image-qanunla-reklam
image-lavrov-mirzoyan

Lavrovun Mirzoyanla görüşdə bu sözü vurğulaması… – Türk ekspert

image-lady-day-az

Türkiyənin Avrasiya İncələmələri Mərkəzinin (AVİM) Qara dəniz və Qafqaz üzrə mütəxəssisi Turqut Tuncel Kərəmin Qanunla.Az-a müsahibəsi:

– Turqut bəy, Qarabağla bağlı vəziyyəti necə dəyərləndirirsiniz?

– İkinci Qarabağ müharibəsinin sona çatmasının üzərindən təxminən 10 ay keçdi. Bu müddət ərzində 10 noyabr bəyanatında öz əksini tapan bəzi önəmli məsələlərin həyata keçirilməsində məsafə qət edilə bilmədi. Bu vəziyyət bölgədə sabitliyin və son nəticədə uzun müddətli sülhün bərqərar edilməsinə mənfi təsir göstərir. Azərbaycan bəyanatın 9-cu maddəsində göstərildiyi kimi, iqtisadi əlaqələrin və kommunikasiya xətlərinin, xüsusilə ölkənin əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizinin açılması üçün təzyiq göstərməyə davam edir. Bundan başqa bəyanatın 4-cü maddəsində təsbit olunduğu kimi, Qarabağda rus sülhməramlılarının müvəqqəti yerləşdirildikləri yerlərdən erməni əsgərlərinin çıxarılması da Azərbaycanın əsas tələblərindəndir. Bu iki əsas məsələdə Ermənistan öz məsuliyyətini yerinə yetirməkdən boyun qaçırır. Bu fakt öz-özlüyündə Ermənistanın 10 noyabr üçtərəfli bəyanatının tam mənası ilə gerçəkləşdirilməsinə əngəl olan tərəf olduğunu sübut edir. Bəyanatın şərtlərinin yerinə yetirilməməsi bu sənədi getdikcə etibarsızlaşdıran, qüvvədən salan bir nəticəni ortaya çıxarır. Vəziyyətin belə davam etməsi bölgədəki təhlükəsizliyi, sülhü və sabitliyi təhdid edir.

– Ermənistanın son vaxtlar Azərbaycan sərhədində törətdiyi təxribatlarının pərdə arxasında hansı məqsədlər dayanır?

– Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra işğala görə son 30 ildə həyata keçirilməyən sərhədlərin delimitasiya və demarkasiya məsələsi gündəmə gəldi. Əgər prosesi hüquqa uyğun şəkildə həyata keçirmək mümkün olsa, Ermənistan Gürcüstan və İran ilə onu birləşdirən yollar və bəzi su mənbələri, həm də mədənlər üzərində nəzarəti itirəcək. Ermənistanın Azərbaycan sərhədlərində təxribatçı fəaliyyətlərinin arxasında delimitasiya və demarkasiya prosesini əngəlləmək məqsədi dayanır. Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyasını hüquqa uyğun şəkildə gerçəkləşdirilməsini istəsə də, Ermənistan bunun Qarabağın “statusu”nun təyin edilməsi məsələsi ilə birlikdə müzakirə edilməsini istəyir. Azərbaycan isə artıq “status” məsələsinin gündəmdə olmadığını deyir. Prosesin Ermənistan tərəfindən əngəlləməsinə cavab olaraq Azərbaycan əgər ehtiyac yaranarsa, hərb variantından da istifadənin mümkünlüyü mesajını verir. Bunlarla yanaşı, Ermənistan Qarabağ məsələsinin həll edilə bilmədiyi görüntüsü yaradaraq “status” məsələsinin yalnız ATƏT-in Minsk Qrupu çərçivəsində müzakirəsinin effektiv ola biləcəyi haqqında beynəlxalq ictimaiyyətə mesajlar verməyə çalışır. Yəni məsələnin bir də propoqanda tərəfi var.

– Sergey Lavrov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın birgə mətbuat konfransında Lavrov 10 noyabr bəyanatına qədər müharibə dövründə əsir düşən hərbçilərin qarşılıqlı şəkildə təhvil verildiyini və Azərbaycanın həbs etdiyi erməni əsgərlərinin bəyanatdan sonra yaxalandığını dedi. Sizcə, bunu Rusiyanın mövqeyində müsbət bir dəyişiklik kimi dəyərləndirmək mümkündürmü?

– Əslində, Lavrovun açıqlaması Rusiyanın bu məsələdə mövqe dəyişdirdiyi anlamına gəlmir. Əvvəllər də bu haqda Rusiyadan oxşar açıqlamalar verilib. Ancaq sözügedən açıqlamanın önəmi onun Ararat Mirzoyanla birlikdə keçirilən mətbuat konfransında verilməsidir. Yəni Lavrov Ermənistana bu tələbdən imtina etmələri üçün mesaj da verə bilər. Məncə, Qarabağ məsələsində Rusiyanın mövqeyində heç bir dəyişiklik yoxdur. Rusiya öz milli maraqları və strategiyası istiqamətində addımlar atır. Rusiya hazırkı vaxtda Cənubi Qafqazda nisbətən sabitliyin mövcud olmasında maraqlıdır və buna görə bəzi məsələlərdə Azərbaycanla eyni şeyləri istəyir. Ancaq bu bizi yanıltmamalıdır. Məsələn, son günlərdə Ermənistan mətbuatında Rusiya ilə ortaq hava hücumundan müdafiə mexanizmlərinin formalaşdırılmasına dair görüşlərin keçirildiyi xəbərləri verilir. Bu ortaq fəaliyyətdə məqsəd və hədəfin nə olduğunu düşünmək lazımdır. Rusiyanın bölgəyə aid siyasətində ən önəmli məqamlardan biri 10 noyabr bəyanatına uyğun olaraq Azərbaycan və ya Ermənistanın tələbi olarsa, rus sülhməramlılarının bölgəni 5 il sonra tərk etməsi məsələsidir. Ermənistandan belə bir tələbin gəlməsi ağlabatan deyil. Lakin Azərbaycan rus sülhməramlılarının çıxarılması tələbini irəli sürə bilər. Burda əsas verilməli sual isə budur: Rusiya bəyanata uyğun şəkildə 5 il sonra Qarabağı tərk edəcəkmi, yoxsa burada qalmaq üçün yeni bir münaqişənin ortaya çıxmasına imkan verəcək?


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki