2024-cü ildə 1700-ə yaxın medal.
Ölkəmizdə bütün sahələr kimi idmanın inkişafına da böyük önəm verilir. Qətiyyətlə demək olar ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir.
Cənab Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında qeyd etmişdir ki, “2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”
Dövlət başçısı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunması üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradır. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb.
Artıq dövlətimiz tərəfindən Qarabağda abadlıq, quruculuq işləri yüksək sürətlə həyata keçirilir. Cənab Prezident çıxışında Qarabağda idman infrastrukturunun inkişafı məsələsinə toxunaraq qeyd etdi ki, “Azad edilmiş ərazilərdə infrastruktur layihələri ilə yanaşı, keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı, idman infrastrukturu da yaradılır. Bəziləri hesab edə bilər ki, bu, bir az tezdir. Amma mən hesab edirəm ki, bu, mütləq olmalıdır. Çünki bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Məsələn, İmarət stadionunun inşa edilməsi – bunun çox böyük rəmzi mənası var. İndi Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir. Xankəndi şəhərindəki stadion, – hansı ki, Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmişdir, – əsaslı şəkildə təmir edilir, demək olar ki, yenidən qurulur. Düz bir il bundan əvvəl Xankəndi stadionunda biz hamımız tarixi futbol yarışını izləmişik. Amma bu stadion da bütün beynəlxalq standartlara cavab verəcək və bu stadionun yenidən qurulması prosesi gələn il başa çatmalıdır. Azad edilmiş ərazilərimizdə digər idman qurğularının tikintisi nəzərdə tutulur və bütün bu işləri biz ardıcıllıqla edəcəyik”.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin direktoru
Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır.
Bu gün Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində öz fəallığı ilə seçilir, yeniliklərin həyata keçirilməsində yaxından iştirak edir. Azərbaycan gənclərinin bir çox sahələrdə olduğu kimi, idman sahəsində də uğur qazanması üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Bildiyimiz kimi, gənclər siyasətində idmanın inkişafı və onun kütləviliyinin artırılması mühüm yer tutur. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir.
Əsası Ulu Öndərimiz tərəfindən qoyulan bu siyasət dövlət başçımız İlham Əliyev tərəfindən bugün uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir.
Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idmanın vacibliyini qeyd etməsək olmaz. Azərbaycan gəncləri üçün həlledici sınaqlardan biri də Vətən müharibəsi oldu. Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa olunmasında idmançı əsgər və zabitlərimizin xüsusi rolu olmuşdur. Beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edərək bayrağımızı yüksəklərdə dalğalandıran idmançılarımız, 44 gün ərzində davam edən döyüşlərdə böyük şücaət və mərdlik göstərərək, üçrəngli, müqəddəs bayrağımızı doğma Qarabağımızda dalğalandırdılar. Bununla da Azərbaycan gəncliyinin gücünü bir daha bütün dünyaya nümayiş etdirdilər.
Bugün ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək göstərməsi, onları daha da ruhlandırır. Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlu nəticələrin sayı günü-gündən artmaqdadır.
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış etmişdir. Çıxış zamanı cənab Prezident qeyd etmişdir ki, “Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır.İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır”.
Qalib ölkənin qalib gəncləri olaraq inanırıq ki, qarşıda idmançılarımızı daha böyük yarışlar və qələbələr gözləyir. Biz Birlikdə güclüyük!
Hikmət Novruzov – Zərdab rayonu Alıcanlı kənd ümumi orta məktəbin tarix müəllimi