Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur.
Azərbaycan son illərdə beynəlxalq siyasət arenasında öz mövqeyini gücləndirən, müstəqil və balanslı xarici siyasət yürüdən dövlətlərdən biri kimi diqqət çəkir. Ölkənin əsas məqsədlərindən biri milli maraqlarını qorumaq, iqtisadi və siyasi stabilliyini təmin etmək və beynəlxalq əməkdaşlıqda aktiv iştirak etməkdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm regional, həm də qlobal miqyasda strateji tərəfdaşlıqlar quraraq öz xarici siyasət xəttini uğurla davam etdirir. Azərbaycanın ən mühüm nailiyyətlərindən biri ərazi bütövlüyünün bərpası və suverenliyinin tam təmin olunmasıdır. Bu proses beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həyata keçirilmiş, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun aparılmışdır. Təxminən 30 il davam edən münaqişənin həll olunması təkcə Azərbaycanın deyil, bütövlükdə regionun siyasi və iqtisadi inkişafına müsbət təsir göstərmişdir. Bununla yanaşı, ölkə beynəlxalq təşkilatların qərarlarının kağız üzərində qalmasının yaratdığı problemləri öz gücü ilə həll edərək, dünya ictimaiyyətinə beynəlxalq hüququn real tətbiqinin nə dərəcədə önəmli olduğunu nümayiş etdirmişdir. Azərbaycan beynəlxalq münasibətlərdə balanslı və çoxtərəfli siyasət yürüdərək həm Qərb, həm də Şərq dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq edir. ABŞ və Avropa İttifaqı ölkələri ilə əlaqələr, eyni zamanda Rusiya, Türkiyə, Çin və Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyini nümayiş etdirir. Xüsusilə, Çin və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Çin vətəndaşları üçün vizasız rejim tətbiq edərək iki ölkə arasında turizm və biznes əlaqələrinin genişlənməsinə şərait yaratmışdır. Bütün bu proseslər Azərbaycanın beynəlxalq sistemdə mövqeyini gücləndirərək, onu etibarlı və strateji tərəfdaş kimi qlobal miqyasda tanıtmışdır. Ölkənin geosiyasi və iqtisadi inkişaf strategiyası, beynəlxalq arenada artan nüfuzu onun gələcəkdə də güclü bir aktor kimi çıxış edəcəyini göstərir. Azərbaycan, həm iqtisadi, həm də siyasi baxımdan öz müstəqilliyini qoruyaraq dünya xəritəsində mövqeyini möhkəmləndirməkdə davam edir.
Zərdab şəhər Ş.Qurbanov adına orta məktəbin tarix Müəllimi Sadıqova Ülkər
Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur.
Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda strateji mövqeyə malik olan önəmli bir dövlətdir. Tarixi, coğrafi, siyasi və iqtisadi üstünlükləri ilə regionda sabitlik və inkişafın təminatçısı kimi çıxış edir. Azərbaycan, Qafqaz və Xəzər dənizinin qovuşduğu nöqtədə yerləşərək Avropa və Asiya arasında körpü rolunu oynayır. “Əsrin Müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi layihələr Azərbaycanın enerji sektorunda beynəlxalq mövqeyini növbəti dəfə möhkəmləndirdi. TANAP və TAP kəmərləri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir. Ölkənin enerji siyasəti regionda etibarlı enerji təchizatçısı kimi çıxış etməsinə səbəb olub.
Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı beynəlxalq ticarət yollarını genişləndirir. Bu layihələr Azərbaycanın nəqliyyat mərkəzi rolunu daha da artırır. Bakı-Tbilisi-Qars dəmir yolu Asiyadan Avropaya daşınan yüklər üçün ən qısa marşrutlardan biridir. Azərbaycan, Çin və Avropa arasında ticarət əlaqələrini inkişaf etdirmək üçün önəmli tərəfdaşdır. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edərək beynəlxalq arenada nüfuzunu artırdı. Ölkə həmçinin Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda fəal iştirak edir. COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə də ölkəmizin ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq arenada yüksək etimada sahib olmasının növbəti təzahürü idi. Bu Azərbaycanın beynəlxalq nüfuzunun bir qədər də artmasına, ölkəmizin müasir dünyanın qlobal çağırışlarının ön sıralarında mövqeyinin güclənməsinə səbəb oldu. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəklənməsi də ölkəmizə olan inamın nəticəsi idi. Əslində 200-ə yaxın ölkəni bir araya gətirən belə bir mötəbər iqlim tədbirinə ev sahibliyi etmək böyük çağırış olmaqla yanaşı, həm də məsuliyyət tələb edirdi. Dövlətimizn başçısı Çin televiziyasına müsahibəsi zamanı bu vacib məqama toxunaraq qeyd edib ki, COP29-a ev sahibliyi etməkdə məqsəd, ilk növbədə, Azərbaycan Respublikasının dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Azərbaycan üçün yüksək nailiyyət sayılan COP29, həm də son illər ölkəmizin şaxələndirilmiş xarici siyasətini bütün dünyaya bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin 120 dövləti birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etməsi onu göstərir ki, Azərbaycanın dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasəti beynəlxalq arenada dəstəklənir. Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına verdiyi müsahibədə qeyd olunduğu kimi Azərbaycanın regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionundakı etibarlı mövqeyi onun strateji coğrafi yerləşməsi, enerji resurslarının idarəedilməsi, nəqliyyat-logistika layihələri və sabitlik təşəbbüsləri ilə möhkəmlənir. Enerji təhlükəsizliyinin təminatçısı və beynəlxalq ticarət yollarının mərkəzi kimi çıxış edən Azərbaycan, həm regional, həm də qlobal arenada sabit və etibarlı tərəfdaş statusunu qoruyur. Diplomatik təşəbbüsləri və sülhə yönəlik addımları ilə ölkə Cənubi Qafqazda yeni bir əməkdaşlıq erasının qurulmasına şərait yaradır. Azərbaycanın bu mövqeyi gələcəkdə də regional liderliyini və beynəlxalq nüfuzunu daha da artıracaqdır.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov