26 avqust – Laçın şəhəri günü.
18 may 1992-ci ildə işğal olunan Laçın rayonunda 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.
İşğal etdikləri digər ərazilərimizdə olduğu kimi Laçın rayonunda da rəsmi İrəvanın hərbi cinayətləri sərhəd tanımamışdır. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adları dəyişdirmiş, rayonun təbii resurslarının talan edərək qazanc mənbəyinə çevrilmişdir. Məqsədyönlü məskunlaşma siyasəti aparan Ermənistan əsasən, Suriyadan olan erməni əsilli qaçqınları Laçın ərazisində yerləşdirməklə demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdur.
27 sentyabr 2020-ci ildə başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər nəticəsində Ermənistan kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı və imzalanmış Üçtərəfli Bəyanata əsasən 3 rayon Azərbaycana qaytarıldı ki, həmin rayonlardan biri də Laçın rayonu oldu. Hərbi əməliyyatlar zamanı Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş Laçın rayonu 1 dekabr 2020-ci il tarixdə Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Sözsüz ki, Laçının azad edilməsi böyük qürur və Azərbaycan oğullarının sücaətinin nəticəsi idi. Məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif olunması bunun bariz nümunəsidir. Artıq öz azadlığına qovuşan Laçın rayonu yeni inkişaf dövrünü yaşayır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Ölkəmizin başçısı vurğulayıb ki, Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurların göstəricisidir. Prezident İlham Əliyev tərəfindən 26 avqust – Laçın şəhəri gününün təsis edilməsi azadlığın təbliği və onun qorunması, bu tarixi günlərin əzəmətinin dərk edilməsi baxımından olduqca önəmlidir”.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Ehtiram Osmanov
Laçında bütün lazımi şərait yaradılır.
44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə Azərbaycanın qarşısında post-müharibə dövründə yeni çağırışlar, yeni vəzifələr formalaşdırıb. Ən mühüm prioritetimiz isə işğaldan azad edilmiş ərazilərin bərpasının həyata keçirilməsi, həmin regionlarda yaşayışın mümkünlüyü üçün zəruri addımların atılması və “Böyük Qayıdış”ın təmin edilməsi ilə bağlıdır. Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”ı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Azərbaycan işğaldan azad olunmuş torpaqlarında həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüyksədilməsi və işlə təmini istiqamətində mühüm tədbirlər görür. Həmin bölgələrə köçəcək insanlarımızın yüksək səviyyəli, rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır. Işğaldan azad olunmuş ərazilərdə, görülən zəruri işlərlə yanaşı o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq: “Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan və 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılan Laçın Beynəlxalq Hava Limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir. Bu postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək. Həmçinin Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Eyni zamanda Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Ən müasir səviyyədə inşa olunacaq mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Bununla yanaşı Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir”. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Laçında bütün lazımi şərait yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Laçında da digər azad edilmiş ərazilərimizdə olduğu kimi quruculuq-bərpa işləri ardıcıl, proqramla həyata keçirilir ki, bütün keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdaraq burada əbədi, xoşbəxt, təhlükəsiz şəraitdə yaşayıb, yaratsınlar. Bütün bunlara isə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində nail olunur”.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Əvəz Soltanov