image-qanunla-reklam
image-651bcb3ee7405651bcb3ee74061696320318651bcb3ee7400651bcb3ee7403

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl

image-lady-day-az

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl.

2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin elə ilk günlərindən Azərbaycan Ordusu hücuma keçdi, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad edilməsi xəbərini xalqımız düz 27 ilgözləyirdik. Həmin axşam küçələrə axışan insanlar bir-birini təbrik edir, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşları idi. Dörd il bundan əvvəl avqustun 23-nü Cəbrayılın işğal günü kimi xatırlayırdıq. Oktyabrın 4-ü isə tariximizə bu şəhərin azad olunması günü kimi yazıldı. Dünya birliyi 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdu. BMT Təhlükəsizlik Şurası Erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. Məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupu problemin çözülməsinə nəinki kömək etdi, hətta nəticəsiz danışıqları ilə vəziyyəti daha da gərginləşdirdi. Öz havadarlarına bel bağlayan Ermənistan bütün beynəlxalq sənədləri heçə saydı və uzun illər ərazilərimizin 20 faizini işğalda saxladı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsi oldu. Düşmən hesab edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar heç vaxt buraya qayıtmayacaq. Yurd yerlərimizi də elə o məqsədlə dağıdıb viran qoydular. Amma yanıldılar. Bu qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası demək deyil, bu, Xeyirlə Şərin mübarizəsidir. Bu mübarizədə Şər qüvvələri məğlub oldu, biz qalib gəldik. Çünki Azərbaycan xalqı qurub yaradan xalqdır, ermənilər isə yıxıb-dağıdan. “Dəmir yumruq” düşmənin belini elə qırdı ki, o, bir də çətin ayağa qalxa. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldilər. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Bu yerlərə həyat yenidən qayıdır. Şuşada, Ağdamda, digər azad edilən ərazilərdə böyük quruculuq işləri gedir, Zəngilanda “ağıllı kənd” layihəsi uğurla həyata keçirilir, Cəbrayılın bərpasına başlanılıb. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi ilə rayonunn elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Hazırda Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Cəbrayıl rayonunda 240 meqavat gücə malik elektrik enerjisi stansiyasının inşasına başlanılıb. Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları yaradılır, tam yeni infrastruktur qurulur. Küçələr, parklar, xiyabanlar salınır, qələbə abidələri ucaldılır.

Zərdab Gənclər evi SXM-in psixoloqu – Cəvahir Murtuzayeva.

 

 

Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyi.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon bir şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 minədək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. 2020-ci ilin oktyabrın 4-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun bir şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Prezident cənab  İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən on minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.

 

 

Cəbrayıla 4-6 zolaqlı yol çəkilir.

Cəbrayıl rayonunun işğaldan azad edilməsi Azərbaycan tarixində böyük bir dönüş nöqtəsi kimi yadda qaldı. 27 ildən sonra Cəbrayılın azad olunması təkcə strateji baxımdan deyil, həm də xalqımızın mənəvi qələbəsi kimi dəyərləndirilir. Bu döyüşlərin əhəmiyyəti ondan ibarət idi ki, düşmənin möhkəmləndirilmiş müdafiə xəttinin yarılması ilə yanaşı, digər işğalda olan ərazilərin azad edilməsi üçün də geniş imkanlar yarandı. Cəbrayıldan sonra Azərbaycan Ordusunun növbəti uğurları Zəngilan, Qubadlı və Laçın istiqamətlərində davam etdi, bu da Laçın dəhlizinin nəzarət altına alınmasını təmin etdi. Bu gün Cəbrayılın dirçəlişi üçün atılan addımların, iqtisadi inkişaf layihələrinin rayonun gələcək inkişafını təmin edir. Cəbrayıl rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Cəbrayılın işğaldan azad olunmasından sonra Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ərazidə infrastruktur layihələri sürətləndirilmişdir. Rayonun elektrik təchizatı tam bərpa olunmuş, müasir yarımstansiya istifadəyə verilmişdir. Eyni zamanda, Araz Vadisi İqtisadi Zonası kimi strateji sənaye parkları yaradılmış və regionda iqtisadi inkişaf üçün geniş imkanlar formalaşdırılmışdır. Sənaye Parkının rezidentlərinin sayı getdikcə artır və bu, bölgədə iş yerlərinin açılmasına və sosial rifahın yüksəlməsinə səbəb olur. Cəbrayıl rayonunda yolların və kommunikasiyaların yenidən qurulması da xüsusi əhəmiyyət kəsb edir. Cəbrayıla yeni 4-6 zolaqlı yollar çəkilir ki, bu da vətəndaşların bölgəyə rahat və təhlükəsiz şəkildə səfər etməsinə şərait yaradır. Həmçinin, kəndlərin bərpası və Böyük Qayıdış proqramı çərçivəsində müasir yaşayış məhəllələri, məktəblər və uşaq bağçaları tikilir. Bu layihələr Cəbrayılın inkişafı ilə yanaşı, gələcək nəsillərin də orada rahat yaşayışını təmin edəcəkdir. Cəbrayıl şəhərinə ilk köç karvanı Prezident cənab İlham Əliyevin sərəncamına uyğun olaraq həyata keçirilən Böyük Qayıdış prosesinin əhəmiyyətli mərhələlərindən biridir. 2023-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınan ilk karvan işğaldan azad edilmiş ərazilərin yenidən məskunlaşdırılmasının real nəticəsidir. Respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış ailələr dövlət proqramı çərçivəsində müasir standartlarla yenidən qurulmuş Cəbrayıl şəhərinə köçürülərək, orada həyatlarını yenidən qurmağa başlayırlar. İlkin olaraq bir neçə ailə   Cəbrayıla köçürülmüşdür ki, bu da Böyük Qayıdışın daha geniş miqyasda davam edəcəyinin göstəricisidir. Bu proses həm də vətəndaşların doğma torpaqlarına qayıdaraq orada dayanıqlı və təhlükəsiz həyat qurması üçün dövlətin gördüyü işlərin uğurlu nəticəsidir.

Zərdab Gənclər evi SXM-in əməkdaşı- Cəlal Mecidli.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki