image-qanunla-reklam
image-bez-nazvaniya

Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik və bu, qarayaxma kampaniyası idi

image-lady-day-az

Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik və bu, qarayaxma kampaniyası idi.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını bu günə qədərki COP sammitlərinin ən möhtəşəmi adlandırmaq olar. Sammitdə iştirak edən siyasi liderlər də bunu etiraf edirlər. Dünyanın nüfuzlu konfransının məhz Azərbaycanda keçirilməsi ölkəmizə və onun liderinə göstərilən yüksək ehtiramın nəticəsidir. Mötəbər konfranslara ev sahibliyi etmək kimi böyük təcrübəsi olan Azərbaycanda bu dəfə dünya liderləri qlobal iqlim böhranının həlli yollarını axtarırlar. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq. Prezident cənab İlham Əliyev sammitin açılışındakı çıxışı ilə həm COP29-un qarşısına qoyduğu hədəflərə, qlobal iqlim problemi və onun həlli yollarına aydınlıq gətirdi, nəcib beynəlxalq təşəbbüslərə bəzi ölkələrin qısqanc, qərəzli münasibətlərini ifşa etdi. Həqiqətən də qlobal iqlim böhranının yaranmasının başlıca baiskarları olan dövlətlər problemin həlli istiqamətində nəinki real addımlar atmırlar, irəli sürülən təşəbbüsləri, layihələri gözdən salmaq, boykot etmək yolunu tutublar.

Dünya ölkələrinin liderlərinin COP29 sammitində iştirakı Azərbaycana və onun yaşıl enerji sahəsindəki fəaliyyətinə hörmətdən irəli gəlir: “196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi sammitin mötəbərliyindən xəbər verir. Bu fakt, həmçinin aparılan qarayaxma, boykot kampaniyasının fiaskoya uğradığını göstərir. Prezident cənab İlham Əliyev çıxışında haqlı olaraq vurğuladı ki, bəzi xarici media resursları, beynəlxalq təşkilatlar, vətəndaş birlikləri bəzi qüvvələrin əlində siyasi alətə çevrilib. Onların anti-Azərbaycan fəaliyyəti heç bir halda Bakıda keçirilən COP29 sammitinə kölgə salmaq gücündə deyil. Biz bu cür kampaniyaları çox görmüşük. Avroviziya-2012 və Birinci Avropa Oyunlarında, eləcə də digər böyük beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində bizə qarşı həyata keçirilən iyrənc siyasətləri ifşa etmişik, cavablarını vermişik. Bütün fəaliyyətini beynəlxalq hüququn normalarına uyğun quran, beynəlxalq təşəbbüslərin fəal iştirakçısı olan, demokratiya və insan haqlarının müdafiəsinə önəm verən Azərbaycanın cavablandıra bilməyəcəyi ittiham və iddia yoxdur. Ermənistan və onun arxasında duran Fransa, Niderland, Almaniya kimi ölkələrdən fərqli olaraq Azərbaycan heç vaxt etnik təmizləmə siyasəti həyata keçirməyib, işğalçı dövlət olmayıb. 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi dünya ölkələrinin ölkəmizə olan hörmət və etimadının təsdiqidir. Azərbaycan ölkələr arasında təkcə coğrafi deyil, mədəni və siyasi körpü rolunu oynayır. Ölkəmizin Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşuğunda yerləşməsi onun geostrateji əhəmiyyətini artırır. Bu mənada boykotçular istəsələr belə ölkəmizin geostrateji əhəmiyyətini görməməzlikdən gələ bilməzlər”.

Ölkəmiz, həmçinin digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirir. Azərbaycan təkcə təşəbbüslər irəli sürmür, mötəbər tədbirlərə ev sahibliyi etmir, həm də konkret işlər həyata keçirir. İşğaldan azad edilmiş bölgələrin dirçəldilməsi üçün Azərbaycan Prezidenti tərəfindən innovativ konsepsiyalar ortaya qoyulub. Yaşayış məntəqələrinin “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri üzrə yenidən qurulması, təbiət ərazilərinin sürətli və ən yüksək səviyyədə bərpa olunması, eləcə də getdikcə artan enerji tələbatının daha çox yaşıl enerji mənbələrindən istifadə olunaraq təmin edilməsi qlobal iqlim dəyişikliyinə verilən ən böyük töhfədir. Təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, ümumilikdə ölkənin digər regionlarında oxşar layihələr həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurla bərabər, Naxçıvan Muxtar Respublikasının da yaşıl enerji zonası elan edilməsi bunun təsdiqidir. Azərbaycan liderinin sözünün imzası qədər gücü olduğu kimi, sözü ilə əməli üst-üstə düşməsi onun nüfuzunu daha da gücləndirir.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək.

Cari ilin noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib. COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir. Bu, eyni zamanda, Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricisidir. Eyni zamanda, Azərbaycanın beynəlxalq tədbirləri keçirməkdə böyük təcrübəsinin olduğunu nümayiş etdirir. Ən önəmlisi isə bir də odur ki, artıq Azərbaycan insan faciələri ilə nəticələnən fəlakətlərin, qlobal iqlim dəyişikliklərinin qarşısının alınması üçün ən dəyərli tədbirə ev sahibliyi edir, buna öz töhfəsini verir. Tədbirin açılışında çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycanın ixrac bazarlarına diqqət yetirdiyini və öz tərəfdaşları ilə birgə mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirməyə çalışdığını bildirib. Onun sözlərinə görə, “bunlardan biri Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsidir”. “Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək. Onun imkanları iki giqavat olacaq. Bu, yalnız başlanğıcdır”. Əvvəla COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz bu səbəbdən də Azərbaycanın namizədliyi dəstək olunub və təsdiqlənib. Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox investisiya edən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır. COP29 bir sıra istiqamətlərdə – Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir. Azərbaycan, həm də Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya öz yaşıl enerjisini ixrac etmək niyyətindədir. Bu da ondan xəbər verir ki, 2026-cı ildən sonra Azərbaycan Avropa İttifaqının yaşıl enerjiyə olan tələbinin ödənməsində xüsusi paya malik olacaq. Bu istiqamətdə də çox sürətli işlər həyata keçirilməkdədir. COP29 Azərbaycanın potensialının və iqtisadi imkanlarının daha yaxından təqdim edilməsinə şərait yaradacaq ki, bu da çox vacib amillərdəndir. Çünki belə tədbirlər bir tərəfdən turizm-xidmət sektorunun dəstləklənməsi və inkişafına xidmət edir, digər tərəfdən isə ölkənin iqtisadi potensialı ilə daha yaxından tanış olmağa fürsət yaradır.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki