur. Çünki Ermənistanın başqa yolu yoxdur…

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Rəsmi İrəvanın hərbi cinayətləri və yürütdüyü siyasət Ermənistan dövlətçiliyinə təhlükə yaradır

Haqq işi uğrunda apardığımız savaşda hər gün, hər saat uduzan erməni tərəfi heç bir şeyə ümid qalmadıqda insanlığa sığmayan müharibə cinayətinə əl uzatdı-dinc insanları, mülki əhalini raket və artilleriya atəşinə tutdu. Beynəlxalq konvensiyalarla qadağan olunmuş kasset bombalar, orta və uzaq mənzilli raketlər işə düşdü. Gəncə, Bərdə, Tərtər və digər şəhərlərimizdə 100-dən çox dinc sakin bu quduz terrorun qurbanı oldu, yaralanların sayı isə bundan qat-qat çox idi. Möhtərəm Prezident İ.Əliyevin dediyi kimi, o yerlərə gedənlər bu vəhşi əməllərin nəticələrini görüblər, Füzuli, Cəbrayıl, Zəngilanda salamat bir tikili qalmamışdır. Hələ bu azmış kimi tarixi abidələrimizi, milli-mənəvi dəyərlərimiz olan məscidləri və pirləri dağıtmış və yerlə yeksan etmişlər.67 məsciddən 65-i bu və ya digər dərəcədə dağıntıya məruz qalmış, salamat qalanlar da donuz saxlanan yerlərə çevrilmişdir.
Cənab Prezident xalqa müraciətində haqlı olaraq belə bir amili vurğulayıb ki, bu gün erməni cəmiyyətində Azərbaycana qarşı bəslənilən nifrət rəsmi ideologiya kimi qəbul edilir, xalqlar arasında baş verən konflikt əbədi barışmazlıq müstəvisinə qaldırılır. Əlbəttə, bu çox təhlükəli addımdır və bunu təkcə biz demirik. Bütün dünyanın öncül politoloqları, dövlət xadimləri Ermənistan rəhbərliyinin bu avantürist siyasətini ifşa etməkdədirlər. Hətta rəsmi İrəvanın özü də bəzən bu yolun səhv olduğunu etiraf etmək məcburiyyətində qalır. Elə bu günlərdə qonşu ölkənin aparıcı siyasi partiyalarının birinin, respublikaçılar partiyasının sədr müavini, ölkə parlamentinin xarici əlaqələr üzrə komitəsinin sabiq sədri A.Aşotyan keçirdiyi mətbuat konfransında N.Paşinyan hökumətinin bacarıqsızlığını, son bir ildə aparılan danışıqların siyasi proseslərə heç bir təsir etmədiyini və rəsmi İrəvanın irəli sürdüyü platformanın iflasa uğradığını söyləmişdi. Onun təbirincə desək, indiki hakimiyyətə” üzərində öz portreti olan corab və şamlar yox”, vahid siyasi təfəkkür lazımdır.
Peşəkar diplomat və siyasətçi olan cənab İlham Əliyev doğru olaraq qeyd edir ki, rəsmi İrəvan öz xalqına qarşı da cinayət törədib. Belə ki, əgər o, vaxtında torpaqlarımızdan çıxıb getsəydi, bir o qədər tələfat verməzdi və belə biabırçı məğlubiyyətlə üzləşməzdi. Biz ona dəfələrlə təklif etdik, ancaq təəssüf ki, o bunu yalnız biz Şuşanı və daha 70 yaşayış məntəqəsini alandan sonra etdi.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

İşğalın nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilib

Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.
Laçın rayonu ərazisində olan civə, əhəng istehsalına yararlı Laçın əhəngdaşı, istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı, 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri erməni işğalçıları tərfindən talan edilib.
28 il ərzində işğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayıb. Nəhayət Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməklə həm BMT Təhlükəsizlik Şurasının yerinə yetirmədiyi missiyası həyata keçirib, həm də tarixi ədaləti bərpa edib.

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru

 

Rəsmi İrəvanın cinayətləri

Havadarlarının dəstəyi ilə ermənilər tərəfindən XX əsrin əvvəllərindən başlayaraq xalqımıza, torpaqlarımıza, tarixi, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı törətdikləri vandallığı Vətən müharibəsin dövründə də bir daha təkrarladılar. Belə ki, Ağdamda və Kəlbəcərdə olduğu kimi, Laçını da tərk edən ermənilərin vandallığından bütün dünya xəbər tutdu. 10 noyabar 2020-ci il bəyəmnaməsinə əsasən Laçını tərk edən erməni əhalisi 1992-ci ildə rayonun Ermənistan tərəfindən işğalından sonra orada qeyri-qanuni məskunlaşmışdı.
Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçını da tərk edəndə təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Halbuki bu gün təhlükəsiz şəkildə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğal dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc sakin girov götürülüb. Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı işğalçı Ermənistan ordusu tərəfindən qarət olunub. Bir sözlə, bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün növbəti əyani nümunədir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Laçın əhalisinin torpaq həsrətinə son qoyuldu

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları birgə Bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilib. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilib. Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizlədi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu. Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması prosesi başa çatdı.
Qazanılan Zəfər Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazanıldı. Təbii ki, qələbəmizdə xalqımızın cənab Prezidentimizə, ordumuza güclü dəstəyi, cəmiyyətimizdə yüksək vətənpərvərlik ruhu və milli birliyimiz, həmrəyliyimiz mühüm rol oynadı.
44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan bütün torpaqlarımız, o cümlədən Laçın rayonu azad edildi. Bununla da, hazırda respublikamızın 58 rayonunda məskunlaşmış 80 minlik Laçın əhalisinin torpaq həsrətinə son qoyuldu.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

 

Regionun strateji əhəmiyyətini artıran hava limanı

44 günlük Vətən müharibəsinin bizə qazandırdığı tarixi zəfərin ardınca Azərbaycan sürətli şəkildə Qarabağın yenidən bərpası prosesinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan torpaqlarımıza səfəri zamanı 18.06.2021-ci il tarixdə Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Hava Limanı Şərqi Zəngəzurda fəaliyyət göstərməklə hərbi və strateji əhəmiyyəti ilə yanaşı eyni zamanda iqtisadi üstünlüklərə də malik olacaq. Şərqi Zəngəzurun uzun müddət işğal altında qalması onun potensialından istifadə edilməsinə imkan verməyib. Laçın aeroportunun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verməklə turizm potensialının artırılmasına səbəb olacaq. Şərqi Zəngəzur Qafqazda müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı həmin bölgələrimizdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək.

Vəfa Bayramova- Həsən bəy Zərdabi muzeyinin direktoru

 

 

Kapitulyasiya aktı

30 il davam edən Ermənistanın Azərbaycana qanunsuz və əsassız ərazi iddiaları 1991-ci ilin sonu, 1992-ci ilin əvvəllərindən başlayaraq tam miqyaslı müharibəyə səbəb olmuşdur. Nəticədə on minlərlə insan həyatına son qoyulmuş, şəhərlər, kəndlər dağıdılmış, 700 mindən çox azərbaycanlı etnik təmizləməyə məruz qalmış, torpaqlarımızın əhəmiyyətli bir hissəsi Ermənistan tərəfindən işğal olunmuşdur.
Münaqişənin həlli üçün uzun illər hüquqi və siyasi müstəvidə mübarizə aparılmış, bu istiqamətdə haqlı olduğumuzu isbat edən dövlət suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin qəbuluna nail olunmuşdur.
Lakin, bütün bunlara baxmayaraq Ermənistan tərəfi ona edilən tələblərin heç birini yerinə yetirməmişdir. Əksinə mütəmadi olaraq təxribatlar törətməklə qeyri-qanuni əməllərini davam etdirmişlər.
2020-ci il 27 sentyabr tarixində Ermənistanın növbəti təxribat əməlləri onun cəzasız qalmasının nəticəsi idi. Nəticədə dinc sakinlər və hərbiçilər həlak olmuş, yaralanmışdır.
Azərbaycan öz suverenliyi, ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükəni dəf etmək üçün zəruri tədbirlər görmüş, əks əməliyyat həyata keçirərək Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarını, Şuşa şəhərini, eləcə də 300-dən çox qəsəbə və kəndi azad edərək düşməni sülhə məcbur etmişdir.
10 noyabr 2020-ci il tarixində imzalanmış Azərbaycan Respublikası Prezidenti, Ermənistan baş naziri, Rusiya Federasiyası Prezidentinin birgə bəyanatı nəticəsində Ermənistan- Azərbaycan arasında olan silahlı münaqişəyə son qoyulmuşdur. Bütün hərbi əməliyyatlar dayandırılmış və Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan işğaldan azad edilmişdir.
Bu bəyanat bizim illərlə apardığımız haqq işimizin qələbəsi, ədalətin təntənəsi oldu.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına səfərləri

Prezident İlham Əliyevin müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunan rayonlara səfərləri Azərbaycan xalqını qürurlandırır, onun qalib əhval-ruhiyyəsini daha da yüksəldir və fərəhləndirir. Dövlət başçısının hər bir səfəri isə ayrıca önəm daşıyır. Əvvəla, ermənilər tərəfindən dağıdılmış, talan edilmiş şəhər və kəndlər abadlaşır, bunun üçün yeni təməllər qoyulur, açılışlar həyata keçirilir. Bu səfərlər digər bir tərəfdən isə düşmənlərimizin gözünü çıxarır və onların məğlubiyyət yanğılarını daha da artırır.
Fevralın 14-də Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birgə Füzuli, Laçın rayonuna səfəri də bu nöqteyi-nəzərdən olduqca əhəmiyyətli idi.
Prezident İlham Əliyev Laçın rayonunun Güləbird kəndinə gəldi. Bu gəlişin səbəbi isə qısa müddət ərzində inşa edilmiş su elektrik stansiyasının açılışı idi. Odur ki, dövlət başçısı Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı və sözügedən su elektrik stansiyasını işə saldı. Bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyasıdır. Təbii ki, bölgədə digər belə stansiyalar da tikiləcək. Çünki azad edilmiş bütün torpaqlarda su, Günəş, külək enerjisindən istifadə üçün geniş imkanlar var.
Dövlət başçısının işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafına nə dərəcə mühüm əhəmiyyət verdiyinə 30 il ərzində ermənilər tərəfindən darmadağın və viran edilən torpaqlarda artıq abadlıq və quruculuq işlərinə başlanılmasını göstərmək olar.
İşğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı Prezidentin tapşırığının icrası hazırda yüksək surətlə davam etməkdədir.Laçın rayonu strateji bölgə hesab edilir. Prezident İlham Əliyevin bir güllə atmadan
Laçın rayonunudüşmən işğalından azad etməsi möhtəşəm zəfərin nişanəsidir. Məhz, bu mənada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçın rayonuna səfəri tarixi hadisə hesab edilməlidir.
İşğaldan azad olunmuş Laçın rayonu Prezident İlham Əliyevin göstərişi ilə bərpa olunur, cənnətə çevrilir. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfər çərçivəsində Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması bir daha Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi prosesinin sürətlə reallaşdırıldığını isbat edir və Azərbaycan hakimiyyətinin iradəsini nümayiş etdirir.
Laçına təkrar olaraq reallaşdırılmış səfərin önəmi böyükdür. Belə ki, səfər gedişatında dövlət başçısının verdiyi bəyanatlar, açılışını etdiyi tikinti layihələri, yeni müəssisələrin bünövrəsinin qoyulması, bir sözlə, səfərin hər məqamı xüsusi əhəmiyyət daşıyır. Özəlliklə də işğaldan azad edilmiş ərazilərimizdə, mürəkkəb relyefə malik yerlərdə nəhəng infrastruktur layihələrinin icra edilməsi çox çətin və mürəkkəb olsa da, bir o qədər də qürurvericidir.
Qarabağın, bu gözəl yurdun otuz ilə yaxın davam etmiş işğalı zamanı aldığı yaraları görmək bizi çox ağrıdır. Önəmlidir ki, bu gün müstəqil Azərbaycan dövləti zaman baxımından olduqca qısa bir müddət ərzində icra miqyası böyük layihələri həyata keçirmək niyyətindədir.  Laçının siması yenilənəcək, müasirləşəcək və eyni zamanda, öz qədimliyini, tarixiliyini qoruyub saxlayacaq.
Azərbaycanın dövlət başçısının Laçın rayonuna səfəri məhz qalib ordunun Müzəffər Ali Baş Komandanının bəyanatları olaraq yadda qaldı. Cənab İlham Əliyev bölgədə hazırda mövcud olan hərbi-siyasi vəziyyəti qiymətləndirdi, bədnam qonşumuz Ermənistana və onun “göz yaşlarını” silənlərə konkret mesajlar verdi. Burada dövlətimizin əldə etdiyi nailiyyətlər, malik olduğumuz qüdrət və gələcəyə hesablanmış fəaliyyət planımız ifadə olundu.
44 günlük Vətən müharibəsində məhz Laçın rayonunun genişmiqyaslı döyüşlər aparılmadan azad edilməsi xüsusilə qeyd edilməlidir. Azərbaycan Prezidentinin diplomatik məharəti, şanlı Ordumuzun qüdrəti, 44 gün içində əldə edilmiş Zəfər və bu zəfərə aparan uğurlu hərbi nəticələr işğalçını  anlaşmaya gəlməyə, üç rayonu tərk etməyə, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycanın Silahlı Qüvvələri Kəlbəcər istiqamətində döyüşlərin ilk günlərində irəliləyişlərə nail olmuşdu. Belə ki, Murovdağ və ətrafındakı strateji yüksəkliklər azad edilmiş, bununla da düşmənin Basarkeçər-Kəlbəcər yolundan istifadəsinin qarşısı alınmış, bir sözlə, düşmənin hərəkətləri məhdudlaşdırılmışdır. Ordumuzun igid əsgərləri nəinki düşmənin, heç kimin təsəvvür etmədiyi uğurlar və üstünlüklər qazanmışdı. Lakin həmin uğurları Kəlbəcərin bütün ərazisi boyu davam və inkişaf etdirmək çoxsaylı itkilər olmadan qeyri-mümkün idi.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi-siyasi uzaqgörənliyi də məhz bu məqamda özünü büruzə verdi.  Rəşadətli Azərbaycan Ordusu müharibə ilə islah etdi, düşməni danışıqlar masasına oturtdu və öz iradəsini diktə etdi. Müharibədən əvvəl əldə olunmuş hərtərəfli inkişaf, nəhəng iqtisadi potensiala əsaslanmaqla dövlətimiz, xalqımız həm qalib gəldi, həm də bu gün nəhəng tikinti-quruculuq layihələri həyata keçirir. Kəmfürsət erməni xalqı hələ tam ayılmayıb, qaragüruhçuların bəd niyyətlərinə uyur, öz məkrli planlarında hələ eşələnir, bir-biri ilə didişir. Azərbaycan isə torpaqların azadlığından abadlığına doğru hər gün irəliləyir. Ən müasir yollar salınır, körpü və tunellər inşa edilir, dəmir yolu çəkilir, hava limanı tikilir.
“Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq” – dövlət başçısının bu sözləri qürurvericidir.
Bizə fərəh hissi yaşadan Müzəffər Ali Baş Komandana,  qəhrəman Ordumuza xalqımız çox minnətdardır. Bu sözlərdə qətiyyət, siyasi və hərbi-strateji müdriklik ifadə olunur. Ermənistanda cücərdilməyə başlanan “revanşizm” meyillərinə verilən aydın və kəskin cavabdır.
Laçın rayonunun düşməndən azad edilmiş Güləbird kəndində Azərbaycan bayrağını Müzəffər Ordunun Ali Baş Komandanı kimi qaldırdığını deyən dövlət başçısı bu bayrağın altından Azərbaycan xalqına doğma Laçın diyarından müraciət etdiyini qeyd edərək, bildirib ki, bizim Qələbəmiz tarixi Qələbədir: “Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Beləliklə, Prezident İlham Əliyevin başçılığı ilə bölgədə yeni prosesləri seyr etməkdəyik. Erməni işğalçıları torpaqlarımızdan qovulub, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə start verilib. Artıq 2021-ci il dövlət büdcəsində işğaldan azad olunan ərazilərdə bərpası və yenidənqurma işlərinin aparılması üçün maliyyə təminatı da yaradılıb. İlkin rəqəmlərə görə işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası 2,2 milyard manat nəzərdə tutulub.
Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.
Beləliklə, dövlət başçısının “Qarabbağı cənnətə çevirəcəyik” ifadəsi artıq real icra prosesindədir. Şübhə yoxdur ki, olduqca sürətlə aparılan və qısa müddətdə – 44 günə düşmənin diz çökməsi ilə nəticələnən Vətən müharibəsi kimi, Qarabağın bərpası da eyni sürətlə aparılacaq və ən qısa zamanda illərdir gözlədiyimiz “Böyük Qayıdış” baş tutacaq.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

 

RAYONUN İŞĞALI

Laçın rayonu 1992-ci ildə Şuşa şəhərinin işğal edilməsindən 10 gün sonra işğala məruz qaldı. Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonunun coğrafi mövqeyi böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Laçının işğalından sonra Ermənistan üçün bu yol açıldı. Şuşa işğaldan azad edildikdən qısa müddət sonra Laçın da azadlığına qovuşdu. Bununla da, hazırda respublikamızın 58 rayonunda məskunlaşmış 80 minlik Laçın əhalisinin torpaq həsrətinə son qoyuldu.
Fevralın 14-də Laçının işğaldan azad olunmasından iki ay yarım keçməmiş artıq rayonun Güləbird kəndi ərazisində Azərbaycan Respublikasının möhtərəm Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının iştirakı ilə Su Elektrik Stansiyasının açılışı həyata keçirildi. Möhtərəm Prezident Güləbird kəndində çıxışı zamanı bildirdi ki, “ Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi. Danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın.” Ali Baş Komandanın iradəsi və müzəffər Azərbaycan ordusunun şanlı qələbəsi nəticəsində bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinə start verilmişdir. Yol, işıq mədəniyyətdir. Cənab Prezidentin Sərəncamlarına əsasən ilk olaraq işğaldan azad olunmuş torpaqlarımıza yollar çəkilməyə başladı. İlk Su Elektrik Stansiyası isə Laçında açılmaqla həm dünya dövlətlərinə, həm də ölkə daxili opanentlərə mesaj verildi ki, biz tutduğumuz yola sadiqik. Tarixi ədalət bərpa olunub. İndi isə bərpa işləri gedir. Bu Su Elektrik Stansiyası Laçın rayonunun cənubunun və ətraf ərazilərdə yerləşən digər infrastruktur layihələrinin elektriklə təmin edilməsində, yaxın dövrlər üçün böyük əhəmiyyətə malikdir. Bu isə onu göstərir ki, bölgədə infrastrukturun inkişafı əsas prioritetdir və müzəffər Ali Baş Komandanının rəhbərliyi altında buna nail olacağıq.
Bu gün hər bir Laçınlı əmindir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağ cənnətə çevriləcək, işğaldan azad olunmuş bu gözəl məkanda həyat yenidən canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcəkdir. Bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq.

Xanım İmanova- Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki