8 Noyabrda Şuşa şəhəri günü qeyd olunmaqla bərabər Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin bir simvolu olaraq anılır.
Şuşa şəhərinin 1992-ci ilin may ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi Ermənistanın Azərbaycan ərazilərinə qarşı başlatdığı genişmiqyaslı işğal siyasətinin bir hissəsi idi. Azərbaycanın mədəniyyət və incəsənət mərkəzi sayılan bu şəhərin işğalı Azərbaycan xalqı üçün böyük bir faciə idi. Şuşanın işğalı, həm də Dağlıq Qarabağ münaqişəsinin ən acı və dramatik səhifələrindən birini təşkil edirdi. Şuşa şəhərinin işğalı nəticəsində, Azərbaycan xalqının böyük bir mədəni və tarixi irsi erməni işğalçılarının əlində qaldı. Şuşada yerləşən bir çox qədim abidə və tarixi məkanlar, həmçinin məşhur Cıdır Düzü və Şuşa qalası kimi əhəmiyyətli yerlər ermənilər tərəfindən dağıdıldı və təhrif olundu.
2020-ci il 27 sentyabrda Ermənistanın növbəti təxribatı nəticəsində alovlanan və Azərbaycanın tarixi qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi nəticəsində bir çox strateji əhəmiyyətli ərazilər, o cümlədən, Azərbaycan ordusunun peşəkarlığı və döyüş qabiliyyəti nəticəsində, 8 noyabr 2020-ci ildə Şuşa tamamilə işğaldan azad olundu. Ali Baş Komandan cənab İlham Əliyev bu böyük qələbənin ardınca Şuşanın işğaldan azad olunması müjdəsini xalqına çatdırdı və bu bütün ölkə üçün əsl bir zəfər anı oldu. Şuşanın işğaldan azad edilməsi yalnız hərbi qələbə deyil, eyni zamanda Azərbaycanın mədəniyyətini və tarixi irsini bərpa etməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. Şuşa şəhəri, Azərbaycan üçün yalnız coğrafi və strateji baxımdan deyil, həm də mədəni və tarixi əhəmiyyəti ilə xüsusi yer tutur. Şuşa, Qarabağın mədəniyyət paytaxtı kimi tanınır və burada bir çox əhəmiyyətli abidələr, məscidlər, muzeylər, mədəniyyət ocaqları mövcuddur.
Şuşanın işğaldan azad olunmasının ildönümü-8 Noyabr hər il təntənəli şəkildə qeyd olunur. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən 8 Noyabr – Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. Bu gün, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin və Vətən müharibəsinin ən vacib anlarından biri kimi xatırlanır. Azərbaycanın tarixində silinməz bir iz buraxan bu böyük qələb həm hərbi, həm də mədəni zəfəri, Azərbaycan xalqının əzmkarlığını və vətənpərvərliyini nümayiş etdirir. 8 Noyabr, Azərbaycanın milli qüruru və tarixi uğuru olaraq uzun müddət yaddaşlarda qalacaq.
YAP Zərdab rayon təşkilatının sədri
İlkin Əliyev