AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində görülmüş təxirəsalınmaz işlər.
Dekabr ayının 25-də baş verən təyyarə qəzası hər birimizi sarsıtdı. Həmin gün Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Təyyarənin pilotları və digər ekipaj üzvlərinin səyləri, sücaəti sayəsində 29 sərnişin sağ qalıb. Qəza baş verdikdən dərhal sonra Sankt-Peterburqa keçiriləcək MDB Zirvə görüşünə uçan ölkə başçısı cənab İlham Əliyev Bakıya qayıdaraq, elə hava limanındaca xüsusi müşavirə keçirdi, Dövlət Komissiyasının yaradılması barədə sərəncam və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verdi.
Azərbaycan aviasiyası tarixində baş verən faciə təkcə böyük bir itki deyil, həm də qəhrəmanlıq dastanı kimi yadda qaldı. Bu qəza zamanı təyyarənin bütün ekipaj üzvləri həyatlarını sərnişinləri xilas etmək üçün fəda etdilər. Onların göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq. Təyyarədə nasazlıq yaranan andan etibarən, onlar sərnişinlərin həyatını xilas etmək üçün bütün bilik və təcrübələrini səfərbər etdilər. Təyyarəni mümkün qədər təhlükəsiz bir yerə endirmək üçün hər düyməyə toxunduqları an, əslində insan həyatının əhəmiyyətini bir daha sübut edirdi. Onların adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Onlar hər zaman xatırlanacaq və gələcək nəsillərə nümunə olacaq. Bu qəhrəmanlar göstərdi ki, fədakarlıq və insanlıq hər şeydən üstündür. Onların xatirəsi qarşısında baş əyirik və göstərdikləri qəhrəmanlığı heç vaxt unutmayacağıq. Bu insanlar yalnız səmada deyil, həm də insan ürəklərində əbədi yaşayacaqlar.
Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov