Ana dili xalqın ən vacib milli dəyəri və milliliyini qoruyan əsas atributudur
Azərbaycan xalqı üçün ana dili olan Azərbaycan dili, tarix boyu milli-mədəni birliyin formalaşmasında və qorunmasında müstəsna rol oynamışdır. Ana dili xalqın mənəvi-mədəni sərvəti olmaqla yanaşı, onun tarixi yaddaşı, milli özünüdərki və dövlət müstəqilliyinin təməl sütunlarından biridir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qeyd etdiyi kimi, fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var. Bu müdrik və dərin məna kəsb edən sözlər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ana dilimizə verdiyi böyük dəyərin bariz ifadəsidir. Həyatını xalqının, Vətəninin inkişafına, intibahına həsr edən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib.
Azərbaycan dili bizim millət olaraq keçmişimizə, bu günümüzə və sabahımıza açılan mənəvi körpüdür. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dili xalqımızın milli kimliyini, mədəniyyətini və tarixi yaddaşını özündə əks etdirən müqəddəs bir sərvətdir. Dilimiz əsrlər boyu müxtəlif tarixi sınaqlardan keçmiş, lakin heç zaman öz dəyərini və mənəvi əhəmiyyətini itirməmişdir. Azərbaycan dilinin dövlət dili kimi inkişaf etdirilməsi və qoruması istiqamətində Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi.
Azərbaycan dilinin respublikada dövlət dili elan edilməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru