image-qanunla-reklam
image-5b1fd42da3115_agstafada-evden-17-min-manata-yaxin-pul-ogurlandi

141 min manat mənimsəyən “Vergi Xidməti işçisi” HƏBS EDİLDİ

image-lady-day-az

Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının nüfuzuna xələl gətirən Çingiz Məcnunzadənin qanunsuz hərəkətləri ilə bağlı həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan Qanunla.Az-a verilən məlumata görə, aparılan istintaq-əməliyyat tədbirləri ilə Çingiz Məcnunzadənin İmamqulu Quliyev, Elşad Xəlilov və Qoşqar Bağırzadə ilə qabaqcadan əlbir olub özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi nəticəsində zərər görən sahibkarlara 5 min manat məbləğində birdəfəlik maddi yardımının edilməsi və vergi ödəyicilərinin borclarının silinərək müvafiq hesablarına tətbiq olunan məhdudiyyətlərin ləğv edilməsinə dair yalan vəd verərək həmin orqanın səlahiyyətli vəzifəli şəxslərinə verilməsi adı ilə ayrı-ayrı şəxslərdən ümumilikdə 141 min manat məbləğində pul vəsaitini təkrar dələduzluq yolu ilə ələ keçirməsinə, eləcə də vətəndaşı vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Çingiz Məcnunzadə və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq – təkrar törədildikdə), 178.2.4 (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, Çingiz Məcnunzadə barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki