2024-cü ilin iqtisadi nəticələrindən danışan ölkə başçısı dünyada baş verən proseslər fonunda inkişaf dinamikasını müsbət qiymətləndirdi
Azərbaycan son 22 ildə çox böyük iqtisadi uğurlara imza atıb. Cənubi Qafqazın ən böyük iqtisadi potensialına malik olan ölkəmiz iştirakı olmadan regionumuzda heç bir layihə gerçəkləşə bilməz. Bu gün ölkəmiz nə iqtisadi, nə də siyasi cəhətdən heç bir ölkədən asılı deyil. Ölkəmizdə, xüsusilə də, Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bütün quruculuq işləri öz daxili imkanlarımız hesabına həyata keçirilir. Xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur. Biz artıq donor ölkə qismində çıxış edirik, beynəlxalq iqtisadi layihələri maliyyələşdiririk. Dövlətimizin iqtisadi inkişafı gücləndikcə vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. İqtisadi inkişaf, gəlirlərin artması bütün sosial sahələrə də müsbət töhfəsini verir. Təbii ki, bütün bunlar Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və cəsarətli addımları sayəsində mümkün olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibədə ölkəmizin iqtisadi həyatında çox böyük əhəmiyyət kəsb edən vacib məqamlara toxunub: “Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin iqtisadi inkişafı və sosial siyasətinə dair mühüm mesajlarla zəngindir. 2024-cü ilin iqtisadi nəticələrindən danışan ölkə başçısı dünyada baş verən proseslər fonunda inkişaf dinamikasını müsbət qiymətləndirdi. Ümumi daxili məhsulun 4 faizdən çox artımı, həqiqətən də, normal göstəricidir. Dünya iqtisadiyyatının artım tempində müşahidə olunan ləngimələrə, tənəzzülə nəzər saldıqda, Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini əminliklə söyləyə bilərik. Bizim hədəfimiz ümumi daxili məhsulun həcmini 7 faziə qədər artırmaqdır. Bunun üçün sənaye istehsalının artırılması istiqamətində mühüm işlər həyata keçirilir. Cənab Prezidentin də qeyd etdiyi kimi, biz 2024-cü ildə iribüdcəli layihələr icra etməyimizə baxmayaraq, maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz rezervlərimizi artıra bildik. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. 10 milyon əhalisi olan bir ölkədə adambaşına düşən ehtiyatların həcminə görə biz dünyada aparıcı ölkələr sırasındayıq. Valyuta ehtiyatlarımızın xarici borcumuzu 14 dəfə üstələməsi iqtisadiyyatımızın dayanıqlılığından xəbəri verir. Cənab Prezidentin müsahibəsində səsləndirdiyi fikirlərdən məlum oldu ki, Azərbaycan xarici borcunu bir qədər artırmaq niyyətindədir. Əgər 5 il öncə xarici borcumuz ümumi daxili məhsulun təqribən 20 faizi həcmində idisə, bu gün bu cəmi 7.2 faizdir. Qarşıya qoyulan böyük layihələri icra etmək və büdcə yükünü azaltmaq üçün xarici borclanmaya getmək olar. Bu, ölkə iqtisadiyyarına müsbət təsir göstərəcək”.
41 milyard manat olan 2025-ci ilin büdcəsində Azərbaycan tarixində rekorddur: “Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi idarəetmədə şəffaflığın təmin edilməsi gəlirlərimizin artmasına müsbət təsir göstərib. Büdcəmizin rekord səviyyədə olması 2024-cü ilin fəaliyyətinin nəticəsi deyil. Bu, uzun illər aparılan iqtisadi islahatların, inhisarçılığa, korrupsiyaya qarşı mübarizənin, investisiya mühitinin yaxşılaşdırılmasının bizə verdiyi bəhrədir.
Yeni idarəetmə modelinin müsbət tərəflərini artıq görməyə başlamışıq. Son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modeli tətbiq olunması, idarə heyətlərinin yaradılması və ora dövlət məmurlarının təyin edilməsi sayəsində bu sahədə şəffaflaşma təmin edildi.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Ümumi daxili məhsulun 4 faizdən çox artması qlobal iqtisadi çətinliklər fonunda Azərbaycanın maliyyə dayanıqlılığını və iqtisadi potensialını nümayiş etdirir
Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə dövlətimizin 2024-cü ildə əldə etdiyi nailiyyətləri və qarşıdakı dövr üçün perspektivləri geniş şəkildə əks etdirir. Müsahibədə vurğulanan məqamlar həm iqtisadi inkişafın dayanıqlılığını, həm də regional siyasətdə Azərbaycanın mövqeyinin daha da gücləndiyini sübut edir.
Cənab İlham Əliyevin sözlərinə görə, 2024-cü il Azərbaycan üçün iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur: “Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək…”.
ÜDM-in 4 faizdən çox artması qlobal iqtisadi çətinliklər fonunda Azərbaycanın maliyyə dayanıqlılığını və iqtisadi potensialını nümayiş etdirir. Dövlətin diqqət mərkəzində qeyri-neft sektorunun inkişafı dayanır ki, bu da iqtisadiyyatın şaxələndirilməsi strategiyasının uğurlu nəticəsidir. Neft hasilatındakı tənəzzülün sabitləşdirilməsi ümumi iqtisadi göstəricilərin mənfi təsirlərdən qorunmasına töhfə verib. Hökumətin bu sahədə apardığı islahatlar enerji sektorunda sabitliyi təmin etməklə yanaşı, gələcək inkişaf üçün möhkəm zəmin yaradır. Qeyri-neft sektorundakı nailiyyətlər Azərbaycanın dayanıqlı və diversifikasiya edilmiş iqtisadi modelə keçidində mühüm addım hesab edilir. Bütün bu uğurlar, həmçinin dövlətin beynəlxalq arenada iqtisadi mövqeyinin güclənməsini dəstəkləyir və Azərbaycanı dünya birliyində etibarlı tərəfdaş kimi tanıdır.
Müsahibədə diqqət çəkən məqamlardan biri də Qazax rayonunun dörd kəndinin Ermənistan işğalından azad edilməsi olub. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin hər hansı dialoqu mümkünsüz etdiyini və danışıqlar prosesindən yalnız işğalı davam etdirmək üçün bir alət kimi istifadə etdiyini bildirib. Dövlətimizin başçısı qeyd edib: “Bu yaxınlarda mətbuatda çıxan informasiya – məhz Ermənistanın birinci prezidentinin faşist bəyanatı bizim prinsipcə kifayət qədər çoxdan bildiyimizi bir daha təsdiq edir: Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər. Beləliklə, ATƏT-in Minsk qrupunun üç həmsədrinin hamısı mənim cavab verdiyim həmin dövrdə birmənalı olaraq işğalçının tərəfində idi…”.
Qazaxın kəndlərinin azad olunması, delimitasiya və demarkasiya proseslərinin eyni vaxtda həyata keçirilməsi unikal hadisədir. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistanı buna vadar edən əsas amillərdən biri Vətən müharibəsi və Azərbaycanın antiterror əməliyyatları olub. Bu proses Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində növbəti mühüm addım kimi dəyərləndirilir.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini