Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin qrup mərhələsi çərçivəsində İsveçrə yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Qanunla.Az xəbər verir ki, türkiyəli mütəxəssis Bakıda 1:3 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Məyusuq, çünki bu turniri uzun müddət gözləyirdik. Gözəl nəticələrlə tarix yazmaq istəyirdik.
Bu gün topa sahib olan tərəf idik. Gənc komandamız var. Çempionat bizim üçün yaxşı alınmadı. Oyunçuların məyus olduqlarını görürəm. Mən bu futbolçulara inanıram, Türkiyə də inansın. Epizodları boşa verən tərəf biz idik, amma İsveçrə qalib gəldi. Futbolçularımız əllərindən gələni etdilər. Amma bu, kifayət etmədi. Avropa çempionatı bizim üçün böyük sınaq oldu. Bəzən uğursuzluq daha çox təcrübə qazandırır. Uels və İsveçrə matçlarına görə daha çox məyusuq, həmin qarşılaşmalarda qələbə qazana bilərdik.
Hazırda istefa vermək fikrim yoxdur. Hesabat vermək lazımdırsa, rəhbərliyə və ictimaiyyətə veriləcək”.
Qeyd edək ki, Türkiyə yığması A qrupunu xalsız bitirib.