image-qanunla-reklam
image-bank-novbe

Banklar ölkəyə valyuta gəlməsinə imkan vermir

image-lady-day-az

Yutubdan pul qazanırsansa, o pulu əldə etmək üçün VÖEN-ə bağlı bank hesabın olmalıdır. Yəni qazancın məbləğindən asılı olmayaraq, sən sahibkar kimi qeydiyyatdan keçməlisən. Təəssüf ki, Yutub gəlirlərini banklar cari hesaba köçürməkdən imtina edirlər.

Bu sözləri Qanunla.Az-a tanınmış jurnalist və yutuber Bahadur Seyidov ölkəmizdə fəaliyyət göstərən yutuberlərin problemləri barədə danışarkən deyib.

“Hər kəs Yutubdan yüksək məbləğdə pul qazanmır. Xırda kanalların əksəriyyəti ayda 100-150 manat gəlir əldə edir. İndiki qaydalara əsasən, deyək ki, Yutubdan aylıq 100 manat qazanmısan. Bu məbləğdən 62,5 manat Dövlət Sosial Müdafiə Fonduna, 10 manat İcbari Tibbi Sığortaya, təxminən 5 manat da nağdlaşdırma və vergiyə verməlisən. Bu da hardasa 77 manat edir. Üstəlik, Yutub qazandığın 100 manatı sənə olduğu kimi göndərmir. Təxminən 10 dollara yaxın banklararası transfer üçün ödəniş çıxır. Deməli, belə olur: aldım qoz, satdım qoz, mənə qaldı şaxşaxı. Nəzərə alaq ki, bu gün Azərbaycanda 100 minə yaxın Yutub kanalı var. Bu kanalların hər birindən ay ərzində ortalama 70 dollar daxil olsa, bu, ölkəyə ayda kənardan 7 milyon əlavə dollar gəlməsi deməkdir. Amma çox adam belə problemlər üzündən başladığı işi yarımçıq qoyur. Düzdür, alternativ variantlar da mövcuddur. Məsələn, pul Yutuba yığılır, sən onu ildə bir dəfə çıxarırsan. Tutaq ki, ildə 700 dollar. Onda təbii ki, təxminən 100-120 manata canını vergidən və digər xərclərdən qurtara bilərsən. Yəni hansısa VÖEN-i olan sahibkardan xahiş edirsən ki, mənim pulum sənin hesabına köçsün, sən nağdlaşdırıb mənə ver”, – jurnalist bildirib.

B.Seyidovun sözlərinə görə, hazırda Yutubla məşğul olanların əksəriyyəti gənclərdir:

“Bu gənclərin çoxunun VÖEN-i olan biznesmen tanışları yoxdur. Onların çoxunun ay ərzində yığılan 100-150 manata ehtiyacı var. Ancaq bankların hamısı ayda Yutubdan 100 manat gəlir əldə edəni belə sahibkar kimi tanıdığı üçün əksəriyyət bu gəlirdən imtina edir. Nəticədə isə ölkəmizə, məsələn, ayda 5-6 milyon valyutanın gəlməsinin qarşısı alınır, üstəlik, yutuberliyə ağır zərbə vurulur. Çünki əksəriyyət bu maneəyə görə yutuberlik etmir. Halbuki həmin ayda 100 manat qazananlar bir müddət sonra fəaliyyətlərini genişləndirə və doğrudan da sahibkara çevrilə, məsələn, ayda yüksək məbləğ qazana bilər. Bu isə ölkəyə əlavə valyuta daxil olması, eyni zamanda əlavə iş yeri deməkdir”.

B.Seyidov deyib ki, vergi sistemi və banklar bu məsələdə özləri təşviqatçı olmalı, şərait yaratmalıdırlar:

“Hər bur yutuber cüzi də olsa, banka valyuta daxil olunmasında rol oynayır, üstəlik, bankın müştərisinə çevrilir, bank ən azı trasferlərdə öz xeyrini götürür. Başqa sözlə, bank və vergi burda bir sistem yaradaraq, gəncləri təşviq edə bilərlər. Məsələn, ayda cəmi 100-200 manat qazanan şəxsi sahibkar kimi tanımaq əvəzinə, fərdi qaydada onun hesabına vəsaiti köçürə, eyni zamanda cüzi vergi də tətbiq edə bilərlər. Məsələn, hazırkı 1,5 faiz vergini birbaşa o hesabdan götürə bilərlər, eyni zamanda, bank da öz mənfəətini götürməkdə davam edər. Nəticə etibarilə bir limit tətbiq edə bilərlər. Yutubdan aylıq gəliri, məsələn, stabil olaraq 1500-2000 dollar olan şəxsləri sahibkar kimi tanıya bilərlər. Bu məbləğ artıq sahibkarlıq üçün keçərlidir. Çünki aylıq bu məbləği qazanan bir köməkçi də götürə biləcək. Onda hazırkı şərtləri tətbiq etmək və şəxsi sahibkar kimi tanımaq olar.

Ümumilikdə, Yutub qazancları Azərbaycan üçün yeni sahədir. Xaricdən ölkəyə əlavə valyuta gəlişini təmin etməyin özü elə dövlətə xeyir verməkdir. Bu sahəni inkişaf etdirmək üçün mütləq şəkildə yeni, təşviqedici yanaşmalar sərgiləmək lazımdır. Əks halda dövlət də itirəcək, banklar da və gənclərin də fərqli istiqamətdə fəaliyyət imkanı üzlərinə qapanmış olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki