20 Yanvar faciəsinin 35-cü ildönümü
1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində həm kədərli, həm də qəhrəmanlıqla dolu bir səhifədir. Bu hadisə 1987-ci ildən başlayaraq azərbaycanlıların Ermənistandan deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin doğurduğu gərginliyin nəticəsi idi. Sovet rəhbərliyi bu gərginliyi aradan qaldırmaq əvəzinə, xalqımıza qarşı dəhşətli bir cinayət törətdi.Yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıya və Azərbaycanın digər rayonlarına yeridildi. Ağır texnika və silahlardan istifadə edilərək dinc əhali qətlə yetirildi. Hadisə zamanı 147 nəfər öldürüldü, yüzlərlə insan yaralandı və qanunsuz olaraq həbs edildi. Şəhərə ciddi maddi ziyan vuruldu. Bu əməliyyat nəticəsində Sovet imperiyası Azərbaycanda bütün siyasi və hüquqi dayaqlarını itirdi. 20 Yanvar faciəsinin siyasi qiymət alması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O, faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımızla bir olduğunu bəyan etdi və bu qanlı hadisəni totalitar kommunist rejiminin cinayəti kimi qiymətləndirdi. 1994-cü ildə Milli Məclis tərəfindən 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi və şəhidlərin xatirəsi əbədiləşdirildi.20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq hərəkatının zirvəsi kimi yadda qalıb. Bu hadisə xalqımızın azadlıq və müstəqillik uğrunda dönməz iradəsini nümayiş etdirdi. Dünya azərbaycanlılarının təşkilatlanması və milli kimliyin formalaşması da bu hadisənin təsirindən qaynaqlanır. Hər il 20 Yanvar günü şəhidlərimizin xatirəsi böyük ehtiramla yad edilir. Şəhid ailələrinə və hadisə ilə əlaqədar əlillərə dövlət tərəfindən xüsusi qayğı göstərilir. Bu hadisə tariximizdə həm faciə, həm də ləyaqət və qəhrəmanlıq nümunəsi kimi qalır. 20 Yanvar xalqımızın azadlıq yolunda verdiyi qurbanların unudulmaz simvoludur.
Zərdab şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin tarix müəllimi Sadıqova Ülkər
“Bakı əməliyyatı”
Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibovun 1989-cu il dekabrın 25-də yazdığı xatirələrindən “respublika KP MK-nın birinci katibi Əbdürəhman Vəzirov məno yanına çağırıb dedi: fəlakət yaranır və biz Moskvadan kömək istəməliyik. Bizim Daxili İşlər Nazirliyinin dəbilqə və dəyənəklə təchiz olunmuş öz daxili qoşunlarımız yox idi. Onlar ancaq Moskvadan gələn əmrlərə əməl edirdilər. Biz Daxili İşlər Nazirliyinə və Nazirlər Şurasına qoşun göndərməyi xahiş etdik, əks halda böyük fəlakət baş verə bilər”. SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan istiqlal hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi vəziyyətin zəruri olduğunu müdafiə edirdilər. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi siyasi təşkilatı Azərbaycan milli hərəkatının rəhbəri oldu. Bunun fonunda 1990-cı il yanvarın əvvəlində və ortalarında ermənilərlə azərbaycanlilar arasında toqquşmalara çevrilmiş Bakıda kommunist hökumətinə qarşı ölkədə kütləvi nümayişlər keçirildi. Fövqəladə vəziyyət elan olunana qədər 82 nəfər ölüb, 21 nəfər yaralanıb. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra və sonrakı günlərdə daha 21 nəfər həlak olub. Daha 8 nəfər fövqəladə vəziyyət elan olunmayan ərazilərdə – yanvarın 25-də Neftçalada, 26-da isə Lənkəranda həlak olub.
Sovet Ordusu qoşunlarının Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması nəticəsində 131 nəfər həlak olmuş, 400 nəfər həbs edilmiş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüşdür. Hərbçilərin yandırıcı güllələrdən açdığı yanğın nəticəsində 200 ev və mənzil, 80 minik avtomobili, o cümlədən təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak dağıdılıb. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polislər də var. 1990-cı il yanvarın 22-də AzSSR Ali Sovetinin növbədənkənar sessiyası keçirildi və orada baş vermiş hadisələrə siyasi qiymət verildi. Azərbaycan SSR Ali Sovetinin hadisələri araşdıran Komissiyasının Bəyanatında qeyd edilirdi ki, müttəfiq hakimiyyət orqanları Azərbaycan SSR-in suveren hüquqlarına etinasız yanaşır, SSRİ-nin yaradılması haqqında Müqavilənin şərtlərini, SSRİ Konstitusiyasını və Azərbaycan SSR Konstitusiyasını pozurlar. Yanvarın 22-də ölənlərin dəfn mərasimi keçirilib. Bu hadisələr Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olub, 20 Yanvar isə respublikada qeyri-iş günü olub
Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev