image-qanunla-reklam
image-1695019618-1df1e942-9463-326e-acb6-ff8e44300262_850

Antiterror tədbirləri təhrik edən erməni təxribatları

image-lady-day-az

Antiterror tədbirləri təhrik edən erməni təxribatları.

Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq  təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb. 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişlər. Prezident cənab İlham Əliyevin haqlı və ədalətli mövqeyini dəstəkləyən Bəyantda qeyd olunur ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Odur ki, antiterror tədbirlərin görülməsi qaçılmaz oldu. İkinci Qarabağ müharibəsi dövründə olduğu kimi bu dəfə də özünü müxalifət adlandıran anti-milli ünsürlər ölkəmizin haqq işinə dəstək verməkdən boyun qaçırdılar. Bununla da həmin üçlük-Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası bir daha öz xain xislətini nümayiş etdirdilər.

Gəlmə kənd tam orta məktəbin direktoru – Rasif Qaçayev

 

 

Antiterror tədbirləri təhrik edən erməni təxribatları.

2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Qırx dörd gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bundan əvvəl 2016-cı ilin dörd günlük Aprel döyüşlərində qazandığımız qələbə ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Belə ki, aprelin 2-nə keçən gecə işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədi boyunca yerləşən ərazilərimiz, Qazax, Tovuz, Gədəbəy rayonlarının kəndləri və adsız yüksəkliklər, o cümlədən Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl rayonlarının kəndləri və bir sıra adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutuldu. Ermənistanın təcavüzkar əməllərinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verildi. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirildi.  Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarəti altına keçdi. Döyüş zamanı ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, o cümlədən düşmənin yüzdən çox hərbi qulluqçusu öldürüldü və yaralandı.

Bundan sonra ordumuz 2018-ci ilin mayında Günnüt Zəfəri ilə yeni bir tarix yazdı. Belə ki, uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu. Azərbaycanın çoxəsrlik tarixinin ən şanlı səhifəsini təşkil edən qırx dörd günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi, milli dövlətçiliyimizin qızıl tarixi, qürur və şərəf rəmzidir. Çünki ordumuzun şücaəti, əsgər və zabitlərimizin canı, qanı bahasına düşmən biabırçı məğlubiyyətə uğradı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, haqq-ədalət öz yerini tapdı.

Bütün bunların fonunda birmənalı demək olar ki, 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən bölgədə keçirilən  lokal xarakterli antiterror tədbirləri də uğurla başa catacaq.

Nəhayət, təcavüzkar Ermənistan və onun havadarları birdəfəlik bilməlidirlər ki, erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılmalı, qondarma xunta rejimi tarxin zibilliyinə atılmalıdır və atılacaq. Bölgədə davamlı sülhə və sabitliyə nail olmağın yeganə yolu budur.

Əlibəyli kənd tam orta məktəbin direktoru – Kəmalə Əliyeva

 

 

Ciddi təhlükə mənbəyi.

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında olan Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən mütəmadi şəkildə təxribatların və terror aktlarının törədilməsi cavab tədbirlərinin görülməsini zərurətə çevirdi. Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirlərinə start verməklə öz suveren ərazilərində separatizmin və “boz zona”nın mövcudluğuna imkan verməyəcəyini, qanunların aliliyini təmin etmək üçün sarsılmaz iradəyə, qətiyyətə və hərbi gücə malik olduğunu bir daha hər kəsə nümayiş etdirir.

Məlum olduğu kimi, Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri son bir neçə ayda ordumuzun mövqelərini müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutmaqla, ərazilərimizin minalanmasını davam etdirməklə məqsədli şəkildə bölgədə vəziyyəti gərginləşdirməkdə idi. Düşmən döyüş mövqelərini şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirməyə cəhd edirdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən təsbit edilmişdi ki, ermənilər hərbi birləşmələrinin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, ordumuzun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi mənfur əməlləri həyata keçirməyə çalışırlar. Məhz Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasəti nəticəsində sentyabrın 19-da düşmənin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması iki mülki şəxsin, həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yeddi hərbi qulluqçusunun həlak olması ilə nəticələndi. Son terror aktları artıq Azərbaycanın qəti və təsirli tədbirlər görməsini qaçılmaz etdi.

Qarabağda lokal xarakterli antiterror tədbirlərini zərurətə çevirən səbəblər kifayət qədər çoxdur. Belə ki, Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti nəticəsində Qarabağın ermənilər yaşayan ərazisi cinayətkar hərbi dəstələrin azğınlaşdığı, narkoticarətin və narkotiklərin tranzitinin, silah alverinin və digər qanunsuz fəaliyyətin həyata keçirilməsi üçün nəzarətsiz, heç bir qanunların, beynəlxalq hüquq normalarının işləmədiyi “boz zona”ya çevrilmişdi. Ermənistanın siyasi rəhbərliyi və Qarabağdakı qanunsuz xunta rejimi təxribat törətmək mövqeyindən əl çəkməyərək Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarını, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə və digər platformalarda keçirilmiş görüşlər zamanı əldə edilmiş razılaşmaları pozmaqda davam edirdilər. Azərbaycan dəfələrlə bəyan etmişdi ki, 10 noyabr 2020-ci il Bəyanatının müddəalarına zidd olaraq Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Qarabağdakı qeyri-qanuni, cinayətkar rejimin mövcudluğu orada yaşayan erməni əhali üçün də ciddi təhlükə yaradırdı. Belə ki, separatçıların fəaliyyətləri dövründə Azərbaycanın işğal altında olan ərazilərində milli-mədəni və təbii sərvətlərimizin talanması nəticəsində bir qrup siyasətçi, oliqarx daha da varlanıb, ancaq yerli əhalinin rifahı, bölgənin inkişafı ilə bağlı isə heç bir iş görülməyib. Əksinə, mülki ermənilər aclığa, səfalətə sürükləniblər, qondarma rejimin təzyiqi və qorxusu altında yaşamağa məhkum ediliblər.

Çallı kənd tam orta məktəbin direktoru – Babək Mikayılov

 

 

Lokal xarakterli antiterror tədbirləri.

Şanlı Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin reinteqrasiyası, onların problermlərinin həlli ilə bağlı çoxsaylı təkliflər irəli sürüb. Lakin Ermənistan və onun Qarabağdakı uzantıları bu təkliflərin reallaşmasına imkan verməyiblər. Onlar hər vəchlə sülh danışıqlarını sabotaj etməyə, kommunikasiyaların açılmasını əngəlləməyə, regionun problemlərinin həlli və inkişafı ilə bağlı bütün səyləri heçə endirməyə çalışıblar. Sonuncu dəfə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-da dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə görüşü zamanı regionda kommunikasiyaların açılması istiqamətində əldə edilmiş razılaşmaların reallaşmasına da mane olan tərəf Ermənistan və Qarabağdakı kriminal xunta rejimi olub. Nəticədə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya Qırmızı Xaç Komitəsinin eyni vaxtda Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə sentyabrın 1-də Xankəndiyə ərzaq yükü göndərməsi baş tutmayıb. Yalnız Azərbaycanın prinsipial mövqeyi, həmçinin ABŞ, Fransa kimi ölkələrin güclü təzyiqlərinə müqaviməti sayəsində 16 günlük gecikmədən sonra sentyabrın 17-də hər iki istiqamətdə yüklərin hərəkəti mümkün olub. Bu baxımdan lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi Qarabağdakı erməni azlığın humanitar problemlərinin həlli, onların separatçıların əsarətindən qurtarılması baxımından da zəruridir.

Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin hələ də bölgədə olan bölmələrinin hərbi infrastrukturunun məhvinə, Ermənistan hərbçilərinin tərksilah edilməsinə və neytrallaşdırılmasına yönəlib. Düşmənin və bəzi ermənipərəst dairələrin iddialarının əksinə olaraq Silahlı Qüvvələrimiz ərazidə mülki obyektləri və əhalini hədəf götürmür, insanların təhlükəsizliyinin təmin edilməsi, onların həyatının qorunması üçün bütün lazımi tədbirləri görür. Bu tədbirlər çərçivəsində yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Eyni zamanda, Qarabağdakı mülki ermənilərə qəti şəkildə antiterror tədbirlərinin keçirildiyi ərazilərdə durmamaq, evlərindən çıxmamaq, hərbi obyektlərin yaxınlığında olmamaq barədə xəbərdarlıqlar edilib, onların telefonlarına məlumat xarakterli mesajlar göndərilib, səsgücləndirilər vasitəsilə Azərbaycan, rus, erməni dillərində anonslar edilib. İnsanların humanitar problemlərinin həlli üçün də zəruri işlər həyata keçirilir.

Qarabağda lokal xarakterli antiterror tədbirlərini keçirməklə Azərbaycan bölgədə Konstitusiya quruluşunu bərpa edir. Bu, bizim hüququmuzdur. Daha bundan sonra Qarabağda “boz zona” mövcud olmayacaq, həmin ərazidə yaşayan insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası, qanunlara uyğun formada idarəçiliyin formalaşdırılması və bütövlükdə regionun inkişafı ilə bağlı bütün tədbirlər həyata keçiriləcək. Bunun üçün güclü iradəmiz də var, güclü, qüdrətli ordumuz da…

Salahlı kənd ümumi orta məktəbin direktoru – Rəşad İsmayılov

 

 

Hakimiyyətin siyasi dialoqla bağlı bütün jestlərinə rəğmən öz xain mövqe və məkrli niyyətlərinə sadiq qalmış “trio”.

 Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Ermənistanın Azərbaycanın Konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə siyasi partiyalar dəstək bəyanatı qəbul ediblər.

Bəyanatda bildirilir: “Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı Vətən müharibəsində olduğu kimi, bu şərəfli işdə də həmrəyliyə, möhtərəm Prezidentimizi və Ali Baş Komandanımızı dəstəkləməyə çağırırıq”.

Çox təəssüf ki, hər zaman olduğu kimi, milli maraqlarımıza zidd mövqe sərgiləyən antimilli ünsürlər, daha dəqiq desək, AXCP, Müsavat Partiyası və ReAL Partiyası Azərbaycanın haqlı və ədalətli mövqeyinə zidd yanaşma ortaya qoyaraq bəyanata qoşulmayıblar. Bu satqınlar xalqımızın haqq işi uğrunda döyüşən ordumuzun və öz Ali Baş Komandanının ətrafında sıx birləşdiyi günlərdə  özlərinin xəyanətkar xislətlərinii bir daha nümayiş etdirdilər.

Məsələ burasındadır ki, hələ 2020-ci ildə qırx dörd günlük Vətən müharibəsi zamanı siyasi partiyaların Azərbaycan dövlətinə dəstək bəyanatlarına qoşulmayaraq milli həmrəyliyə qarşı çıxan bu ünsürlər satqın, xəyanətkar mövqelərini davam etdirərək Ermənistanın havadarlarının diktəsi ilə hərəkət edirlər. Bu fakt onların riyakar və simasız olduğunu siyasi fəaliyyətlərinin xəyanətkarlıqdan ibarət olduqlarını təsdiqləyir.

Təbii ki, bütün bunlar təsadüfi deyil. Bütün cəmiyyətimiz yaxşı bilir ki, AXC-Müsavat qaragüruhunun xəyanəti nəticəsində torpaqlarımız ötən əsrin 90-cı illərinin əvəllərində işğal olundu. Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində respublikaya rəhbərlik edən idrakı sönük başçıların xəyanəti üzündən Azərbaycanın başı üstünü qara buludlar aldı. 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyəti güc yolu ilə zəbt etməsindən sonra vəziyyət daha da ağırlaşaraq faciəvi mərhələyə qədəm qoydu. Hakimiyyəti zorla, top-tüfəng gücünə zəbt edən rüsvayçı AXC-Müsavat hakimiyyətinin satqın, dönük, savadsız, flüger “rəhbərləri” Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydular.  Nəticədə Qarabağ və Şərqi Zəngəzur Ermənistan tərəfindən işğal edildi.

Bu gün AXCP-nin, Müsavat Partiyasının, ReAl-ın başbilənləri  və onların tör-töküntüləri bilməlidirlər ki, xalqımıza yaşadılan o ağır günləri, zülmləri, talançılığı, oğurluğu, müasir tariximizin o qara səhifələrini heç kim unutmayıb. Belələri yaxşı bilməlidirlər ki, onların satqınlığı, səriştəsizliyi ucbatından Qarabağın erməni işğalına məruz qalması, eləcə də Ermənistanın havadarlarının diktəsi ilə davranaraq tərəddüd etmədən milli maraqlarımıza xəyanət etmələri tarixin və xalqmızın yaddaşından heç vaxt silinməyəcək.

Əlvənd kənd tam orta məktəbin direktoru – Elvin Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki