image-qanunla-reklam
image-aujbikezegy4qnzxomqpbmvljty67jqzm1se8483

Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü təmin etdi

image-lady-day-az

Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü təmin etdi.

Ötən əsrin sonlarında torpaqlarımızın 20 faizini işğal edən Ermənistan daha çox ərazilər uğrunda işğalçılıq siyasəti yürüdür, dövlət səviyyəsində soyqırımları, deportasiyalar həyata keçirirdi. Bunun nəticəsi olaraq 1988-1993-cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ və ətraf ərazilərdə yaşayan minlərlə soydaşımız ev-eşiyindən didərgin düşdü. Vaxtilə Azərbaycan ərazisi olan İrəvanda monodövlət quran ermənilər “türksüz Ermənistan” xəyallarını gerçəkliyə çevirdilər, ötən əsrin sonlarından etibarən İrəvan ərazisində bir nəfər belə azərbaycanlı qalmadı.

Ərazilərimizin 20 faizini işğal altına alan, bir milyondan çox soydaşımızı yurd yerlərindən vəhşicəsinə qovan Ermənistan üç onillik ərzində daim sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, əsassız, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan tələblər irəli sürür və daim keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Bu kimi davranışlarla Ermənistan, əslində işğal nəticəsində yaranan keçmiş statuskvonu sonsuzluğadək uzatmağa çalışırdı. Məhz bu səbəbə görə də 28 il davam edən danışıqlar prosesi heç bir səmərə vermirdi. Nəticə faktiki olaraq sıfır idi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə baxmayaraq, Ermənistanın mövqeyində hansısa bir dəyişiklik baş vermirdi. İş o yerə çatmışdı ki, təcavüzkar dövlət “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirməkdən belə çəkinmirdi.

27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağı düşmən tapdağından azad edildi.44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı. Qarabağ münaqişəsi tarixə qovuşdu. Azərbaycan Qarabağ zəfərinin yaratdığı reallıqlar əsasında məqsədyönlü siyasət həyata keçirir. Düşməndən azad edilən ərazilərdə vüsət alan genişmiqyaslı bərpa-quruculuq işləri dövlət siyasətinin prioritetidir. 30 il ərzində dağıdılan, viran qoyulan bu yerlər dövlətimizin daxili potensialı hesabına abadlaşır, doğma yurd yerlərindən məcburi köçkün düşmüş soydaşlarımız mərhələli şəkildə geri qayıdırlar. Vətən müharibəsindən sonra Qarabağın bərpasına – dağıdılmış şəhər və kəndlərimizin yenidən qurulmasına, “ağıllı kənd” və “ağıllı şəhər”lərin yaradılmasına başlayan Azərbaycan inkişafa, tərəqqiyə doğru unikal təcrübə nümayiş etdirir. Qarabağın işğaldan azad edilməsi ilə ərazi bütövlüyümüzün və bununla da 30 illik kağız üzərində qalan hüquqlarımızın təmin edilməsi bütün dünyaya səs saldığı kimi, işğalçının viran qoyduğu ərazilərin sürətli bərpa prosesi də tarixi hadisəyə çevrilib.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə çox yaxşı və dost münasibətləri var.

Çinin CGTN telekanalının yanvarın 20-də Davosda Prezident cənab İlham Əliyevdən aldığı və fevralın 11-də yayımladığı müsahibə beynəlxalq arenada diqqət qazanıb. Belə ki, bu müsahibə Azərbaycan-Çin münasibətlərini, həmçinin ölkəmizin mövcud xarici siyasət xəttinin motivlərini izah etməklə yanaşı, həm də qlobal siyasi proseslərdə aktual görünən bir çox suallara aydınlıq gətirir. Bu kontekstdə dövlətimizin başçısının çoxqütblü dünya düzəni, onun komponentləri, xüsusilə Qlobal Cənub və Qlobal Şimal arasında perspektiv münasibətlər barədə fikirləri önə çəkilir. Azərbaycan Prezidentinin Avropa İttifaqı, ABŞ və digər güc mərkəzləri, Yaxın Şərq regionunda cərəyan edən proseslər barədə məntiqli ideyaları ciddi maraq doğurur. Qısaca desək, CGTN telekanalında yayımlanan müsahibə mövcud qlobal ziddiyyətlər, onların səbəbləri və həlli üçün zəruri olan təkliflər barədə aydın təsəvvür formalaşdırır.

Beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu, sülh və əməkdaşlığı təmin edən strukturların nüfuzdan düşdüyü bir dövrdə dünyanı xilas edən yeni modellərin tapılıb müəyyənləşdirilməsi zərurəti ortaya çıxıb. Bu baxımdan Prezident cənab İlham Əliyev Qlobal Cənub və Qlobal Şimal arasında körpü rolunu oynaya biləcək layihələr təklif edir. CGTN telekanalında yayımlanan müsahibədən belə nəticə çıxır ki, Azərbaycanın şaxələnmiş xarici siyasət kursu həm də bu məqsədlərə xidmət edir. Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə yanaşı, həm də Çinlə strateji tərəfdaşlıq müqaviləsi bağlayıb. Türkiyə, Özbəkistan kimi ölkələrlə müttəfiqlik bəyannaməsi imzalayıb. Beləliklə, Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzəryanı regionu geniş coğrafiyada sülh, sabitlik və əməkdaşlıq platformasına çevirən siyasət yürüdüb.

Bu siyasət qlobal aktorlar, o cümlədən Çin tərəfindən yüksək qiymətləndirilir. İnam var ki, ABŞ-da Tramp komandasının hakimiyyətə gəlməsi, praqmatik siyasət yürüdən bir hakimiyyətin formalaşdırılması Azərbaycan-ABŞ münasibətlərini də yeniləyəcək. Azərbaycanın Donald Trampla birgə işləmək baxımından müsbət təcrübəsi var. Bu təcrübənin yenidən tətbiq edilməsi Azərbaycan və ABŞ xalqları ilə yanaşı, həm də qlobal və regional sülh prosesləri baxımından zəruridir.

Prezident cənab İlham Əliyev ötən il Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə görüşündə iştirak etdi. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun, göstərilən böyük etimadın ifadəsi idi. Prezident Şanxay Əməkdaşlıq Təşkilatının, həmçinin 2022-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən Zirvə görüşündə də iştirak etdi. Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahibdir. Prezident İlham Əliyev müsahibəsində də Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı əlaqələrindən bəhs edərək bu məqamı xüsusi qeyd etdi ki, ölkəmizin statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salınır. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq.

Müsahibədə o da qeyd olunur ki, Azərbaycan-Çin münasibətləri 2024-cü ildən etibarən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, iki ölkənin milli maraqlarına uyğun olmaqla yanaşı, həm də qlobal səviyyədə sülhün təmin edilməsi üçün töhfələr verir. Otuz il ərzində işğal altında saxlanılan torpaqlarını öz gücünə azad edən, СOP29 kimi möhtəşəm tədbirə ev sahibliyi edərək 200-ə yaxın ölkəni bir araya toplamağı bacaran Azərbaycan indi öz bacarıq və imkanlarını qlobal proseslərin həllinə yönləndirir. CGTN telekanalına verilən müsahibədə bu prosesin aydın konturları görünür.

Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova

 

 

Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur.

Yanvarın 20-dən 24-nə kimi İsveçrədə ənənəvi Davos İqtisadi Forumu keçirilib. Forumda 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkədən 3000-ə yaxın lideri iştirak edib. Sayca 55-ci olan Forum bu dəfə “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında toplaşıb.

Qlobal çağırışları həll etmək və yaranan imkanları araşdırmaq məqsədi güdən bu mötəbər toplantıda yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi kimi məsələlər müzakirə edilib. Ölkəmizin Davos İqtisadi Forumu  iştirakı ötən əsrin 90-cı illərinin ortalarından başlayıb. Belə ki, 1995-ci il yanvarın 27-31-də Prezident Heydər Əliyev ilk dəfə olaraq forumda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Həmin tədbirdə Ulu Öndər respublikamız haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Davos Dünya İqtisadi Forumu ölkəmizin imkanlarının təbliği üçün ən yaxşı platformalardan biridir. Belə ki, ölkəmizin başçısı cənab İlham Əliyev ardıcıl iştirak etdiyi Davos İqtisadi Forumunda qlobal gündəliyin formalaşmasında mühüm rol oynayır, həmçinin bir sıra qərarların qəbul olunmasında birbaşa iştirak edir. Cənab Prezident həmçinin bu mötəbər tədbirin tribunasından Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Bu da ölkəmizin müsbət şəkildə imicinin formalaşdırılması, daha geniş arenada tanıdılması üçün çox yaxşı effekt verir.

Yanvarın 20-də Davos Forumunda iştirak edən Prezident cənab İlham Əliyev Çin Xalq Respublikasının CGTN (China Global Television Network) telekanalına müsahibə verib və bu müsahibə fevralın 11-də bu televiziya kanalında yayımlanıb.
Dövlət başçısı cənab İlham Əliyevin ənənəvi keçirilən Davos İqtisadi Forumunun iclaslarında iştirakı, eyni zamanda, çıxışı, verdiyi müsahibələr, qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlər Azərbaycan həqiqətlərinin, qlobal məsələlərin həllində tutduğumuz mövqeyin təbliğində əhəmiyyətli rol oynayır. İstər görüşlər, istərsə də müsahibə Azərbaycanın nüfuzunun, Prezident cənab İlham Əliyevə yüksək etimadın göstəricisidir.
Ölkə başçısı Çinin CGTN telekanalına müsahibəsində bildirib ki, Azərbaycan regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirib və aid olduğu Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub. Ölkəmizdə güclü, özünü təmin edən iqtisadiyyat qurulub. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə edib çoxlu uğur qazandığımızı vurğulayan dövlətimizin başçısı deyib: “Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz”.
Müsahibədə qeyd edilib ki, ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası olub. Azərbaycan bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirib. 30 il ərzində bu, xalqımızın milli ideyası olub və qarşıya qoyulam hədəflərə çatmaq, ədaləti bərpa etmək üçün bütün səylər səfərbər edilib. Təəssüf ki, işğal illərində beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar bu işlərdə bizə yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Azərbaycan isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəliyi ilə bunu özü həll edərək ədaləti özümüz bərpa etdik. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var. Ötən ilin noyabr ayında ölkəmiz təxminən 200 ölkəni bir araya gətirən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edib. Belə bir mötəbər iqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın bundan əvvəl BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik”.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki