image-qanunla-reklam
image-b4030a2c107b2b6c46ede275ee76d098

ATƏT-in Minsk qrupu ləğv olunmalıdır

image-lady-day-az

ATƏT-in Minsk  qrupu ləğv olunmalıdır.

1992-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağ münaqişəsi daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) üzvü oldu və həmin il iyulun 8-10-da ATƏM-in Helsinkidə keçirilən Zirvə toplantısında onun sənədlərini imzaladı. ATƏM-in üzvü olduqdan sonra Dağlıq Qarabağ münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv dövlətlərin daha çox diqqət obyektinə çevrildi. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilən görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə edilərək, münaqişənin sülh yolu ilə nizama salınması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edildi. Qərara alındı ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin vasitəçilik tarixinə nəzər salsaq və onu şərti olaraq mərhələlərə bölsək, bu mərhələlərin hər birinin xeyli dərəcədə Rusiya-Qərb qarşıdurmasının xarakterindən asılı olduğunu görərik. 1997-ci ilin əvvəllərində Rusiyadan Ermənistana qanunsuz olaraq dəyəri 1 milyard dollardan çox olan müasir silahların verilməsi haqqında faktlar üzə çıxan zaman məlum oldu ki, Rusiya bu silahları 1993-cü ildən etibarən, yəni Ermənistan ilə Azərbaycan arasında qızğın hərbi əməliyyatlar getdiyi bir zamanda göndərilməyə başlamış və nəticədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsinə şərait yaratmışdır. Ermənistanın silahlandırılması atəşkəs elan ediləndən sonra da davam etdirilmişdir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq sahəsində təxirəsalınmaz vəzifələrindən biri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəti addımlar atmaqdan ibarət olmuşdur. Heydər Əliyevin qətiyyəti və gərgin fəaliyyəti sayəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildi və bundan sonra ATƏT-in Minsk Qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı, ABŞ və Fransa nümayəndələri də Minsk Qrupunun həmsədrləri təyin olundu. 1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk Qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət – Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 7 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə dair 3 təkliflə çıxış etmişlər. 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin “mərhələli” (bu variantda isə münaqişənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu) həllindən ibarət idi. 1998-ci il noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin, Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı. Bu informasiyanı xatırlamaqda məqsədimiz Minsk qrupunun keçirdiyi bu qədər iclaslar və strukturlaşma prosesi qarşılığında faydasız olduğunu nəzərə çatdırmaqdır. Təşkilatın adı dəyişsə də, onun daimi həmsədrlər institutu yaradılsa da, ümumi işlə bağlı nəticə sıfırdan da aşağı olub. Çünki işğalçı Ermənistan və havadarları bu kimi mənasız, faydasız qurumlara arxalanıb, Azərbaycan torpaqlarının erməniləşdirməyə başlamış, hətta, yeni ərazilərin ələ keçirilməsinə cəhdlər göstərmişdi. 44 günlük müharibə başa çatdıqdan sonra Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dən olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərək bu qurumun 30 ilə yaxın dövr ərzində fayda vermədiyini vurğulamışdı.

Biz işğal olunmuş bütün yeddi rayonumuzu qaytardıq. Biz qədim Azərbaycan şəhəri Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini qaytardıq. Xocavəndin bir hissəsini qaytardıq. Suqovuşanı və digərlərini qaytardıq. Əslində, planlaşdırdığımıza nail olduq. Azərbaycan öz daxili gücü və qüvvələri hesabına torpaqlarını işğaldan azad edib. Hətta, o günlərdə belə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri xüsusi ilə Fransa Ermənistanı birmənalı şəkildə müdafiə edirdi. 18 fevral 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti Helqa-Mariya Şmidin görüşündə bildirib ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin – bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtı çoxdan yetişib.

Aygül Cəfərova-Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin müəllimi

 

 

COP29 çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik.

Azərbaycan bir müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanın paytaxtı Bakıda keçirilməsi qərarı, ölkəmizin beynəlxalq arenada artan nüfuzunun və qlobal problemlərin həllində fəal iştirakının bariz nümunəsidir. Bu tədbir, iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığın gücləndirilməsi, dayanıqlı inkişafın təşviqi və Azərbaycanın bu istiqamətdəki səylərinin dünyaya nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.  Azərbaycan, Cənubi Qafqaz regionunda dayanıqlı inkişaf və ekoloji problemlərin həlli ilə bağlı mühüm təşəbbüslərin irəli sürülməsi və tətbiqində lider mövqeyə sahibdir. Belə bir beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın bu liderliyini daha da möhkəmləndirir. COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu diplomatik əlaqələrinin və qlobal proseslərdə fəallığının nəticəsidir. Tədbir, həmçinin Azərbaycanın müasir, inkişaf edən və qlobal problemlərin həllinə töhfə verən bir ölkə imicini daha da gücləndirir və “yaşıl iqtisadiyyat” sahəsində təşəbbüsləri ilə ölkəmizin qlobal iqlim gündəmində əhəmiyyətli bir iştirakçı kimi qəbul edilməsinə şərait yaradır. COP29-un Azərbaycanda keçirilməsi, ölkənin beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi, ekoloji problemlərin həlli üzrə milli və qlobal səylərin birləşdirilməsi baxımından əhəmiyyətli hadisədir. İki həftəlik müddət ərzində mühüm irəliləyişlər əldə edildi. COP29 çərçivəsində Liderlərin Sammitində əməkdaşlıq və sülhün qlobal iqlim fəaliyyəti üçün ayrılmaz rolu vurğulandı. COP Atəşkəs Çağırışı 132 ölkənin və 1200-dən çox təşkilatın dəstəyini qazandı. Habelə Bakı Sülh, Yardım və Bərpa Üçün İqlim Fəaliyyəti Çağırışı qəbul edildi. Prezident İlham Əliyev Azərbaycanın uğurlu nəticəyə əminliyini önə çəkərək Liderlər Sammitində diqqəti ölkəmizin dövlətlər, xalqlar arasında körpü roluna da yönəltdi və bildirdi ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. COP29 sədrliyi dövründə Azərbaycan beynəlxalq tədbiri son dərəcə yüksək səviyyədə keçirərək nəticədə önəmli qərarların alınmasına nail oldu. Bu müddət ərzində 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Bütün qeyd olunanlar COP29 kimi məsuliyyət yükü çox olan və dünyamiqyaslı tədbirin keçirilməsini Ölkə Prezidenti cənab İlham Əliyev rəhbərliyində Azərbaycan diplomatiyasının möhtəşəm uğuru kimi səciyyələndirilə bilər.

Səlminaz Vəliyeva Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki