image-qanunla-reklam
image-g_31706857578

2007-ci il “Gənclər ili” elan olunmuşdur

image-lady-day-az

2007-ci il “Gənclər ili” elan olunmuşdur

Gənclik böyük və tükənməz bir qüvvədir. Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan , dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran  , əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir. Buna görə də inkişaf və inteqrasiya məhz gənclərlə addımlayır. Dövlətin və cəmiyyətin gələcəyi gənclərdir və gələcəyini düşünən dövlət gənclərin inkişafına qayğı göstərir. Gənclərin inkişafına yardım edən hər bir dövlət  bununla öz xoşbəxt və firavan gələcəyini təmin edir.

Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində öz intellekti və  fəallığı ilə seçilir. Respublikada bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənc nəslin inkişafı  üçün yaradılan geniş imkanlar onları hal-hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevirib. Ötən əsrlə müqayisədə gənclərimizin beynəlxalq aləmə inteqrasiyasında nəzərəçarpan  dönüş yaranıb. Əlbəttə, bu inkişaf dövlətimizin gəncliyə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Bizlər Azərbaycanın gənc nəsilləriyik. Biz nə qədər örnək və savadlı olsaq ölkəmiz də bir o qədər irəlidə olar.

Gənc və gələcək sözləri həm deyilişdə, həm mahiyyət etibarilə bir-birinə o qədər yaxın ifadələrdir ki, zamanın iti axarı, məkanın virtual ölçüsü bu adlar qoşa çəkiləndə gerçək görünür.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün uğurla inkişaf edən gənclər siyasəti  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev tərəfindən  məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramını təsdiq etmişdir. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilib. Cənab Prezidentin gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Ölkə başçısının ardıcıl səyləri sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Respublikamızda beynəlxalq standartlara cavab verən idman komplekslərinin tikintisi bu gün geniş vüsət alıb. Bakıda Dünya və Avropa birinciliklərinin keçirilməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlarda qazanılan çoxsaylı mükafatlar isə gənclərə qayğıdan, onlar üçün yaradılmış gözəl şəraitdən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilmişdir. “2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bu cür dövlət təsisatların prioritet vəzifəsidir.  Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi genişlənməkdədir.

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki