image-qanunla-reklam
image-1726637558_101

Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir

image-lady-day-az

Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir.

Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri rəşadətli Ordumuzun gücünün, qüdrətinin dünyaya təqdimatı oldu. Ölkəmizin tətbiq etdiyi taktika bu gün də beynəlxalq ekspertlər tərəfindən öyrənilir, dərsliklərə salınmasının vacibliyi bildirilir. Azərbaycan Ordusu 2023-cü ilin sentyabrın 19-da növbəti dəfə üzərinə düşən missiyanı şərəflə yerinə yetirərək imza atdığı zəfəri ilə dünyanın diqqətində oldu. Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrini atışlı zərbələrlə neytrallaşdırdı. Beləliklə, sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.

Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi uğurlu antiterror tədbirlərini həzm edə bilməyən qüvvələr hər vəchlə ölkəmizi ağızlarında saqqız halına çevirdikləri “soyqırım” iddiaları ilə şərləməyə cəhd etdilər. Lakin gün kimi aydın idi ki, Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ləyaqətli şəkildə, beynəlxalq səviyyədə qəbul edilmiş mövcud hərbi qayda və qanunlar çərçivəsində davranaraq heç bir halda mülki əhalini hədəfə almamışdı. Əksinə, istər antiterror tədbirləri çərçivəsində, istərsə də sonrakı dövrdə qadınlara, uşaqlara, qocalara, fiziki məhdudiyyətli şəxslərə, xəstələrə, hətta yaralı silahlılara belə, zəruri tibbi və digər yardımlar göstərilmiş, dövlətimiz tərəfindən onlar içməli su və ərzaqla təmin olunmuşdular. Həmçinin mülki əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradılmışdı.

Regionda baş verən son hadisələr fonunda ölkəmizə qarşı qərəzli mövqe sərgiləyərək onu haqsız şəkildə qınayanlar anlamalıdır ki, həyata keçirilmiş bu cür lokal xarakterli antiterror tədbirləri məhz Ermənistan tərəfindən 10 noyabr 2023-cü il tarixdə imzalanmış Üçtərəfli Bəyanatın 4-cü bəndinin tələblərinin kobud şəkildə pozulmasının əməli nəticəsidir və bütün bunlara yalnız Ermənistan hökuməti məsuliyyət daşıyır. Silahlı Qüvvələrimiz Qarabağ bölgəsində lokal antiterror tədbirlərinin uğurla başa çatdırmağa nail oldu. Ordumuzun peşəkarlığının, döyüş ruhunun, hər bir hədəfə uğurla nail olmaq səylərinin göstəricisidir.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2023-cü il sentyabrın 20-də xalqa müraciətində bu mühüm məqamı xüsusi qeyd etdi. “Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər” söyləyən ölkə Prezidenti onu da əlavə etdi ki, ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və işğalçı dövlətin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edildi. Hərbi texnika sıradan çıxarıldı.

Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Azərbaycan hər zaman məsuliyyətli mövqe sərgiləyib. Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır və üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki