2023-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu.
Azərbaycanla Çin arasında münasibətlər min ildən çox əvvəl qədim İpək yolu vasitəsilə başlayıb və bu əlaqələr bu günədək davamlı inkişaf edir. İki xalq arasında tarixi və mədəni əlaqələrin təməli, qədim dövrlərə gedib çıxsa da, son 32 il ərzində bu münasibətlər daha da möhkəmlənib və hər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə inkişaf edib. Azərbaycan ilə Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu illər ərzində əlaqələr güclənərək, müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəliləyib. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi açılıb və 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib. Azərbaycan-Çin münasibətlərinin inkişafı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da sürətlənib. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı iki ölkə arasında səkkiz mühüm müqavilə imzalanıb. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Bu səfərlər qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib.Azərbaycan Prezidenti İlham Əliyev də Çinlə əlaqələrin inkişafına xüsusi diqqət ayırıb. 2003-cü ildən sonra dövlətimizin başçısı bir neçə dəfə Çinə rəsmi səfər edib. 2015-ci ilin dekabrında həyata keçirilən səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır. Son illər ərzində Azərbaycan və Çin arasındakı əlaqələrdə xüsusi canlanma yaşanır. 2022-ci ilin sentyabrında, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksəksəviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib. Prezident İlham Əliyev 2023-cü ildə Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibədə iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlətimizin başçısı, eyni zamanda, bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda ölkələrimizin bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış etməsinə toxunub. “Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq”, – deyə Azərbaycan Prezidenti bəyan edib. Prezident İlham Əliyevin bu fikri, Azərbaycan ilə Çin arasında mövcud olan strateji münasibətlərin və əməkdaşlığın uzunmüddətli perspektivini çox yaxşı əks etdirir. Əslində, beynəlxalq gündəlikdə suverenlik, müstəqillik və ərazi bütövlüyü kimi prinsiplər bir çox ölkə üçün önəmli məsələlərdir və Azərbaycanla Çin bu mövzularda oxşar mövqedədirlər. Bu yanaşma, həmçinin iki ölkənin beynəlxalq arenada bir-birini dəstəkləməsini və qarşılıqlı etibarlarını artırır. Prezidentin vurğuladığı mövqelər, yalnız rəsmi səviyyədə deyil, həm də gündəlik praktikalarda da əhəmiyyətli bir yol xəritəsi kimi qəbul edilməlidir. Bu yanaşma, həm Azərbaycanın, həm də Çinin uzunmüddətli xarici siyasət hədəflərini dəstəkləyən və qarşılıqlı faydalara əsaslanan bir strateji təməl yaradır.
Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov.