image-970_50
image-005

10 noyabr bəyanatı: İrəvanın kapitulyasiyası, Bakının əlinin güclənməsi, üçlük formatında maraqlar – TƏHLİL

image-728_90

Azərbaycanla Ermənistan arasında müharibəni başa çatdıran 10 noyabr üçtərəfli bəyanatının (Azərbaycan, Rusiya, Ermənistan) imzalanmasından bir il ötür.

Bu bəyanat Ermənistanın biabırçı kapitulyasiyası idi, üç rayonun (Ağdam, Kəlbəcər, Laçın) döyüşsüz qaytarılması isə Azərbaycanın əlavə itki vermək risklərini aradan götürdü.

Sonrakı proseslər

Bu bəyanat Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatların məntiqi davamı idi, bu sənəd postmünaqişə dövründə hərbi gücün yaratdığı diktənin diplomatiyaya keçidinə zəminlər yaradan strategiyanın başlanğıcı idi.

Türkiyə bəyanatın tərəflərindən olmasa da, həmin sənəddə keçən bir cümləni Bakı-Ankara hərbi əməkdaşlığının güclənməsini şərtləndirən amil kimi dəyərləndirə bilərik.

Söhbət həmin bəyanat əsasında Ağdamda yaradılan Atəşkəsə Nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən gedir,

Bununla Türkiyə:

1. Rəsmi qaydada mübahisəli məsələlərin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayır.

Ankaranın mövqeyində Qarabağ məsələsinin prioritet olmasının indikatorları isə göz önündədir:

– Ankaradan verilən bəyanatlar, Ermənistana sülh çağırışları prioritetlər sırasındadır;

– Türkiyə şirkətlərinin Qarabağda yenidənqurma işlərində iştirakı Ankaranın Qarabağın iqtisadi təhlükəsizliyinə də zamin durduğu anlamını verir;

– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan postmünaqişə dövründə Şuşaya səfər etdi, burada Prezident İlham Əliyevlə birgə Şuşa Bəyannaməsi imzalandı;

– Bir neçə ay sonra isə Türkiyə lideri Füzuli Beynəlxalq Hava Limanının açılışına qatıldı, həmin gün Zəngilana da səfər etdi.

2. Ankara-Moskva körpüsündə təmaslarda Türkiyə Azərbaycanla strateji müttəfiqlik xarakterinin ruhuna uyğun olaraq Bakının maraqlarını önə çıxarır. Bu isə Bakı-Ankara-Moskva xəttində müştərək maraqların yaranmasına səbəbiyyət verən tendensiyadır.

Üçtərəfli bəyanatın 9-cu bəndinin, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının icrası üçün əlavə bir sənədin hazırlanması zərurətini ortaya çıxarırdı. Buna görə də, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında 2021-ci ilin 11 yanvarında növbəti üçtərəfli bəyanata imza atıldı.

11 yanvar bəyanatı 10 noyabr bəyanatının iqtisadi aspektlərinin tam gücü ilə işləməsinə stimul verən sənəddir.

Ancaq, bu bəyanat da Azərbaycanın əlini gücləndirdi, belə ki, 2021-ci ilin başlanğıcından etibarən həmin sənədin müddəaları Bakıya hərbi-siyasi faydalar gətirən faktora çevrildi.

Bakı İrəvanın etirazlarına baxmayaraq, postmüharibə dövründə regionun yeni şəkilləndirilməsinin təməl daşı hesab olunan Zəngəzur dəhlizinin reallaşmasında tündləşdirici rənglər qarışdırılmaması üçün mühüm addımlar atdı. Söhbət Azərbaycanın Ermənistanla sərhədlərin müəyyənləşməsini hərbi prioritetlər sırasına daxil etməsindən gedir.

Azərbaycan Ordusunun Ermənistanla sərhəddə strateji yüksəkliklərdə mövqelənməsi, Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycan ərazisindən keçməsi, bu ilin yayında Naxçıvanda böyük əhəmiyyət kəsb edən möhkəmlənmə koridorunun işləməsi üçün Bakının şərtlərinin həyata keçirilməsidir.

Bu koridorun açılması məsələsində Türkiyə ilə yanaşı, Rusiya da maraqlıdır, yəni Zəngəzur dəhlizi Bakı-Ankara-Moskva üçbucağında ortaq iqtisadi maraqlar yaradan platforma rolunu oynayır.

10 noyabr bəyanatına əsasən, Rusiya sülhməramlı qüvvələri Azərbaycanın bir sıra ərazisinə müvəqqəti (5 il müddətinə) yerləşdirildi.

Ancaq bu, heç də o mənaya gəlmir ki, Azərbaycan həmin ərazilərə öz yurisdiksiyası nəzarətindən çıxarır, Azərbaycan siyasi cəhətdən mövqelərini möhkəmləndirmək üçün bu ilin iyulun 7-də tarixi sayıla biləcək bir sənədə imza atdı.

İlham Əliyevin həmin tarixli fərmanına əsasən, Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları Qarabağ İqtisadi Rayonun tərkibinə, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları isə Şərqi Zəngəzur iqtisadi rayonunun bölgüsünə daxil edildi.

Bununla da sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazinin Azərbaycanın yurisdiksiyasında olduğu Prezidentin fərmanında əksini tapdı.

Açıq qalan məsələlər

10 noyabr bəyanatından sonrakı proseslər onu göstərdi ki, həmin üçtərəfli bəyanatın əksər bəndləri yerinə yetirildi, İrəvan buna mane olmağa çalışsa da, onun mövqeyindəki qeyri-konstruktivlik öz başında partladı.

Bəyanatın 6-cı maddəsində bildirilir ki, Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

Bu, nə deməkdir?

İzahını verməyə çalışaq. Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Laçın şəhəri o dəhlizin ortasında qalır. Azərbaycan isə təklif edir ki, yeni bir dəhliz inşa edilsin. Bunun üçün üç il müddət nəzərdə tutulub.

Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın dəhlizi Laçın şəhərini əhatə etməyəcək.

Hələlik bu məsələ ətrafında açıq suallar qalmaqdadır, ancaq Bakının əli gücləndikcə bunu da reallaşdıracağına əminlik çoxdur. Açıq sualların qalması isə Ermənistanın nümayiş etdirdiyi qeyri-müəyyən davranışlarla əlaqədardır.

Digər açıq qalan məsələ isə bəyanatın 4-cü maddəsinin icrasında yaranan problemlərdir. Belə ki, sülhməramlıların nəzarət zonasında qalan erməni separatçılar (söhbət “hərbçi” kimi təqdim olunan yaraqlılardan gedir) ərazidən çıxmaq əvəzinə həyasız addımlara yol atırlar. Bu, azmış kimi, ara-sıra hərbi təxribatlara da yol verirlər, amma Azərbaycan Ordusunun adekvat cavab tədbirləri ilə yerlərində otuzdurulurlar.

Separatçıların mənəvi dünyasındakı revanşizm duyğularını qidalandıran səbəblərdən biri də Rusiya sülhməramlı qüvvələrinin mandat və funksiyalarından kənar presedentlər yaratmasıdır.

Bu, zamanla Bakının narazılığına səbəb olsa da, hazırda Azərbaycan sülhməramlıların fəaliyyətinin ümumi cizgisindən razıdır.

NƏTİCƏ:

1. 10 noyabr bəyanatı sülh müqaviləsinin rüşeymi rolunu oynadı;

2. Bəyanatdan sonra Azərbaycan Ermənistan üzərində hərbi-siyasi qüdrətini yeni fazaya daxil etdi;

3. Yeni siyasi reallıqda Azərbaycan-Türkiyə-Rusiya üçlük formatı ön plana çıxdı;

4. 10 noyabr bəyanatı Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi, bundan sonra Ermənistanda ictimai-siyasi, intellektual böhran dərinləşərək uçuruma yuvarlandı.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki