image-qanunla-reklam
image-yenigundem_88a0626b20b7c20e44828a7468df6525_m9n7v2epcxo1juit4rgq-2

Anar Məmmədov: Azərbaycan qlobal məkanda strateji əhəmiyyəti olan dövlətə çevrilib

image-lady-day-az

“Hər bir mötəbər beynəlxalq təşkilatla əməkdaşlıq Azərbaycanın xarici siyasət kursunda əsas yerlərdən birini tutur. Təcrübə göstərir ki, rəsmi Bakının bu məsələdə ortaya qoyduğu mövqe həm də respublikamızın yürütdüyü xarici siyasətin məzmununu nümayiş etdirir. Bu məzmun isə Azərbaycanın siyasi kursunun tamamilə müstəqil olduğunu, milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə qoruduğunu göstərir. Avropa İttifaqı ilə əməkdaşlıqda da bu xətt özünü aydın göstərir.”

Bu fikirləri “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, təbii ki, Avropa İttifaqı ilə tərəfdaşlıqdır: “Son 18 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət, milli maraqlara əsaslanan uğurlu diplomatiya sayəsində Azərbaycan qlobal məkanda strateji əhəmiyyəti olan dövlətə çevrilib. Bunun nəticəsidir ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə əməkdaşlıqda böyük təcrübəyə malikdir. Ölkəmiz demək olar ki, qurumun üzvü olan dövlətlərin üçdə biri ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Bununla yanaşı, Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Son illərdə isə Azərbaycanla Aİ arasında münasibətlərdə yeni bir səhifə açılıb, münasibətlər yeni mərhələyə qədəm qoyub. Bütövlükdə Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Keçən əsrin 90-cı illərindən başlayan bu münasibətlərin dinamikası zaman-zaman fərqli olub. Aİ-nin qonşuluq siyasətinə etdiyi düzəlişlər fonunda 2015-ci ildən bu yana müşahidə edilən sürətli geosiyasi dəyişikliklər Brüssel-Bakı xəttində də maraqlı yeniliklərə səbəb olmaqdadır. Bu, ölkəmizin xarici siyasətinin uğurunun təzahürü kimi təqdirəlayiqdir.”

Deputat bildirib ki, Azərbaycan Aİ-nın təşəbbüskarı olduğu beynəlxalq layihələrdə fəal iştirak edir: “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması ilə təməli qoyulan əməkdaşlıq bu gün müxtəlif istiqamətləri əhatə etməklə münasibətlərə yeni çalarlar gətirir və son illərdə çox ciddi irəliləyişlərlə müşahidə olunur. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri, səfər çərçivəsində ölkə başçımızla görüşü və birgə keçirilən mətbuat konfransı da bunun bariz nümunəsidir. Bu, eyni zamanda, onu göstərir ki, Aİ-nin müharibənin nəticələrinin aradan qaldırılması, regionda uzunmüddətli sülhün yaranması istiqamətində işləməyə hazır olmasını bundan öncə də bəyan etməsi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına verdiyi qiymətin real təzahürüdür.”

A.Məmmədov vurğulayıb ki, bu gün Azərbaycan tək Aİ ilə deyil, həm də bu quruma üzv ölkələrlə də sıx əlaqələrə malikdir: “Bu əlaqələrin bütün səviyyələrdə dərinləşdirilməsi isə həm Azərbaycanın, həm Aİ-nin, həm də bu quruma üzv ölkələrin maraqlarına cavab verir. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi görüşlər və bu görüşdə Aİ rəsmisinin səsləndirdiyi fikirlər bir daha Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini təsdiqləyir.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki