image-qanunla-reklam
image-0e62032c5f7041b2fb9c29f32c6b3ad0

Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü təmin etdi

image-lady-day-az

Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü təmin etdi

İkinci Qarabağ müharibəsində uzun illər düşmən əsarətində qalan torpaqlarımızın işğaldan azad edilməsilə ərazi bütövlüyümüz təmin olundu. Qarabağ münaqişəsi tarixə qovuşdu. Artıq Azərbaycan Qarabağ zəfərinin yaratdığı reallıqlar əsasında məqsədyönlü siyasət həyata keçirir. Düşməndən azad edilən ərazilərdə vüsət alan genişmiqyaslı bərpa-quruculuq işləri dövlət siyasətinin prioritetidir. 30 il ərzində dağıdılan, viran qoyulan bu yerlər dövlətimizin daxili potensialı hesabına abadlaşır, doğma yurd yerlərindən məcburi köçkün düşmüş soydaşlarımız mərhələli şəkildə geri qayıdırlar. Vətən müharibəsindən sonra Qarabağın bərpasına – dağıdılmış şəhər və kəndlərimizin yenidən qurulmasına, “ağıllı kənd” və “ağıllı şəhər”lərin yaradılmasına başlayan Azərbaycan inkişafa, tərəqqiyə doğru unikal təcrübə nümayiş etdirir. Qarabağın işğaldan azad edilməsi ilə ərazi bütövlüyümüzün və bununla da 30 illik kağız üzərində qalan hüquqlarımızın təmin edilməsi bütün dünyaya səs saldığı kimi, işğalçının viran qoyduğu ərazilərin sürətli bərpa prosesi də tarixi hadisəyə çevrilib.

44 günlük Vətən müharibəsindən 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, qarşı tərəf hələ də sülh müqaviləsini imzalamayıb. Ermənistan hər dəfə bir bəhanə və ya siyasi manipulyasiya ilə danışıqlar prosesini ləngidir, ya da baş tutan görüşlərdən sonra verdiyi vədləri yerinə yetirmir. Ümumiyyətlə, beynəlxalq vasitəçilərin təşkilatçılığı ilə keçirilən görüşlərin hər birinin yekununda sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşmasını ehtiva edən bəyanatlar imzalanmış və Azərbaycanın mövqeyi dəstəklənmişdir. Çünki bütün dünya Azərbaycanın sülh tərəfdarı olduğunu, heç bir ölkənin daxili işinə qarışmadığını, başqa ölkələrin ərazilərində gözü olmadığını çox yaxşı bilir. Bu baxımdan, Azərbaycanın təklif etdiyi 5 baza prinsipindən ibarət sülh müqaviləsinin prinsiplərinin beynəlxalq hüququn fundamental prinsipləri olduğu hər kəsə məlumdur. Azərbaycanın düşünülmüş, məqsədyönlü siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə hər zaman hörmətlə yanaşılmış və atılan bütün addımlar beynəlxalq hüquq çərçivəsində həyata keçirilmişdir. İstər 30 illik işğal dövründə, istər 44 günlük müharibədə, istərsə də postmüharibə mərhələsində Azərbaycan ədalət prinsiplərinə və beynəlxalq hüquqa əsaslanaraq dünyaya sülh çağırışları etmişdir. Bu gün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanması qarşıda duran əsas məsələdir. Ölkəmizin qarşı tərəfə təklif etdiyi beş baza prinsipindən ibarət sülh müqaviləsinin bəndlərindən biri dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasıdır və Azərbaycanın bu təklifi beynəlxalq hüququn normalarına əsaslanır və Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinə töhfə verəcəkdir.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur

Prezident cənab İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərdə dünyanın nüfuzlu media orqanlarının onunla müsahibəyə can atması artıq ənənə halını alıb. Cənab Prezidentinin həm qlobal iqtisadi-siyasi proseslər, həm Azərbaycanın xarici siyasəti, həm digər dövlətlərlə münasibətləri, həm də digər məsələlərlə bağlı fikirləri, proqnozları böyük maraqla qarşılanır. Daha vacibi odur ki, Azərbaycan liderinin həyata keçirdiyi siyasətin və həmçinin proqnozlarının düzgünlüyü, dəqiqliyi bir müddət sonra öz təsdiqini tapır.  Davos Forumunda Çinin CGTN telekanalının Prezident cənab İlham Əliyevə müsahibə almaq üçün müraciət edərək müsahibə götürməsi bunun təsdiqidir. Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü təmin etməsi, siyasi sabitliyin və iqtisadi inkişafın mövcudluğu ölkəmizə beynəlxalq münasibəti müsbətə doğru dəyişib. Azərbaycanın öz milli mənafeyini qoruması, bütün dövlətlərlə yaxşı əlaqələr qurması və cəmiyyətdə mövcud olan sabitlik bizə imkan verir ki, öz maraqlarımızı müdafiə edə bilək. Daxili sabitliyin, milli birliyin olmadığı ölkələrin hökumətləri xarici siyasətdə də milli maraqlarını müdafiə edə bilmirlər, hücumlar qarşısında geri çəkilirlər. Güclü iqtisadiyyatın qurulması, ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsinin cəmi 6,9 faiz olması, həyata keçirilən genişmiqyaslı layihələr Cənubi Qafqazda və Xəzər regionunda etibarlı mövqe tutmağımıza səbəb olub.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi beynəlxalq aləmdə nüfuzunun əhəmiyyətli dərəcədə artmasının göstəricisidir. Sammit qlobal iqlim böhranından əziyyət çəkən ölkələrə öz problemlərini, tələblərini irəli sürməyə imkan verdi: “COP29-da Azərbaycan Qazaxıstan və Özbəkistanla Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə müqavilə imzaladı. Bu öz növbəsində ölkəmizin Çinin enerji kabelinə qoşulmasına imkan yaradacaq. Ümumiyyətlə, COP29 Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynadı. Bütün dünya ölkəmizin ədalətin, beynəlxalq hüququn yanında olduğunu gördü. Prezident cənab İlham Əliyev müsahibədə həm COP29 sammitinin beynəlxalq əhəmiyyəti, həm də Azərbaycanın əldə etdiyi uğurun sirri barədə geniş danışdı.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki