image-qanunla-reklam
image-386830296_1276047083113295_3098268309039235092_n

27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl

image-lady-day-az

27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl.

Cəbrayıl rayonu Azərbaycan Respublikasında inzibati ərazi vahididir. 8 avqust 1930-cu ildə təşkil edilən Cəbrayıl rayonu 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna verilib, 17 iyun 1964-cü ildə isə yenidən yaradılıb. 23 avqust 1993-cü il tarixində rayonun ərazisi Ermənistan ordusu tərəfindən işğal edilib. İşğal nəticəsində rayona 13.928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məskunlaşıblar. Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.

Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının sahilində yerləşən Cəbrayıl ərazisində sıx Tuqay meşələri olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri – Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonunun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.

Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl əhalisi uzun zaman ərzində erməni işğalçılarına qarşı rəşadətlə vuruşub. Gəncə qiyamı nəticəsində Azərbaycan ordusunun qabiliyyəti sarsılmış, ordu içinə siyasi ünsürlər daxil olmağa başlamış və bunun nəticəsində Ağdam rayonu işğal olunması Cəbrayıl və Füzuli rayonlarının işğalı üçün real zəmin yaratdı. Azərbaycanın Milli Qəhrəmanı Kazım Məmmədov, Şikar Aslanov, Vüqar Hüseynov, Akif Əkbərov və Vahid Quliyev Cəbrayılda anadan olublar.

1993-cü ilin avqust ayı ərzində rayon ərazisində fövqəladə vəziyyət elan edilib, erməni işğalçıları Azərbaycan ordusunun hələ 1992-ci ilin yayında işğaldan azad etdiyi Xocavənd rayonun kəndlərini yenidən işğal edərək Cəbrayıl şəhərinə yaxınlaşdı. Avqust ayı ərzində Cəbrayıl şəhəri güclü atəşə məruz qalmış, düşmən ordusunun atdığı qrad mərmiləri şəhərin bir çox yerlərinə zərər vurdu, mülki əhali arasında cox sayda ölənlər oldu. 15 avqust 1993-cü il tarixdə düşmən ordusu Cəbrayıl şəhəri yaxınlığında yerləşən Daşbaşı yüksəkliyini ələ keçirirərək orada növbə çəkən 23 nəfər Cəbrayıl gənci qətl edildi, onların meyidləri tanınmaz hala salındı.

18 avqust 1993-cü il tarixdə erməni işğalçıları şəhəri mühasirəyə alıb. Cəbrayıl fədailərinin və Zəngilan rayonundan köməyə gələn özünümüdafiə qüvvələrinin şiddətli müqavimətinə baxmayaraq Cəbrayıl şəhəri 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunub. Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl rayonu ümumilikdə 400 nəfərə yaxın şəhid verib. 1994-cü il Horadiz əməliyyatı zamanı şəhər mərkəzinə və Xudafərin körpüsü istiqamətində milli ordu irəliləsə də, Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi azad olundu. 2 aprel 2016-cı il-in aprelində Cocuq Mərcanlı kəndində yerləşən Lələtəpə yüksəkliyi dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı davam etdirilsə də, rayonun Cocuq Mərcanlı kəndi 2016-cı ildə, Böyük Mərcanlı və Nüzgar kəndləri sentyabrın 27-də, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri isə oktyabrın 3-də şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.
Başlanan əks hücum əməliyyatında əsas zərbə istiqamətlərindən biri kimi Cəbrayıl rayonun seçilib. Ermənistan işğal etdiyi əraziləri sülh yolu ilə azad etməyəcəyi məlum olduğu üçün onların gələcəkdə mümkün hücumlarının qarşısına almaq üçün Ordumuz 2016-cı ildən daha fəal hazırlıqlara başlayıb. Aprel müharibəsində atəşkəsi pozan düşməni həm itkilərə məruz qoyaraq geri otuzdurmaq, həm də gələcək təcavüzkar fəaliyyətlərinə layiqli cavab vermək üçün Ordumuz müəyyən plasdarmlar əldə etmək məcburiyyətində qaldı. Ordumuz 2016-cı ildə Cəbrayıl rayonu ərazisində yerləşən Lələtəpə yüksəkliyini azad etməklə cənub istiqamətində hücuma keçmək üçün ideal bir plasdarm əldə edib.

Azərbaycan Ordusunun dağ şəraitində aparılan əks hücum əməliyyatlarının xüsusiyyətlərini nəzərə alaraq, əsasən yaşayış məntəqələrinin deyil, hakim və ya strateji yüksəkliklərin əldə edilməsinə, inzibati ərazi vahidlərini birləşdirən yol qovşağlarına nəzarət edilməsi, bundan əvvəl isə həmin ərazilərdə yerləşən düşmən qüvvələrinin müqavimətini PUA, artilleriya və raket zərbələri ilə zəiflətməyə üstünlük verdiyi diqqəti cəlb edir. Bu isə düşmən tərəfin daha yüksək mövqelərdə yerləşməsinə baxmayaraq, daha çox itkilərə məruz qalmasına səbəb olur. Məhv edilən hərbi obyektlərin geniş assortimenti, yaxın günlər ərzində Ermənistan ordusunun müqavimət potensialının tükənəcəyini ehtimal etməyə əsas verir. Cəbrayılın azad edilən Böyük Mərcanlı, Nüzgar, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin coğrafi mövqeyi, Fizuli istiqamətindəki hissə və bölmələrimizlə qarşılıqlı əlaqədə Cəbrayıl-Fizuli magistral yoluna nəzarət edilməsini, bu yolun tamamilə ələ keçirilməsi ilə əvəz edilməsinə şərait yaradıb.

2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən on minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub. Qeyd edək ki, Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib. Cəbrayıl rayonu azad edildikdən sonra ölkə başçısı İlham Əliyev 4 dəfə rayonda olmuş, 29 ildən sonra Xudafərin körpüsündə dövlət bayrağımızı ucaltmışdır. Digər səfərləri zamanı isə Prezident İlham Əliyev çoxsaylı təməlqoyma mərasimlərində, eləcə də Dövlət Sərhəd Xidmətinə məxsus hərbi hissələrin və “Cəbrayıl” yarımstansiyanın açılışlarında iştirak etmişdir. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da bərpa-quruculuq işləri sürətlə həyata keçirilir, insanların öz doğma yurd-yuvalarına qayıdaraq yaşaması və işləməsi üçün lazımi infrastrukturun yaradılması istiqamətində ciddi tədbirlər görülür.

 

Hüseynova Aytac

Saatlı rayon Fətəlikənd kənd tam orta məktəbin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki