Dünən saytlarda belə bir xəbər vardı ki, Rusiya ordusunun Tümen vilayətindən olan keçmiş əsgəri, 8 xidmət yoldaşını güllələyərək qətlə yetirən və 24,6 il həbs cəzası alan Ramil Şamsutdinov Ukraynada aparılan müharibədə döyüşmək istəyir, ancaq ona xidmətə aparmırlar.
Şamsutdinov indiyədək xüsusi əməliyyat zonasına getmək üçün beş dəfə müqavilə imzalamağa cəhd edib, bir dəfə müqavilə də imzalayıb və sınaqdan keçirilib, ancaq sonda ondan imtina ediblər.
Bu qədər ağır cinayət törətmiş şəxsin od-alovun içinə, böyük ehtimalla labüd ölümə can atması, əlbəttə ki. bir az şübhəli məsələdir. Ola bilər ki, Ramil ön cəbhədə yaranacaq fürsətdən istifadə edərək aradan çıxmaq (fərarilik etmək, əsir düşmək) istəyir. O da ola bilər ki, indən belə ömrünün 20 ilini xüsusi rejimli həbsxanalarda keçirəcəyi qaçılmaz olan gənc adam müharibədə göstərdiyi şücaətə görə cəzasının yüngülləşdiriləcəyinə ümid edir.
Bəs ad-siyadından da göründüyü kimi, tatar balası olan və xidmətə Tümendən çağrılmış Ramil Şamsutdinov o qədər qalmaqallı qətliamı necə və nədən törədibmiş?
Bu, olduqca maraqlı və ibrətamiz olaydır. Hadisə 2019-cu il oktyabrın 25-də Zabaykalye diyarının Qornı şəhərinin qapalı inzibati qəsəbəsində yerləşən 54160 saylı hərbi hissədə baş verib. O zaman 20 yaşı olan Ramil həmkarlarını güllələyib. Güllə yarası alanlardan səkkizi ölüb, ikisi isə yaralanıb.
Rusiya miqyasında ajiotaja və rezonansa səbəb olan bu hadisənin təfərrüatları belədir: 2019-cu ilin oktyabr ayının 22-də nüvə silahının saxlanması və çatdırılması ilə məşğul olan, Müdafiə Nazirliyinin 12-ci baş idarəsinin tabeçilindəki hərbi hissədə xidmət edən sıravi Ramil Şəmsutdinov üç gündən çox davam edən mühafizə xidmətinə yollanıb. Baş leytenant Danil Pyankov Şamsutdinovu və daha iki gənc əsgəri qarovulun istirahət otağının keçidində sıraya düzüb, onlara ayaq üstə dayanaraq daxili xidmət qaydalarını öyrənməyi əmr edib. Daha sonra növbələrarası fasilələr zamanı Pyankov Şamsutdinovu yatmağa qoymayıb, nizamnaməni öyrənməyə məcbur edib. Sonradan istintaq müəyyən edib ki, Şəmsütdinov üç gün ərzində mühafizədə nəzərdə tutulan 24 saat əvəzinə 5 saat 8 dəqiqə yatıb.
Haşiyə çıxaraq qeyd edək ki, bu “qayda” sovet dövründən qalıb və sovet ordusunda xidmət edən keçmiş əsgərlərin 99 faizinin xatirələrində belə epizodlar var. Aşağı rütbəli zabitlər və daha çox qulluq etmiş əsgərlər yeni gələnlərə qarşı bu cür, nizamnamədənkənar davranışlara yol verir, onları yatmağa qoymur, cürbəcür qara işlər görməyə məcbur edir, hər bəhanə ilə incidir, əmrə tabe olmayanları amansızcasına döyürdülər. Buna elə sovet dönəmində də “dedovşina” deyirdilər və A-dan Z-yə qədər bütün hərbi hissələrdə bu cür davranış normal qəbul edilirdi, hətta yuxarı komandanlıq tərəfindən hərbi hissəni idarə etməyin optimal yolu sayılırdı. Bu cür normal olmayan hərbi xidmət zamanı vaxtaşırı olaraq gənc əsgərlər tərəfindən özünəqəsd və incidənləri qətlə yetirmə halları olsa da, bu işlər daima ört-basdır edilirdi, yüksək rütbəli komandirlər isə heç zaman hərbi hissələrdə tüğyan edən “dedovşina”ya son qoymaq barədə düşünmürdülər.
Ramil Şamsutdonovun vaqiəsi isə göstərir ki, sovetdənqalma “dedovşina” ənənəsi müasir Rusiya ordusunda da tam gücü ilə davam edirmiş. Nəticədə bu, baş leytenant Pyankova yanaşı, daha 7 əsgərə baha başa gəlib.
Hadisənin hekayətinin davamı belədir: Oktyabrın 25-i axşam saatlarında mühafizəçi dəyişikliyi olub. Çita vaxtı ilə təxminən saat 18:20-də Şamsutdinov qəfildən AK-74M avtomatından təhvil-qəbul növbəsinin hərbçilərinə atəş açıb. O, əvvəlcə ekipaj rəisini öldürüb. Qalan hərbçilərin əksəriyyəti ilk atəşlərdən dərhal sonra yerə uzanıb, üç nəfər zirehli transportyorun arxasında gizlənməyə müvəffəq olub. Şamsutdinov ilk atəşlər açılan kimi həyəcan siqnalı ilə gələn antiterror bölməsinə müqavimət göstərmədən təslim olub.
Məlum olub ki, atışma nəticəsində 8 nəfər həlak olub, iki nəfər yaralanıb. Ölənlərin dördü sıravi əsgər, biri starşina, biri serjant, biri baş leytenant (Pyankov) və biri kapitan olub.
Qatil əsgərin atası Səlim Şamsutdinov hadisədən dərhal sonra qətliamın “dedovşina”ya görə olduğunu bəyan edib, Müdafiə Nazirliyi isə hadisəni şəxsi münaqişə kimi izah edərək, bu ehtimalı təkzib edib. Şamsutdinovun özü isə istintaqa verdiyi ifadədə xidmət yoldaşlarının onu zorlamaqla hədələdiklərini bildirib.
Hərbi prokurorluğun araşdırması göstərib ki, “dedovşina” barədə deyilənlər boş sözlər deyil.
2019-cu il dekabrın 17-də Şamsutdinov və bir neçə başqa çağırışçı RF CM-nin 335-ci (“Hərbi qulluqçular arasında münasibətlərin nizamnamə qaydalarının pozulması”_ maddəsi ilə zərərçəkmiş kimi tanınıb və bu cinayət işi ayrıca aparılıb.
2020-ci ilin fevral ayının 14-də Çita qarnizonunun hərbi məhkəməsi Zabaykalye diyarının Qornı şəhərindəki hərbi hissəsində əsgərlərə qarşı zorakılıq etməkdə təqsirləndirilən çağırışçı Ruslan Muxatovun işinə baxmağa başlayıb. Bu işdə Ramil Şamsutdinov da daxil olmaqla 7 nəfər zərərçəkən olub.
2020-ci ilin martında Rüstəm Muxatov “dedovşina” işində təqsirli bilinərək 30 min rubl cərimə və iki il sınaq cəzasına məhkum edilib. Muxatov Şamsutdinovu və digər yeddi əsgəri döyüb-alçaltdığını etiraf edib. Şamsutdinov apellyasiya şikayəti versə də, may ayında məhkəmə Muxatovun hökmünü qüvvədə saxlayıb.
28 dekabr 2020-ci ildə məhkəmə heyəti Ramil Şamsutdinovu səkkiz həmkarını güllələməkdə təqsirli bilsə də, onun incidildiyini əsas götürərək, ona müəyyən güzəşt edib. 2021-ci il yanvarın 19-da dövlət ittihamçısı Şamsütdinova 25 il müddətinə ciddi rejimli koloniyada cəza tələb edib. Yanvarn 21-də hərbi məhkəmə ona 24 il 6 ay müddətinə ciddi rejimli koloniyada cəza təyin edib. Məhkumun atası bu cəzanı orduda “dedovşina”nın faktiki qanuniləşdirilməsi kimi qiymətləndirib. Zərərçəkmişlərin vəkili isə cəzanın çox yüngül olduğunu bildirib.
Şamsutdinov Rusiya Ali Məhkəməsinin hərbi kollegiyasına kassasiya şikayəti vermək hüququna malik olsa da, bunu etməyib.
2019-cu ilin noyabrında Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksandr Şerin qətliam törədilən hərbi hissəyə baş çəkib qayıdandan sonra deyib ki, hissədə “qorxmuş, incidilmiş və taqətdən düşmüş əsgərlər” görməyib. RF Müdafiə Nazirliyi isə yoxlama apararaq, 54160 saylı hərbi hissəni ləğv edib.
Beləliklə, “dedovşina”nın acı nəticələrindən biri tarixə həkk olunub.
Qeyd edək ki, sabiq müdafiə naziri Səfər Əbiyevin və baş qərargah rəisi Nəcməddin Sadıkovun rəhbərlik etdikləri dönəmdə milli ordumuzda “dedovşina” tüğyan edirdi və bu, vaxtaşırı faciələrlə bitirdi. Şükür ki, son illərdə bu mənhus ənənədən imtina edilir və ordumuz NATO standartlarına uyğunlaşdırılır.