Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü təmin etdi.
Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib.
Ermənistanın ardıcıl təxribatları və yeni müharibə planlarına son qoyulması üçün dünya birliyi tərəfindən heç bir praktiki addım atılmadı. Bundan daha da ürəklənən Ermənistan 2020-ci il sentyabrın 27-də bir neçə istiqamətdən Azərbaycan Ordusunun mövqelərinə doğru hücuma keçdi, ağır artileriyadan istifadə edərək yaşayış məntəqələrinə şiddətli atəş zərbələri endirdi. Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi.
Cənab Prezident İlham Əliyev fevral ayının 12-də Davosda Çinin CGTN televiziya kanalına verdiyi müsahibəsində ölkəmizin qüdrətini, mübarizəmizin haqq və ədalət naminə olmağını, xalqımızın qürurunu bir daha ifadə etdi. Cənab Prezident çıxışında qeyd etdi ki, “Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, milli ideyamız idi və hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var”.
Rəqsanə Qurbanova – Zərdab Peşə liseyinin müəllimi