Alim və oftalmoloq..
Akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Onun vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın profilaktikası və müalicəsi üzrə hələ gənc mütəxəssis kimi əldə etdiyi nailiyyətlər Azərbaycanda oftalmologiyanın bu sahəsinə mühüm nəzəri və praktiki töhfələr vermişdir. Görmə orqanının peşə patologiyaları ilə bağlı apardığı tədqiqatlar isə alimi artıq keçmiş Sovet məkanında tanıtdırdı.Zərifə Əliyevanın zəngin elmi-tədqiqat fəaliyyətində zərərli iş şəraiti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi üzrə tədqiqatlar Azərbaycan Milli Elmlər Akademiyasının akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə bağlı olub. 1979-cu ildə Azərbaycan EA Rəyasət Heyətinin və Səhiyyə Nazirliyinin birgə qərarı əsasında İnstitutun tərkibində Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın rəhbərliyi altında “Görmənin fiziologiyası” laboratoriyası yaradıldı. Bu labotatoriyanın yaradılması ilə nəinki İnstitutun elmi fəaliyyətində, eləcə də milli oftalmologiya məktəbinin inkişafında yeni bir səhifə açıldı. Sahələrarası elmi-tədqiqat qurumu kimi Bakı məişət kondisionerləri zavodunda, kimya sənayesinin bir sıra istehsalat müəssisələrində aşağı toksikliyə malik məhsulların fəhlə və qulluqçuların görmə orqanlarına təsirinin fizioloji və kliniki aspektlərinin öyrənilməsi üzrə tədqiqatlara başlandı və az bir müddətdə oftalmologiyanın bu yeni sahəsində mühüm nəticələr əldə edildi. Elmi araşdırmaların nəticələri əsasında bir neçə monoqrafiya, o cümlədən «Şin istehsalında gözün peşə patologiyası», «Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya», «Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası» monoqrafiyaları çap edilmiş və dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərləri onun onun novator tədqiqatçı kimi tanınmasında xüsusi rol oynamışdır. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfələrə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə akademik Zərifə Əliyeva oftalmologiya elmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmologiya” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi..
Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov.