image-qanunla-reklam
image-yenigundem_9261234143defc9c3e645da35b4eb657_u740etp3b69vqk5nwj2i-620x400

Anar Məmmədov: Azərbaycan üçün İƏT daima etibarlı tərəfdaş olub

image-lady-day-az

Azərbaycanın sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar içərisində İqtisadi Əməkdaşlıq Təşkilatının özünəməxsus yeri olduğu bəllidir. Azərbaycan üçün İƏT daima etibarlı tərəfdaş olmuşdur.

Buna görə də Azərbaycan bu əməkdaşlığa istər ticarət əlaqələrinin inkişaf etdirilməsi, istər daxili tələbatın ödənilməsi, istərsə də dünya iqtisadiyyatına inteqrasiyanın artırılması baxımından xüsusi əhəmiyyət vermiş və yüksək qiymətləndirmişdir. İƏT ilə əməkdaşlığı daha da əhəmiyyətli edən isə müstəqilliyinin ilk illərində dünya ilə iqtisadi əlaqələrdən geri qalan Azərbaycan üçün İƏT-in geniş və perspektivli imkanlar yaratması və Azərbaycanın dünya bazarına qoşulmasına yardımçı olması olmuşdur. Ümummilli lider Heydər Əliyev də o dövrdə Azərbaycan iqtisadiyyatını böhrandan çıxarmaq üçün beynəlxalq iqtisadi münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət vermiş və vəziyyəti ustalıqla qiymətləndirərək, Azərbaycanın İƏT ilə münasibətlərinin inkişaf etdirilməsinə çalışmışdır. Ölkəmiz həmçinin İslam Əməkdaşlıq Təşkilatı və sədri olduğu Qoşulmama Hərəkatı çərçivəsində də İƏT üzvləri ilə səmərəli əməkdaşlıq edir.

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat bildirib ki, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Toplantısında ölkə başçısı İlham Əliyev bir sıra strateji əhəmiyyətli məsələlərə toxundu. Ölkə başçısının çıxışı Azərbaycanın regional və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri dəyərləndirmək baxımından da mühüm əhəmiyyət daşıyır. İlham Əliyevin Soçi görüşündən sonra İqtisadi Əməkdaşlıq Təşkilatının tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi bir daha təsdiq edir ki, bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək və təşkilata üzv ölkələr bu dəhlizdən böyük fayda götürəcəklər. Bu dəhliz İƏT ölkələri üçün həm də yeni perspektivlər yaradacaq. Ölkə başçısı eyni zamanda, Ermənistan tərəfindən 30 illik işğal müddətində Azərbaycan torpaqları ilə yanaşı mədəni, dini, tarixi abidələrin yerlə-yeksan edilməsini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Zirvə Toplantısında qəbul edilən Aşqabad Bəyannaməsini isə xüsusilə qeyd etmək lazımdır. Çünki Zirvə Toplantısında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Qazaxıstan, Qırğızıstan və Tacikistanın ölkəmizi tarixi qələbə münasibətilə təbrik etmələri diqqətəlayiqdir. Bu da, əlbəttə ki, İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinə, diplomatik məharətinə verilən yüksək dəyər, Azərbaycan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyinin dəstəklənməsidir.
Bütövlükdə, İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısı  bu təşkilata üzv ölkələrlə Azərbaycan arasında əməkdaşlığın və tərəfdaşlığın uzunmüddətli perspektivlərinin müzakirə edilməsi, eyni zamanda regional əməkdaşlıq səylərində üzv ölkələrin iştirak etmək, həvəsləndirmək, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm məqamlarla yadda qaldı. Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 70 faizi məhz Azərbaycanda formalaşıb. Respublikamız iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə, dünya ölkələri arasında öncül yerlərdən birini tutub. Beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın potensial maliyyə və iqtisadi imkanları yüksək qiymətləndirilib. Bütün bu uğurlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsizliyini və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin mənafelərini əks etdirdiyini bir daha göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki