image-qanunla-reklam
image-2024-11-07-10-12-16zeosjozw7u9rrznqddvf_file

Azad Şuşaya yenidən həyat qayıdır

image-lady-day-az

Azad Şuşaya yenidən həyat qayıdır

2020-ci il noyabrın 8-də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad edilməsi Azərbaycanın Qarabağda başladığı və 44 gün ərzində aparılan Vətən müharibəsindəki uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu.    44 günün hər günü tarixə Zəfər günü kimi yazıldı. Düşmənə sarsıdıcı zərbələr endirən Milli Ordumuzun əsgərləri sona qədər gedərək işğalçını torpaqlarımızdan qovdu. 2020-ci il noyabrın 8-də müzəffər ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz sıldırım qayalardan keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan  qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident cənab İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü kimi təsis edildi.

Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımlar göz qabağındadır. İşğaldan azad edilmiş bütün ərazilərimizə, o cümlədən azad Şuşaya yenidən həyat qayıdır.  Bu qayıdışla Şuşaya yeni ruh, yeni nəfəs gəlir.  Azadlığına qovuşmuş qədim şəhərimiz artıq böyük quruculuq, bərpa işləri, möhtəşəm tədbirlər məkanına çevrilib. Bütün azad edilmiş torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulur. Müasir idarəçilik sistemi tətbiq edilir. Şuşanın əvvəlki simasının özünə qaytarılması üçün mühüm tədbirlər həyata keçirilir. Hər daşının, qayasının altında bir tarix yatan Şuşa bu gün iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Qarabağın tacı Şuşanın ölkəmiz, xalqımız üçün önəmini təsdiqləyən mühüm addımlardan biri də 2021-ci ilin dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında “Şuşa ili” elan edilməsi oldu. Bu gün Şuşa sözün əsl mənasında dirçəlir.  Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr, eyni zamanda, Şuşa Şəhəri Günüdür.

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin direktoru-Sabir Əhmədov

 

 

Şuşa Zəfərinə gedən yol. 

8 Noyabr – Zəfər Günü 2020-ci ildə Şuşa şəhərinin azad edilməsinin və Azərbaycanın zəfərinin qeyd olunduğu bayram kimi xalqımızın qəhrəmanlıq və birlik nümayişinin simvolu olaraq qeyd edilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2020-ci il noyabrın 10-da Şuşanın azad olunmasını və bununla Qarabağ münaqişəsinin sona çatdığını elan etdi. 2020-ci il noyabrın 8-də Qüdrətli Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi.

Şuşa döyüşləri Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürdü. Noyabrın 7-də qəhrəman hərbçilərimiz şəhərin qayalıqlarına dırmaşaraq, yüngül silahlarla Şuşaya daxil oldular. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünmüşdülər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılsa da, Azərbaycan hərbçiləri erməni qoşunlarını məhv edərək, düşməni şəhərdən qovdu və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olundu.

Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verildi və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirildi. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir.

Zəfər Günü ilə əlaqədar təşkil edilən tədbirlər həm yerli, həm də beynəlxalq miqyasda mədəniyyətin, musiqinin, incəsənətin nümayişini də özündə ehtiva edir. Şuşada və digər azad edilmiş şəhərlərdə keçirilən mədəni tədbirlər, Azərbaycan xalqının zəngin mədəni irsinin dirçəldilməsi və dünya ictimaiyyətinə tanıdılması üçün əhəmiyyətli bir platforma yaradır. Bu da Azərbaycanın mədəni dəyərlərinin dünya səhnəsində tanıdılmasına və Qarabağın mədəniyyət paytaxtı statusunun bərpa olunmasına kömək edir. Nəticə etibarilə, Zəfər Günü Azərbaycanın yalnız hərbi zəfərinin deyil, eyni zamanda mədəni, siyasi və iqtisadi inkişafının simvoluna çevrilərək, xalqın milli kimliyinin, iradəsinin və qələbəyə olan inamının ifadəsi kimi qeyd olunur.

Zərdab rayon İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki