image-qanunla-reklam
image-16263624682390437391_367x266

Adil Əliyev: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü təşkilatın mühüm nailiyyətləri ilə xarakterizə olunur

image-lady-day-az

İyul ayının 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin iştirakı ilə keçirilən aralıq konfransında Azərbaycan Prezidenti İlham Əliyev dünyaya bir daha açıq mesajlar verdi.
Azərbaycanın apardığı uğurlu diplomatik kurs nəticəsində bir çox ölkələrlə həm ikitərəfli, həm də çox tərəfli münasibətlər qurulub. Eyni zamanda, dünyanın bir çox dövlətləri də regionun lideri olan Azərbaycanla dostluq münasibətlərinin yaradılmasında daim maraqlıdırlar. Ölkəmiz sədrliyi üzərinə götürdüyü beynəlxalq təşkilatlara uğurla rəhbərlik edir, eləcə də yüksək səviyyəli görüşləri uğurla keçirərək qaldırılan problemlərin həllinə nail olur.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirib.
Komitə sədri qeyd edib ki, diplomatik müstəvidə aparılan uğurlu siyasət nəticəsində Azərbaycan bir çox dövlətləri özündə birləşdirən Qoşulmama Hərəkatının 2019-2022-ci illərdə sədri seçildi. 2016-cı ildə təşkilatda sədrliyi üzərinə götürən Azərbaycan bu vəzifənin öhdəsindən layiqincə gəlir.
Azərbaycan 10 ildir ki, ölkəmiz üzvüdür Altmış il əvvəl əsası qoyulmuş Qoşulmama Hərəkatının. Hərəkatın 2019-cu ildə Bakıda Zirvə görüşü təşkil edildi və Azərbaycan təşkilatda sədrliyə başladı. Hərəkata rəhbərlik etdiyimiz gündən başlayaraq, görülən işləri aşağıdakı kimi xarakterizə edə bilərik: “Birincisi, ölkəmiz Qoşulmama Hərəkatının sədri olaraq, ilk növbədə, dünyanı iflic vəziyyətinə salmış pandemiyaya qarşı birgə mübarizə aparmaq və bütün səylərin səfərbər edilməsi məqsədilə beynəlxalq təşəbbüslərlə çıxış etdi. İlk növbədə, 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşü təşkil olundu. Görüşdə Təmas Qrupunun üzvləri ilə yanaşı, BMT-nin Baş katibi, Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru və digər vəzifəli şəxslər də iştirak etdilər. Zirvə görüşündə qarşıya qoyulmuş hədəflərdən biri də tibbi ehtiyacların müəyyən edilməsi məqsədilə Hərəkata üzv dövlətlərin məlumat bazasının yaradılması idi. Hansı ki, bu gün ÜST koronavirusa qarşı aparılan mübarizədə mövcud ehtiyacların müəyyənləşdiriilməsi məqsədilə istinad mənbəyi kimi həmin məlumat bazasından istifadə edir.
İkincisi, təşkil edilmiş görüşdə Qoşulmama Hərəkatının adından dövlətimizin başçısı tərəfindən pandemiyanın qarşısının alınması və fəsadların aradan qaldırılması məqsədilə dövlət və hökumət başçıları səviyyəsində Birləşmiş Millətlər Təşkilatına Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edildi. Təklif BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənərək qəbul edildi və BMT-nin Xüsusi Sessiyası 2020-ci il dekabrın 3-4-də baş tutdu.
Üçüncüsü, ölkəmiz sədr olaraq mandat aldığı Hərəkatın adından qeyd olunan işləri görməklə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatına pandemiyaya qarşı mübarizədə effektivliyi artırmaq, habelə tibbi avadanlıqların alınması məqsədilə könüllü maliyyə töhfəsi etdi. Qeyd olunan vəsaitin yarısının Qoşulmama Hərəkatına üzv olan dövlətlərdə pandemiyaya qarşı mübarizənin qarşısının alınmasında istifadə edilməsi nəzərdə tutuldu. Eyni zamanda, ölkəmizin atdığı addımlar, ilk növbədə, dövlətimizin, sonra isə Hərəkatın nüfuzunun yüksəldilməsinə xidmət edir. Belə ki, ölkəmiz dünyada peyvəndin qeyri-bərabər bölünməsinə diqqət çəkərək, ümumi bəlaya qarşı mübarizədə birliyin vacibliyinə toxundu və qeyri bərabər bölgünün tam ədalətsiz olduğunu qeyd etdi.
Dördüncüsü, Qoşulmama Hərəkatı kimi böyük bir təşkilata sədrlik edən ölkəmiz Tovuz döyüşləri, eləcə də şanlı tariximizin ən böyük hadisəsi olan Vətən müharibəsi zamanı Hərəkata üzv olan ölkələr tərəfindən geniş şəkildə dəstəkləndi və Azərbaycanın ərazi bütövlüyünün bərpasında haqlı olduğunu ifadə edən vahid mövqe sərgilədilər”.
A.Əliyev vurğulayıb ki, görülən genişmiqyaslı işlərin və atılan doğru addımların nəticəsində Qoşulmama Hərəkatına üzv dövlətlər Ermənistanın ölkəmizin ərazisini işğal etməsi və işğal faktını təsdiqləyən BMT-nin dörd qətnaməsinə istinad edərək, lap əvvəldən haqlı mövqeyimizi dəstəklədilər. Eləcə də 2020-ci ilin iyulunda Tovuz rayonunda Ermənistan tərəfindən törədilmiş təxribatla bağlı Qoşulmama Hərəkatı üzvləri tərəfindən Ermənistanın törətdiyi cinayətlərin dayandırılması ilə bağlı vahid mövqe nümayiş etdirildi. Eyni zamanda, Vətən müharibəsi dövründə Birləşmiş Millətlər Təşkilatının üzvü olan bəzi dövlətlər BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni heçə sayaraq, qərəzli addımlar atmağa cəhd etdikləri anda Qoşulmama Hərəkatının üzv dövlətləri qərəzli addımların qarşısını alınmasında xüsusi fəallıq göstərdilər. Onlar qəbul ediləcək sənədin mətnində sözügedən dörd qətnaməyə istinad edilməli olduğunu bildirərək, bunun həm Azərbaycanın pozulmuş hüquqlarının müdafiəsi xarakteri daşıdığını bildirdilər. Bu, həm beynəlxalq hüququn, həm də “Bandunq prinsipləri”nin tələbi idi.
“Bu gün ölkəmiz Qoşulmama Hərəkatı da daxil olmaqla, bir çox beynəlxalq təşkilatlarda uğurla təmsil olunur, habelə sədr kimi təşkilatın fəaliyyətinin genişləndirilməsi, gənclər sahəsində əməkdaşlığın zərurəti kimi təşəbbüslərlə çıxış edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki