image-qanunla-reklam
image-media-bez-nazvaniya-lr5zo69vpt7k1n83ueqx

25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir

image-lady-day-az

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi.

Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərdən biri olaraq Xocalını seçməsi heç də təsadüfi deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Onlar tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Bununla ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu.

Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 33 il ötür. Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi zamanı edilən vəhşilikləri heç zaman unutmayacayıq.

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin  direktoru

 

 

Soyqırımı Günü” haqqında qərar.

Ermənilər azərbaycanlılara qarşı hər zaman əsassız ərazi iddiaları irəli sürmüşdülər. Bu haqsız iddialar müxtəlif dövrlərdə daha da azğınlaşmış və xalqımızın başına olmazın müsibətlər gətirmişdir. Azğın erməni cəlladlarının xalqımıza qarşı keçirdiyi qanlı Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət salnaməsi yazdı.

1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdular. Erməni qəsbkarları xalqımıza qarşı soyqırım törətdilər. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.

“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”— deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi.

Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommunikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılmışlar.

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar respublikamızın bütün bölgələrində silsilə tədbirlər keçirilir. Azərbaycan xalqı həmişə Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutur, xalqımıza qarşı törədilmiş bu qətliamın ideoloqlarını, təşkilatçılarını və icraçılarını nifrətlə lənətləyir.

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru

 

 

Mülki əhaliyə qarşı vəhşicəsinə törədilmiş cinayətlər.

“Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir:belə bir qrupun üzvlərinin qətlə yetirilməsi, belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi; hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması, belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər, uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsidir. Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur.

Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumlara münasibətdə soyqırımı cinayətinin aşağıdakı elementlərinin mövcudluğu müəyyən edilmişdir: öldürmə və bədənə fiziki və mənəvi xəsarətə səbəb olmaqdan ibarət actus reus (əməlin obyektiv tərəfi), cinayət əməlinin sahiblərinin hədəfinə tuş gələn xüsusi mühafizə olunan qrupun mövcudluğu və irqi, etnik, milli və ya dini əsaslarla fərqlənən qrupun tam və ya qismən məhv edilməsi üçün xüsusi soyqırımı niyyəti. İstintaq nəticəsində Xocalıda törədilmiş cinayətlərə münasibətdə cinayət təqibinin davam etdirilməsi üçün aşağıdakı əsasların mövcud olduğu müəyyən edilmişdir: qrupu tam olaraq və ya qismən məhv etməyə yönəlmiş niyyətin mövcudluğu üzrə birmənalı və əsaslı sübutlar, məhv etmə halının Xocalıda baş verməsi müəyyən edilmiş qrupa tam olaraq nəticələr yaratması üçün “kifayət” etməsi; və cinayətin xüsusi coğrafi məkanda törədilməsi.

Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Xocalıda ermənilərin həyata keçirdiyi dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər Xocalı soyqırımının dəhşətlərini heç zaman unutmayacaqdır.

Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru

 

 

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

44 günlük müharibə zamanı Azərbaycan Ordusu şəhidlərin qisasını döyüş meydanında almaqla bərabər, ərazi bütövlüyümüzü bərpa etdi, tarixi ədalətsizliyə son qoyaraq düşmən üzərində tam qələbə qazandı.

Qürur hissi ilə deyə bilərik ki, 30 ilə yaxın bir müddət ərzində erməni işğalında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan ordusunun şücaəti və qəhrəmanlığı sayəsində Azərbaycanın haqq davası olan 44 günlük Vətən Müharibəsi zamanı işğaldan azad olundu. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu.

Məğlubiyyətlə heç vaxt barışmayan ermənilərlə aparılan birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi.  Azərbaycan dövləti öz gücünü bir daha bütün dünyaya sübut etdi.

Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin oktyabrın 15-də Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Əsgəran qalasında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıldı.  Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirdi. Bu gün qürurla qeyd edirik ki, 30 ildə ermənilərin tamamilə dağıtdıqları, yerlə-yeksan etdikləri torpaqlarımız nəhəng  quruculuq meydançasına çevrilib. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Bütün bu uğurlar cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasətinin nəticəsidir.

Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki