Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur
Şanlı qələbəmiz, ölkəmizin siyasi, iqtisadi uğurları, qlobal arenada artan nüfuzu anti-Azərbaycan dairələrinin ürəyincə deyil. Uğurlarımızı həzm edə bilməyən müxtəlif xarici dairələrin ölkəmizə qarşı həyasızcasına apardıqları informasiya müharibəsi, qarayaxma kampaniyası bu gün nəinki səngiyir, hətta getdikcə daha şiddətli forma alır. Xüsusilə də Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə evsahibliyi edəcəyi məlum olduqdan sonra bu hücumlar özünü daha qabarıq şəkildə göstərir. Şübhəsiz ki, ədalətin Azərbaycanın tərəfində olduğu bu qarşıdurmada ölkəmizə qarşı aparılan çirkli informasiya savaşında mətbuat böyük rol oynayır.
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev KİV-in həqiqətdən uzaq məlumatlara qarşı mübarizəsindən danışmaqla yanaşı, medianın xüsusi məsuliyyət daşıdığını açıq şəkildə bəyan etdi. Birmənalı şəkildə ölkə başçısının media forumunda səsləndirdiyi fikirlər “dördüncü hakimiyyət” üçün dəyərli tezislər olmaqla yanaşı, həm də ermənipərəst dairələrə, Cənubi Qafqaz regionuna mənfi təsir göstərməyə çalışan qüvvələrə tutarlı cavab oldu.
Müharibə təkcə döyüş meydanında yox, həm də siyasi ritorikada, KİV-də və son zamanlar sosial şəbəkələrdə aparılır. Hər bir ölkə bu amansız müharibənin hədəfi ola bilər. Çünki informasiya müharibəsi qaydaları olmayan və bəzən hətta dəqiq müəyyən edilmiş düşməni olmayan savaşdır. İstifadə olunan üsulların müxtəlifliyi sonsuzdur və əsas təhlükə odur ki, böyük insan kütləsinə təsiri uzun müddət aşkar edilmədən qala bilər. İkinci Qarabağ müharibəsində qalib gəlməsindən sonra Azərbaycan da məhz bu informasiya müharibəsi ilə üz-üzədir. Qarabağ işğal altında olan zamanda da ölkəmizə qarşı geniş qarayaxma kampaniyaları aparılırdı. Qarabağ münaqişəsi başa çatdıqdan sonra da bu destruktiv fəaliyyətə son qoyulmadı, daha geniş miqyas aldı. Azərbaycanla bağlı təhrif olunan və yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş şəkildə yayılmağa başladı və təəssüf ki, iyrənc kampaniya bu gün də davam edir.
Ölkəmizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisinin və onlarla əməkdaşlıq edən müxtəlif siyasi-iqtisadi maraqları olan xarici qrupların dayanması heç kəsə sirr deyil. Belə şər qüvvələrin məqsədləri Azərbaycanı ləkələmək, ölkəmiz haqqında təhrif olunmuş məlumatlar yaymaqdır. Yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mövzusu ilə bağlı suala cavabında Prezident İlham Əliyev bu destruktiv fəaliyyətin həyatımızın bir hissəsinə çevrilməsindən təəssüfləndiyini bildirdi. Dövlət başçısı vacib məsələnin müzakirəsinə toplaşan çoxsaylı media nümayəndələrinin diqqətinə çatdırdı ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur və ölkəmiz barədə təqdim edilən faktların manipulyasiyasına, yanlış təsəvvürlərə yol verilir. Əlbəttə, saxta və yalan məlumatlara əsaslanan kampaniyaların qlobal miqyasda vüsət aldığı bir şəraitdə Azərbaycan dövlətçiliyinin maraqlarını müdafiə etmək, vətəndaşlarımızın dolğun və etibarlı məlumat almaq hüquqlarını təmin etmək hər bir dövlətin qarşısında dayanan əsas vəzifələrdən biridir. Azərbaycan mediası da bu çətin, eyni zamanda, məsuliyyətli və şərəfli vəzifənin öhdəsindən gəlmək üçün resurslarını cəmləşdirərək bu sərhədsiz və qaydasız savaş açanlara qarşı mübarizə aparır. Bu strateji məsələ dövlət rəhbərliyinin də diqqət mərkəzindədir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Azərbaycan hazırda qalib ölkə olaraq sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifidir
Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Mətbuat daim bu çağırışları fəaliyyətinin önündə saxlayır: Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.
Dövlət başçısı İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda ikinci Şuşa Qlobal Media Forumunda çıxışı və iştirakçıların suallarına cavabı Azərbaycan həqiqətlərinin, postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün mühüm platforma oldu. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə olundu. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri ikinci dədə bir araya gətirdi. Cənab İlham Əliyev ötən il keçirilən Forumda bu mühüm addımı belə əsaslandırmışdır ki, 2022-ci il burada, Şuşada Azərbaycanın media nümayəndələrinin birinci Forumu keçiriləndə bu tədbirdə iştirak etmədim. Prezident Administrasiyasına göstəriş verdim ki, gələn dəfə bu tədbiri beynəlxalq Forum səviyyəsində təşkil etmək lazımdır: “Bu, artıq baş verir və mən qərara aldım ki, gəlim burada iştirak edim. Mən bu tədbirdə çıxışçı kimi təqdim edilmişdim. Ancaq mən hesab etdim ki, burada uzun-uzadı çıxış etməyə ehtiyac yoxdur. Hesab etdim ki, bu sorğu-sual daha maraqlı olar.”
Cənab İlham Əliyev Forumdakı çıxışında region üçün perspektivlərdən bəhs edərək diqqəti hazırkı dövrün əsas çağırışlarından olan Ermənistanla münasibətlərdə yeni səhifənin açılması, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması məqsədilə sülh müqaviləsinin imzalanması təklifinə yönəltdi. Bildirdi ki, Cənubi Qafqaz ölkələrindən bəhs ediriksə, bu ölkələrin hər birində çox ciddi siyasi və xarici siyasi transformasiyalar baş vermiş və baş verməkdədir. Hətta, kəskin dəyişikliklərə yaxın transformasiyalar baş vermişdir ki, bu da Cənubi Qafqazda yeni vəziyyətin üzə çıxması deməkdir. Bunu dərindən başa düşməliyik. Bundan irəli gələrək Gürcüstanın, Ermənistanın, Azərbaycanın xarici siyasət vektorlarının necə inkişaf etməsindən asılı olaraq, biz sizin sualınıza cavab verə bilərik ki, hansı Cənubi Qafqazda yaşamaq istəyirik. Hamı deyəcək ki, biz sülh içində yaşayan, münaqişəsiz, müharibəsiz, ərazi iddiası olmayan, hamının bir-birini sevdiyi, əməkdaşlıq etdiyi Cənubi Qafqaz istəyirik. Lakin bu, badə qaldıranda gözəl kəlamlardır, real siyasət üçün belə deyil. Odur ki, həm Gürcüstanda, həm də Ermənistanda yeni xarici siyasət gündəliyi formalaşan dövrdə onu dərindən düşünməli, təhlil etməli və bundan sonra, – Azərbaycanda bu dəyişməyib və əminəm ki, dəyişməyəcək, – biz müəyyən tədbirlər görməliyik ki, inteqrasiya olmasa da, ən azından müəyyən əməkdaşlıq mövcud olsun.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Müasir dövrdə media ictimai rəyə təsir edən güclü vasitədir
Müasir dövrdə insanlar dünyada baş verən hadisələrlə bağlı məlumatları ən çox media vasitəsilə alır, bu məlumatlar əsasında dünya haqqında təsəvvürü və konkret məsələ ilə bağlı fərdi və kollektiv mövqeyi formalaşır. Media artıq ənənəvi rolu olan informasiya istehsalı, emali və paylaşması funksiyasını aşaraq kommunikasiya aləti kimi cəmiyyətin sosial strukturları ilə əlaqə, yeni sosial-mədəni irs formalaşdırmaq və yaymaq qədər genişlənib. Azərbaycan Prezidentinin 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində toxunduğu məqamlardan bir kütləvi şüura təsir alətlərindən biri olan və müasir dövrün ən güclü silahlarından hesab edilən dezinformasiya və manipulyasiya təbliğatı idi. Azərbaycanın da zaman-zaman məruz qaldığı bu təbliğat haqqında danışan dövlətimizin başçısı dezinformasiya və manipulyasiyanın iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinə təsirini xüsusi vurğuladı.
Son on illikdə ictimai informasiya vasitələrinin fəal transformasiyası prosesi getdi və iqtisadi amil burada əsas məlumatverici funksiya kimi rol oynadı. Məhz iqtisadi dairələrin qlobal mediaya təsirləri siyasi məqsədlərə nail olmaq, qərarların qəbulunu qiymətləndirmək, iqtisadi potensiala təsir göstərmək, dövlətlərin siyasətinə təsir alətləri əldə etmək və digər məqsədlər üçün səfərbər edildi. Digər tərəfdən, sosial şəbəkələr gündəm diktə edir, sosial medianın fikir liderləri, bir sıra xəbər saytları, blogerlər bu mövzudan öz maraqları üçün istifadə edir, bununla da dövlətin siyasətini bəlli olmayan dairələr idarə edir. Mediada təbliğat aktivləri kimi bir qrup istinad üçün dezinformasiya yayır, digər bir qrup isə bu hekayəni təkrarlayaraq “reallığa” çevirir və beləliklə də psevdoreallıq formalaşdırılır. Məsələn, Xankəndidəki “aclıq”, “blokada” kimi “reallıq” şouları buna nümunədir.
Azərbaycan Prezidentinin xüsusi vurğuladığı məqam isə “deep-fake” texnologiyalarının təhlükəli inkişafı tendensiyaları və risklərlə bağlı narahatlığı idi. Məsələ ondadır ki, bəşəriyyət süni intellektin insan şüuru ilə təmas mərhələsindədir, bu təmasın miqyası və sərhədi insana bəlli deyil. Süni intellekt insan emosiyalarının öyrənilməsi və təkrar etməsi kimi bir sıra xüsusiyyətlərə yiyələnib. Süni intellektdən istifadə etməklə vizual olaraq etibarlı görünən, yoxlanılması mümkün olmayan məlumatlarla, siyasi-ictimai, iqtisadi və təhlükəsizlik sahəsində təhdid və risklər formalaşdırılmaqdadır. Məşhur şəxslərin təsvirlərini emosional təsir vasitələri, qorxu və ya ümid təşviq edilməklə geniş kütlələrin düşüncə və davranışlarına təsir məqsədilə istehsal olunan “deep-fake” texnologiyaları bu gün qlobal təhlükəsizliyə hədədir. Digər tərəfdən “deep-fake” texnologiyaları ilə cəlbedici və şübhəli fenomen obrazlarının tirajlanması ilə faktiki olaraq psevdoqəhrəmanlar istehsal edən fabrik formalaşdırmaq tendensiyası izlənməkdədir. Əlbəttə, bunun qarşısının alınması yolları var və belə məlumatların saxtalığının proqnozlaşdırılmasını mümkün edən “maşın öyrənmə” texnologiyalarının tətbiqi son illər geniş yayılmaqdadır. Bunun üçün qabaqcıl informasiya texnologiyalarının imkanlarından istifadə vacibdir. Bu isə heç də hamının əldə edə biləcəyi imkan deyil.
Bu haqda xüsusi olaraq bir məqamı – son illər bir sıra regionlar üçün həssas olan cəmiyyətlərin dini inancının istismarı faktı üstündə dayanmaq istəyirəm. “Deep-fake” texnologiyaları ilə ənənəvi dini münasibətlərin transformasiyası, ənənəvi dinlərin rolu və sosial-mədəni əhəmiyyətinin azalmasına yönəlik sistemli əməliyyatlar aparılmaqdadır. Bu şərtlərdə qlobal səviyyədə dinlərin mistika, okkultizm, ezoterika elementli qeyri-ənənəvi təzahürlərinə maraq artır, yeni dini ünsiyyət formalarının yaradılması ilə yeni cərəyanlar formalaşdırılır və s. Bütün bunlar isə yekun olaraq dini fundamentalizm, dini ekstremizm və terrorizm üçün zəmin rolunu oynayır.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Dünya ictimaiyyətinə bir daha bəlli oldu ki, gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur
Prezident ABŞ-nin aparıcı media qurumlarının da yalan xəbərlər yaydığını diqqətə çatdırdı. Dedi ki, sabiq Prezident Donald Tramp “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı “feyknyus”, yəni yalan xəbər mənbəyi adlandırıb. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır. Bir çox xalqın və ölkənin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olur. Trampın səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Vaxt keçdikcə siyasi dairələrdə – Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır.
Tədbir iştirakçlarında Azərbaycanın heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəni unutmayacağına inam ifadə olundu. Gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Azərbaycanın Qarabağda Qələbəsi yeganə geosiyasi dəyişiklik deyil. Cənubi Qafqaz ölkələri müharibə vəziyyətinə düşməsəydi, təbii ki, iqtisadi inkişaf və siyasi əməkdaşlıq baxımından nümunə ola bilərdi. Media subyektlərinə də bəlli oldu ki, Azərbaycan regionda və postsovet məkanında yeganə ölkədir ki, Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Bununla yanaşı, ölkəmiz “OPEC Plus” formatının üzvüdür. Azərbaycan neft hasil edən ölkələrlə fəal şəkildə işləyir.
Bütün bunlar Fransanın uydurması, medianı feyk xəbərlər yaymağa məcbur edərək çətin vəziyyətə salmasıdır. Təəssüf ki, Avropa İttifaqında, BMT-də Azərbaycana qarşı soyuq müharibə əlamətləri özünü açıq şəkildə büruzə verir. Buna baxmayaraq, Azərbaycan kolonializmdən əziyyət çəkən xalqları dəstəkləməyə davam edəcək. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bu mənada müstəsna əhəmiyyətə malikdir. Təəssüf ki, kolonializmdən əziyyət çəkən xalqların səsini heç kəs eşitmir.
Dünya ictimaiyyətinə bir daha bəlli oldu ki, gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. Azərbaycanın öz siyasəti, baxışları var, hər bir ölkənin müstəqilliyini dəstəkləyir, qoruyur və hər şeydən üstün tutur.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisədir
Tarixi şəhərimiz olan Şuşa erməni işğalından azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edib. Bugünlər isə Qarabağın incisi olan şəhərdə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirilib. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Bütün bunlar beynəlxalq tədbirin önəmindən xəbər verir.
Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə olunub. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ikinci dəfədir ki, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayıb. Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar. Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verilib.
Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış günündə bir çox məsələlər, o cümlədən regionda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və digər mövzularda çoxsaylı sualları cavablandırıb. Dövlət başçısının dediyi kimi, Azərbaycan haqqında beynəlxalq mediada dezinformasiyalar yayılır. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq. Xüsusilə, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu dövrdə də belə hallar çox idi. Azərbaycan işğala məruz qaldığı halda belə, bizi bir sıra beynəlxalq meda təcavüzkar adlandırırdı. Burada məqsəd əsl həqiqətləri dünya ictimaiyyətindən gizlətmək və Azərbaycanın beynəlxalq müstəvidə imicinə zərbə vurmaq idi. Bu prosesdə xaricdəki anti-azərbaycançı mərkəzlər, erməni lobbisi və diasporu əsas rol oynayırdı. Ona görə də, Şuşa Forumunun müzakirə mövzusu çox aktual idi. Dezinformasiyalara qarşı bütün sağlam cəmiyyətlər mübarizə aparmalıdır.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Dövrün tələblərinə uyğun olaraq geniş miqyas alan islahatlar mətbuatdan da yan keçmir
1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.
Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın müstəqillik tarixində mətbuatın inkişafından bəhs edərkən göz önünə dərhal Ulu Öndər Heydər Əliyevin xidmətləri gəlir. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. 1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb. Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlandı və qəbul olundu. Cənab İlham Əliyevin mətbuatın inkişafına diqqət və qayğısı davamlılığı ilə diqqətdədir.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olması diplomatik uğurlarının davamlılığında mühüm rol oynayır
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. “Euronews” televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklaflin-İstham “Mənim üçün böyük şərəfdir ki, bu cür çox mötəbər 2-ci Şuşa Qlobal Media Forumunda iştirak edirəm. Biz buraya səyahət edərkən çox gözəl, səfalı təbiətin, möhtəşəm tunellərin şahidi olduq və möhtərəm cənab Prezident, Sizə bu işdə uğurlar arzu edirəm. Mən şadam ki, bugünkü tədbirimiz Zati-aliləri, cənab İlham Əliyevin himayəsi altında keçirilir” fikirləri ilə Azərbaycanın belə mühüm tədbirə ev sahibliyini təqdir etdiyini, Prezident İlham Əliyevə etimadın böyüklüyünü, hər bir təşəbbüsünün yüksək dəyərləndirildiyini nümayiş etdirdi. Cənab İlham Əliyev “Ölkənizdə o tədbirdən bu günədək media sahəsində hansı dəyişikliklər baş veribdir” sualını cavablandırarkən bildirdi ki, burada 49 ölkədən və ev sahibi ölkədən nümayəndələr, jurnalistlər var. Yəni, bu gün Qarabağda ikinci dəfə əllidən artıq ölkənin nümayəndəsi bir araya gəlib: “Mən xatırlayıram ki, ötən il məhz bu auditoriyada, məhz bu tarixdə mənim iştirakçılarla çox maraqlı söhbətim oldu və o vaxt mən arzumu bildirdim ki, bu forum bir ənənəyə çevrilsin və gördüyünüz kimi, bu tədbir artıq bir ənənəyə çevrilibdir. Deyərdim ki, mən ötən forumdan bəri regionda və ölkədə baş verən hadisələrlə bağlı geniş danışmağa başlasam, bizim vaxtımız qalmaz. Bu, təkcə media sahəsində deyil, ümumiyyətlə, ölkədə və regionda baş verən hadisələrdir. Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, – bu, ötən ilin sentyabrında baş verdi, – ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu. Bundan əlavə bir çox hadisələr baş verdi və ümid edirəm ki, bütün bu hadisələr regionu daha proqnozlaşdırılabilən edəcəkdir.”
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycanın tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasəti uğurlu nəticələrini verir
Tarixi Zəfərimizdən sonra Şuşa Qlobal Media Forumu ənənəsinin yaradılması da mətbuatın cəmiyyətdə roluna verilən dəyərin, onlara diqqət və qayğının göstəricisidir: “İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumu 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağı, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyini, 3 beynəlxalq təşkilatı və 82 media qurumunu bir araya gətirdi. Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Dövlət başçısı İlham Əliyev açılış mərasimindəki çıxışında bu məqamı xüsusi qeyd etdi ki, Qarabağın tacının dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri ikinci dəfə bir araya gətirməsi mühüm hadisələr sırasındadır.
Bu məkandan reallıqlarımızın beynəlxalq ictimaiyyətə çatdırılması özündə bütün məqamları ehtiva edir. Forumun mövzusuna diqqət yetirməklə günümüzün çağırışları aydın olur. Prezident İlham Əliyev çıxışında, həmçinin sualları cavablandırarkən dezinformasiyaların yaratdığı problemlərə diqqəti yönəltdi. 30 illik işğal dövrünün reallıqlarından bəhs edən cənab İlham Əliyev bildirdi ki, biz etnik təmizləmənin, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq Azərbaycanı dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində ölkəmiz beynəlxalq sanksiyalara məruz qaldı. 1992-ci ildə ABŞ konqresində ermənipərəst nümayəndələrinin səyləri nəticəsində Azərbaycana qarşı sanksiyalar tətbiq edildi. Yəni, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi. Müstəqilliyini yeni bərpa etmiş ölkə idik və ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Daha sonra dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir. Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq. Məhz bu, ən səmərəli üsuldur.
Cənab İlham Əliyevin vurğuladığı kimi, dezinformasiyalar çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu xələl gətirmir. Eyni zamanda, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır.
Bütün hallarda Azərbaycanın tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasəti uğurlu nəticələrini verir. Azərbaycanın müstəqil xarici siyasəti, özünü təmin edən iqtisadiyyatı, tərəfdaşları ilə əməkdaşlığı hədəflərə addım-addım irəliləməsinə, yeni körpülər qurmasına stimuldu.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc