Akademik Zərifə Əliyeva çoxillik səmərəli elmi fəaliyyəti.
Elə insanlar var ki, onların həyatı mayaka bənzəyir. Başqaları da belə insanlara oxşamağa çalışır, onları özləri üçün nümunə sayırlar. Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva bu qəbildən olan insanlar sırasında yer alır. Zəngin və mənalı ömür yolu keçən Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Akademik Zərifə Əliyeva Azərbaycanda peşə oftalmologiyasının əsasını qoyub. Zərifə Əliyevanın traxoma xəstəliyi ilə bağlı apardığı elmi axtarışlar və səmərəli praktiki fəaliyyəti bütün respublika miqyasında böyük maraqla izlənilirdi. Gənc alim tezliklə Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi seçildi. O, paralel şəkildə qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri apardı. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Apardığı tədqiqatların nəticələri olaraq Zərifə xanım Əliyeva 1960-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edib. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verib. Ötən əsrin altımışıncı illərinin sonlarından etibarən Zərifə Əliyeva fəal həkimlik fəaliyyəti ilə məşğul olurdu. Diqqətəlayiqdir ki, Ulu Öndər Heydər Əliyev respublikamızın tərəqqisi naminə Azərbaycanda sənayeni yeni inkişaf mərhələsinə yüksəltdiyi bir vaxtda Zərifə xanım Əliyeva təzə tikilmiş zavod və fabriklərdə işləyən sadə əməkçilərin qayğısına qalır, onların peşə xəstəlikləri probleminin həlli uğrunda çalışırdı. Zərifə xanım peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olmuş, əslində, elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Peşə oftalmologiyası Zərifə xanımın ilklərə imza atdığı yeganə elmi istiqamət deyil. O, həm də alternativ təbabət sahəsi olan iridodiaqnostikanı bir elm kimi araşdıran ilk alimlərdən idi. Zərifə xanım “İridodiaqnostikanın əsasları” kimi fundamental elmi əsərin müəlliflərindən biri idi. Həmin dövrdə kitabın nəşri də elə Zərifə xanımın səyi nəticəsində mümkün olmuşdu. Tibb elminə gətirdiyi yeniliklər Zərifə xanım Əliyevaya hələ sağlığında bütün dünyada böyük şöhrət qazandırmışdı. Zərifə xanım Əliyevanın tədqiqatları, elmi axtarışları Azərbaycanda bir yenilik idi. Sonralar böyük xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdi. Həkim kimi peşə fəaliyyətində, alim kimi elmi axtarışlarında böyük uğurlar qazanan Zərifə xanım Əliyeva barəsində söhbət açarkən onun xalqımızın tarixdən gələn ailə ənənələrinə sadiqliyini də xüsusi qeyd etmək lazımdır. O, peşəsini sevdiyi kimi, ailəsinə, uşaqlarına, ömür-gün yoldaşına da bütün varlığı ilə bağlı idi. Heydər Əliyev kimi yüksək vəzifələrdə çalışan şəxsiyyətin ömür-gün yoldaşı olmaq Zərifə xanım üçün yalnız xoşbəxtlik deyildi, həm də böyük məsuliyyət idi. O dövrün gərgin, ziddiyyətlərlə dolu ictimai-siyasi ab-havasını göz önündə canlandırsaq, onun çiyinlərinə necə ağır yük düşdüyünü təsəvvür edə bilərik. Ancaq burada da Zərifə xanımın təmkini, ağılı, ömür-gün yoldaşına böyük sevgisi, ana olmağın məsuliyyətini bütün miqyası ilə dərk etməsi onun ailəsində gözəl ab-havanın yaranmasını şərtləndirirdi. Məhz buna görə də onun ailəsinə xoşbəxtlik hakim kəsilmişdi.
Zərdab rayon Nizami adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Rəhilə Xəlilova.
Kimsəsiz uşaqlara qayğı.
Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində həkim Əziz Əliyevin və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. 1942-ci ildə orta məktəbi başa vuran Zərifə xanım elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olub. 1949-1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasınım dosenti, professor, 1082-1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiyakafedrasının müdiri vəzifələrində çalışmışdır. Zərifə xanım Əliyeva 8 noyabr 1954-cü ildə ümummilli lider Heydər Əliyev ilə ailə həyatı qurmuş, övladları, 1955-ci ilin 18 oktyabr tarixində Sevil Əliyeva, 1961-ci il 24 dekabr tarixində İlham Əliyev dünyaya gəlmişdir. Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlər göstərmiş Zərifə xanım Əliyeva qayğıkeş ana, gözəl həkim olmaqla yanaşı öz xalqına, xüsusilə köməyə ehtiyacı olan insanlara hər zaman təmannasız yardım edən zəngin mənəviyyata sahib müdrik bir şəxsiyyət idi. O, uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqların arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərmişdir. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənməyib respublikamızın şəhərlərini, rayon və kəndlərini bir-bir gəzərək xəstəliyin yaranma səbəblərini araşdırıb və geniş şəkildə müalicə-profilaktik tədbirlər həyata keçirmişdir. XX əsrin 40-cı illərindən Azərbaycanda yayılmış traxoma xəstəliyi ciddi potoloji fəsadlar törədirdi. Bu xəstəlik gözləri zədələyir bəzi vaxtlarda isə tam korluğa səbəb olurdu. Məktəblərdə, uşaq evlərində xüsusilə geniş yayılmış bu xəstəlik uşaqların görmə qabiliyyətinə daha ciddi zərbələr vururdu. Məhz bu səbəbdən bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım Əliyeva traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində fəal iştirak etdi. O, xəstəliyin geniş yayıldığı rayonlara gedirhəkim-oftalmoloqlara maarifləndirici məlumatlar verir, korreksiyaedici tədbirlər həyata keçirirdi. Onun fəaliyyəti, qələmə aldığı əsərlər oftalmologiya elminə böyük töhfələr vermişdir. Fəaliyyəti ilə öz xalqına, vətəninə müstəsna xidmətlər göstərmiş Zərifə xanım Əliyeva 1981-ci ildə oftalmologiya elminin inkişafına verdiyi töhfələrə görə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ. Averbax mükafatına layiq görüldü. Xeyirxahlığı, mərhəməti, yardımsevərliyi ilə insanların qəlbində əbədi özünə yer etmiş Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprel ayının 15-də Moskva şəhərində dünyasını dəyişmişdir. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.
Zərdabi adına tam orta məktəbin direktoru Elvin Xəlilov