Ukrayna prezidenti seçkilərinin keçirilməsi və ya Volodimir Zelenskinin istefası Ciddədə keçirilən ABŞ və Ukrayna nümayəndələrinin danışıqlarında müzakirə olunmayıb.
Qanunla.az xəbər verir ki, bu barədə “Fox News”un jurnalisti Nana Sadjaya danışıqlarda iştirak edən mənbəyə istinadən bildirib.
“ABŞ və Ukrayna arasında aparılan danışıqlarda birbaşa iştirak edən mənbə mənə bildirdi ki, nə prezident seçkilərinin keçirilməsi, nə də Zelenskinin istefası Ciddədə müzakirə olunmayıb”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.
Görüşdən sonra Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifi ilə razılaşıb. Lakin bunun üçün əsas şərt Rusiyanın da eyni anda və eyni şərtlərlə bu tələbi qəbul etməsi və yerinə yetirməsidir.
Danışıqlarda iştirak edən prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib ki, ABŞ yaxın vaxtlarda Rusiya tərəfi ilə bunu müzakirə etmək niyyətindədir. ABŞ prezidenti Donald Tramp isə bu gün və sabah Moskva və Vaşinqton nümayəndələrinin yeni görüşlərinin keçiriləcəyini açıqlayıb. O, həmçinin bu həftə Rusiya prezidenti Vladimir Putinə zəng etməyi planlaşdırdığını bəyan edib.