20 Yanvar – müstəqillik mübarizəsinin qəhrəmanlıq tarixi
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazılan 20 Yanvar faciəsi əzmkarlığın, vətənpərvərliyin qüdrətinin zəfər salnaməsidir.
20 Yanvar təqvimdə adi gündür, xalqın tarixində xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi mübarizənin şərəfli tarixidir.
20 Yanvar faciəsindən 35 il keçir.
1990-cı ilin 19 yanvar gecəsi sovet imperiyası Azərbaycana qoşun yeritdi. Həmin gecə törədilən faciə, hərbi təcavüz tarixdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Azadlıq, müstəqillik mücahidlərinin qətlə yetirilməsi, yaralanması totalitar sovet rejiminin mahiyyətiydi; azərbaycanda milli-azadlıq hərəkatı rus imperiyasının siyasi dayaqlarını titrətdi.
Vaxt keçdikcə qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilən yanlış qərarlar, onların nəticələri olan ağır fəsadlar hələ dünyəvi qiymətini almasa da, mahiyyət pislənildi. Bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq xalqımızın göstərdiyi böyük qəhrəmanlıq hər bir azərbaycanlını qürurlandırır.
Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı idi. 20 Yanvar faciəsi sovet rejiminin erməniliyə meylinin, erməniliyə görə antiazərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu qırğın Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mubarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq üçün törədilmişdi. Sovet imperiyası Azərbaycan xalqının iradəsini qıra bilmədi.
Qanlı Yanvar milli-azadlıq hərəkatının daha da yüksəlməsinə səbəb oldu və nəticə etibarilə Azərbaycanın müstəqilliyini bərpa etməsinin qarşısını ala bilmədi. 70 il ərzində müstəqilliyini bərpa etmək arzusu ilə yaşayan xalqımız nəyə qadir olduğunu sübut etdi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqilliyi uğrunda mübarizədən ayırmaq, onu qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
32 ildir ki, xalqımız bu günü Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir.
1990-cı ilin yanvarın ortalarında SSRİ Müdafiə və Daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin on minlərlə əsgər və zabiti Bakıya və şəhər ətrafındakı hərbi hissələrə yerləşdirildi. Bu ordu hissələrinin tərkibinə Stavropol, Rostov və Krasnodardan əsasən erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları cəlb edilmişdilər.
1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Soveti hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən, yanvarın 19-dan 20-nə keçən gecədən etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman qəbul etmişdi.
Yanvarın 19-da SSRİ DTK-nın “Alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladıldı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırmaq mümkün olmasın, yəni, qırğının miqyası bu şəkildə artırılsın.
Fövqəladə vəziyyət yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməliydi, ancaq qoşun hissələri yanvarın 19-da saat 21:00-dan etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ Müdafiə naziri Dmitri Yazov, SSRİ Daxili İşlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirmişdilər.
Yanvarın 20-də bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutmuşdu. Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılandı. Qardaş Türkiyədə Bakıda törədilən cinayətlərə sərt reaksiya verildi, ölkənin hər yerində mitinq və nümayişlər keçirildi.
Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini dövlətin mühüm vəzifələrindən biri kimi qarşıya qoyub…
35 ildir ki, xalqımız bu günü Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir.
1990-cı ilin 20 Yanvar qırğını nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli-azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Müstəqil Azərbaycan dövlətinin tarixində 20 Yanvar faciəsi həm də mübarizlik, qəhrəmanlıq tarixi kimi xatırlanacaq…
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri