image-qanunla-reklam
image-002da293a93e1423237ca14b0a89a5b8

4 il əvvəl – 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı

image-lady-day-az

4 il əvvəl – 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı

Qarabağ münaqişəsi Azərbaycanın son əsrdə yaşadığı çətin, ağrılı problem idi. Erməni qəsbkarları qanunsuz şəkildə, heç bir hüquqi əsas göstərmədən torpaqlarımızı işğal etmişdilər. Azərbaycan xalqı heç bir zaman erməni qəsbkarlarının zorla torpaqlarımızı işğal etməsi ilə barışmamışdır

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl həflərlə yazıldı.

Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri Şuşanı azad görmək idi. Bu gün Şuşa azaddır. Azərbaycan xalqı sərbəst şəkldə öz doğma diyarında bayramını qeyd edir.  Şuşa bu gün yenidən dirçəlir, abadlıq işləri aparılır. Yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir. Bu da onun inkişafının əsas göstəricisidir.Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu şəhər  bizim tarixi şəhərimizdir. Şuşa qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olardı.

Bu gün azad Şuşa sürətlə bərpa olunur. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Burada mühüm zəruri addımlar atılır. Qalib, məğrur xalqımız bu azadlığın, bu təntənənin sevincini yaşayır.

30 illik işğala son qoyan, Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirən cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün uğurla həyata keçirilir. Reallaşdırılan layihələr, görülən işlər isə əhatəli və genişmiqyaslıdır. Maddi və mədəni dəyərlərimizin, tarixi abidələrimizin bərpası isə bu işlərin mühüm tərkib hissəsidir. Respublikamızın hər bölgəsi inkişaf etdirilir. Ölkə başçımızın işğaldan azad olunmuş ərazilərimizə davamlı səfərləri bu yerlərdən erməni vandalizminin izlərinin silinməsi, tarixi yurd yerlərimizin dirçəldilməsi ilə müşayiət olunur. Bütün bunlar bir daha təsdiq edir ki, işğaldan azad olunmuş əraziləri qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, rayonları, kəndləri, qəsəbələri, bütün yaşayış yerlərini tezliklə bərpa etmək, bir sözlə, Qarabağı yenidən qurmaq güclü dövlətin, güclü liderin sayəsində mümkündür.

Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin direktoru

 

 

Zəfər tariximizin bu parlaq və unudulmaz səhifələrini vərəqlədikcə qürur duyuruq.

Qarabağın döyünən qəlbi olan Şuşa..

Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, mədəniyyətimizə, ədəbiyyatımıza , incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan Şuşa… Hər qarış torpağı onun keçmişini, keçdiyi tarixi yolu əks etdirən silinməz izlərlə zəngin olan Şuşa…

Tarixin sərt sınaqlarından keçərək bir çox hadisələrə şahidlik edən Şuşa  1992-ci il mayın  8-də Ermənistanın silahlı ordusunun hücumları  nəticəsində  işğal olundu. İşğal dövründə Şuşa sınmadı, əyilmədi. 30 ilə yaxın davam edən işğala 44 gün ərzində son qoyan qəhrəman hərbçilərimiz, döyüş meydanında düşmənə hərb və kişilik dərsi keçən şəhid və qazilərimiz tariximizin şanlı səhifələrinə və xalqın yaddaşına əbədi həkk oldular. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Belə ki  Şuşa şəhəri  2020-ci il noyabrın 8-də düşməndən azad edildi. Ordumuzun cəsur və peşəkar hərbi qulluqçuları şəhərə sıldırım qayalardan qalxaraq, əlbəyaxa döyüşlə Şuşanı düşməndən təmizlədi. Şəhərin işğaldan azad olunmasından sonra düşmən artıq Azərbaycan Ordusunun qarşısındakı acizliyini etiraf edərək noyabrın 10-da üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Bununla da Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ tamamilə işğaldan azad edildi.

Erməni işğalı nəticəsində Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir bəy Hacıbəyli, Bülbül və başqa sənətkarların yaşayıb yaratdığı Şuşa  dağıdıldı, mədəni irsinə böyük zərbələr vurulmuşdu. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. Lakin 30 illik həsrətdən sonra azadlığına qovuşmuş bu şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrildi. Düşmən tapdağından azad edilmiş şəhərin yeni inkişaf dövrü başladı. Şuşanın azad olunması Azərbaycanın mənəvi qələbəsi oldu. Bu qələbə cəbhədə olan və olmayan azərbaycanlıların qələbəsi deməkdir. Çünki torpaqlarımızın ərazi bütövlüyünün qorunması xalqımızın əsas məqsəd və amalına çevrilmişdi. Bizə sevinc,qürur hisslərini yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışınının azad edilməsi uğrunda canından, qanından keçən rəşadətli əsgər və zabitlərimiz oldular. Zəfər tariximizin bu parlaq və unudulmaz səhifələrini vərəqlədikcə qürur duyuruq. Gələcək nəsil də bu igid və qəhrəman övladlarımızla fəxr edərək onlardan nümunə götürəcəklər.

Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktoru

 

 

İslam dünyasının Mədəniyyət Paytaxtı

Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir.Şuşa şəhəri dövrün bir sıra çətinlikləri ilə üzləşib, işğallara məruz qalıb.

2020-ci il noyabr ayının 8-də Şuşa şəhərini Müzəffər Ali Baş Komandan İlham Əliyevin və mübariz Azərbaycan xalqının qətiyyəti sayəsində qəhrəman ordumuz erməni qəsbkarlarının əlindən azad etdilər.  Şuşa indi azad nəfəs alır. Şuşa keçmiş şöhrətinə qovuşur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə artıq şəhərdə tarixi abidələrin, yolların, kommunikasiya xətlərinin, ümumiyyətlə bütün infrastrukturun bərpası və yenilənməsi ilə bağlı mühüm işlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamına əsasən, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Onu da qeyd etmək lazımdır ki, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının Mədəniyyət Paytaxtı” elan edilmişdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi müsəlman ölkələri və ICESCO tərəfindən yüksək dəyərləndirilib. Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərə­findən Şuşanın mədəni irsinin, mədəni, tarixi və dini abidələrinin bərpa etdirilmə­sini diqqətə alan İslam dövlətləri, yek­dil qərarla Şuşa şəhərini növbəti il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan ediblər. Qeyd edək ki, Şuşanın na­mizədliyinin irəli sürülməsi prosesinə ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım mühüm dəstək göstərib.  Onu da vurğulamaq lazımdır ki, Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olub. Bu gün Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə ev sahibliyi  edir. Bu qədim şəhərimizdən dünyaya sülh, birlik və humanizm mesajları verilir.

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki