image-970_50
image-fotojet-2021-11-23t105846-390

Azər Əliyev: “Şuşa və Kəlbəcərdə məşqlər atletlərimizə faydalı olacaq” – FOTO

image-suni_mayalanma_qiymeti

Azərbaycan MOK rəhbərinin müavini azərbaycanlı idmançıların son nailiyyətləri və işğaldan azad edilmiş ərazilərdə idmanın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) baş katibinin müavini Azər Əliyev “Sputnik Azərbaycan”a eksklüziv müsahibəsində azərbaycanlı idmançıların Tokiodakı çıxışları barədə fikirlərini bölüşüb, yeni gənclər və idman nazirinə münasibətindən, idmançılarımızın işğaldan azad edilmiş Şuşa və Kəlbəcərdə məşqlərdən necə faydalar əldə edə biləcəyindən danışıb.

– Koronavirus pandemiyası səbəbindən Olimpiya Oyunları bu ilə təsadüf etdi, elə Tokio-2020-dən başlamaq istərdik. Onun nəticələrini necə qiymətləndirirsiniz?

– Əlbəttə, əvvəlki Olimpiadalarda hədəfləri yüksəyə qaldırdığımızdan nəticələr gözlədiyimiz qədər yaxşı alınmadı. Xüsusilə də 2016-cı ildə Rioda 18 medal qazandığımızı yada salanda. Hazırda cəmi yeddi medalımız var, 1996-cı ildən bəri isə ilk dəfə “qızılsız” qaldıq.

Qeyd etmək istərdim ki, Tokioda üç finalımız oldu, bunlarda ikisi karatedə, biri güləşdə idi. Yəni potensial olaraq üç qızıl medal qazana bilərdik və bu nəticə uğurlu sayılardı. Ancaq idmançılarımız finalda minimal hesabla uduzdular.

– Necə bilirsiniz, idmançıların bu cür nəticə göstərməyinə koronavirus pandemiyası təsir etdi, yoxsa başqa amillər də vardı?

– Sözsüz ki, pandemiya idmançılarımızın hazırlığına mənfi təsir etdi. Ancaq onu da əlavə etmək istəyirəm ki, dünya idmanında rəqabət xeyli artıb. Hazırda dünyanın istənilən nöqtəsində güclü idmançıların sayı çoxdur. Bunu Tokioda cüdo yarışlarında gördük. Kosovodan iki idmançı qızıl medal qazandı. Yaxud da Tunisdən olan üzgüçü “qızıl” götürdü, ancaq illər öncə bu, heç kimin ağlından da keçməzdi. İdman hazırda bütün dünyada güclü inkişaf edir.

– Azərbaycanın Olimpiadada qazandığı yeddi medaldan dördü legionerlərin aktivindədir. İndi demək olar ki, bütün ölkələrdə legionerlər var, ancaq belə bir tendensiya sizdə narahatlıq yaratmır ki?

– Yox, yaratmır. Siz deyən kimi, onlar istənilən ölkədə var və biz bunu Tokiodakı Olimpiadada da gördük. Xüsusən bir çox Avropa ölkəsini cüdoda Gürcüstandan olan idmançılar təmsil edirdilər. Sərbəst güləşdə isə bir çox yığmaların tərkibində Şimali Qafqazdan olan idmançılar üstünlük təşkil edirdilər. Buna bənzər halı yüngül atletikada da gördük.

Legionerləri bütün dünyada, eləcə də güclü idman dövlətlərində də yığmalara cəlb edirlər.

Yeri gəlmişkən, qeyd edim ki, Tokioda potensial olaraq medal qazana biləcək azərbaycanlı idmançıların sayı az deyildi. Sadəcə belə alındı ki, legionerlər daha çox medal qazandılar. Bu, normaldır.

– Tokioda medal qazanan idmançılarımızın əsasən yuxarı yaşlı olduqlarını nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan idmanında nəsil dəyişikliyini müşahidə edirik. Bunun maksimal dərəcədə ağrısız keçməsi üçün nə etmək lazımdır?

 

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) baş katibinin müavini Azər Əliyev, arxiv şəkli
© Photo : National Olympic Committee of Azerbaijan

– Bunların arasında dəqiq olaraq yalnız Rafael Ağayev 2024-cü ildə Parisdəki Olimpiadada çıxış etməyəcək. Çünki karateni Olimpiya proqramından çıxardılar. Hacı Əliyev və Rafiq Hüseynov Parisdə çıxış edib medal qazana bilərlər. Rafiq Əliyev yaşına rəğmən, Tokiodakı “bürünc”dən sonra dünya çempionatında qızıl medal qazanaraq əla nəticə nümayiş etdirdi.

Odur ki, onların karyeralarını bitirəcəyini düşünmürəm.

Bundan başqa, hazırda gənc azərbaycanlı idmançıların həm Avropa, həm dünya çempionatlarında medallar qazandığını görürük. Ümid edirik ki, onlar Parisdə də yaxşı çıxış edə bilərlər.

Yeri gəlmişkən, Tokioda gənc və perspektivli, ancaq hələ püxtələşməmiş idmançılarımız da az deyildi, ancaq üç il sonra onlar öz potensialını göstərə, əla nəticələr qazana bilərlər. Sözsüz ki, məktəbdə idman dərslərini gücləndirməliyik. Azərbaycanın bütün bölgələrində Olimpiya kompleksləri tikilib, ancaq çox vaxt onlardan istifadə olunmur, boş qalır.

– Bu yaxınlarda Fərid Qayıbov Azərbaycanın gənclər və idman naziri təyin olundu. Münasibətləriniz necədir və MOK-la nazirliyin fəaliyyətinin koordinasiyası necə aparılır?

– Bəli, yeni nazir lap yaxınlarda təyin edilib, odur ki, bundan sonra nələrin olacağını təxmin etmək çətindir. Fərid Qayıbovla bir neçə ildir ki, tanışam. Üstəlik o, Avropa Gimnastika Federasiyasının prezidentidir və əvvəllər müxtəlif məsələlərin müzakirəsi üçün tez-tez görüşmüşük. Onun barəsində təəssüratlarım müsbətdir.

Fərid Qayıbov savadlı, ciddi adamdır, idman barədə hər şeyi bilir, onun özünü də idman ictimaiyyəti yaxşı tanıyır, ona görə bu təyinatı yüksək qiymətləndirirəm. Ümid edirəm ki, Gənclər və İdman Nazirliyinə rəhbərliyi dövründə məhsuldar ideyalarını gerçəkləşdirə biləcək.

MOK-la İdman Nazirliyi arasındakı münasibətlərə gəlincə, bunlar həmişə ahəngdar olub və düşünürəm ki, bundan sonra da belə davam edəcək. Əminəm ki, heç də bütün ölkələrdə bu belə deyil – xaricdə bu təşkilatların münasibətlərində problem, münaqişə yaşanır. Bizdə isə əksinədir: Birlikdə inkişafa nail olmağa can atırıq.

– Siz eləcə də Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidentisiniz. Bu təşkilatın işləri son illər elə də yaxşı deyil. Fikrinizcə, bu idman növünün problemlərinin əsas səbəbi nədir?

– Bu idman növünün problemləri həmişə dopinqlə bağlı olub və olacaq da. Belə ehtimal var ki, Beynəlxalq Olimpiya Komitəsi bu idman növünü Olimpiya Oyunlarının proqramından çıxaracaq. Ancaq yekun qərar hələ qəbul edilməyib.

Azərbaycan ağır atletikasına gəldikdə isə, əlbəttə ki, vaxtında çox güclü idmançı nəslini itirdik – onların dopinq istifadə etdikləri bəlli oldu, nəticədə də hamısı idman karyerasını bitirdi. O vaxtlar bütün ölkələr medallar uğrunda yarışırdı və yeganə metod dopinq sayılırdı. Biz də bundan çox ziyan gördük. Yəni tək biz yox, digər ölkələr də aparıcı atletlərini itirdilər, eləcə də beynəlxalq federasiya tərəfindən böyük məbləğdə cərimə olundular.

Biz hər şeyi bərpa etməyə çalışırıq və ümid edirəm ki, ağır atletika 2024-cü il Olimpiadasından çıxarılmayacaq, idmançılarımız orada təmsil olunacaqlar. Xüsusilə nəzərə alaq ki, Rio-2016 və Tokio-2020-də azərbaycanlı ağırlıq qaldıranlarımız olmayıb.

Biz gənc idmançılar yetişdirərək onların arasından ən perspektivlilərini seçməliyik. Eləcə də atlet və məşqçilərin öz qidalanmalarına daha məsuliyyətlə yanaşması vacibdir ki, bir də dopinqlə bağlı problem yaranmasın.

– Azərbaycan işğaldan azad etdiyi torpaqlarının aktiv surətdə bərpasına başlayıb. Necə bilirsiniz, bu ərazilərdə ilk idman yarışları nə zaman baş tutacaq?

– Bir ildən də az müddətdə Füzulidə beynəlxalq aeroport tikildi. Ümid edirəm ki, yaxın vaxtlarda bütün işğaldan azad edilmiş rayonlarımızda Olimpiya kompleksləri və digər idman infrastrukturunu inşa edə biləcəyik. Bundan başqa, yaxın vaxtlarda oralarda idman yarışları keçirəcəyimizə ümidvaram.

Yeri gəlmişkən, Şuşa və Kəlbəcər dəniz səviyyəsindən kifayət qədər hündürdə yerləşir, təxminən 1,5 min metr. Bəllidir ki, belə yüksəklikdə, oksigenin miqdarının az olduğu yerlərdə məşqlər idmançılar üçün çox faydalıdır. Yüksək dağlıq ərazilərdə təlim-məşq toplanışlarından sonra atletlər bir qayda olaraq özlərini yaxşı hiss edir, yarışlarda daha yaxşı nəticələr göstərirlər. Buna görə ümid edirəm ki, azərbaycanlı idmançılar yaxın vaxtlarda işğaldan azad edilmiş ərazilərimizdə məşq keçəcək və bunun sayəsində beynəlxalq arenada daha uğurlu çıxış edəcəklər.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki