Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir.
Dövlət başçısı cənab İlham Əliyevin hər bir müsahibəsi, çıxışı Azərbaycanın bütün sahələrdə, o cümlədən xarici siyasətdə qazandığı uğurların təqdimatı olmaqla yanaşı, həm də onların fonunda müəyyənləşdirilən yeni çağırışlarla yadda qalır. Bu reallıq daim xüsusi qeyd edilir ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ölkəmizin yeni reallıqlar yaratması ilə müşayiət olunur ki, bu da öz növbəsində regionda və dünya siyasətində dəyişiklikləri şərtləndirir. Şanlı Qələbəmizdən ötən beş ilə yaxın dövr ərzində əməkdaşlıq məkanı kimi nüfuz qazanan Azərbaycanın müxtəlif dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı bunu bir daha sübut edir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub, reallığa çevirdiyi qlobal enerji və nəqliyyat layihələri ilə ölkələri, xalqları daha sıx birləşdirərək körpü roluna yeni əlavələr edir. Hazırda Çin dünyanın yüksələn gücüdür. Azərbaycan Çin üçün xüsusi əhəmiyyətə malikdir. Ölkəmiz resurslarla zəngindir və ticarət yolların qovşacağında yerləşir. Strateji əhəmiyyətinin böyüklüyü Azərbaycanı Çin üçün kifayət qədər cəlbedici ölkəyə çevirir. Rəsmi Pekin son zamanlar Azərbaycana xüsusi maraq göstərir. Azərbaycan da Çinlə əməkdaşlıqdan məmnunluq duyur. Son dövrlər iki ölkə arasında ticarət dövriyyəsi artır və Çin Azərbaycanın dördüncü ən böyük tərəfdaşına çevrilib. Azərbaycan və Çin arasında əməkdaşlıq müxtəlif layihələrdə xüsusi əhəmiyyətə malikdir.
Prezident cənab İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində qeyd etdi ki, 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxışımda bu layihənin təkcə nəqliyyat əlaqəsini təmin etmədiyini, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirdiyini, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini və beynəlxalq ticarət üçün yeni imkanlar yaratdığını bildirmişdim. “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığımız genişləndirilir. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir. Statistik rəqəmlərə diqqəti yönəldən dövlət başçısı İlham Əliyev vurğuladı ki, son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. Bu mötəbər təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Dövlət başçısı İlham Əliyev müsahibəsində bu məqamı xüsusi qeyd etdi ki, ŞƏT-in fəaliyyətinə böyük əhəmiyyət veririk və bu təşkilatın təməlində dayanan prinsipləri bölüşürük. Regionda etibarlı tərəfdaş və mühüm dövlət olan Azərbaycan beynəlxalq və regional sülhün, təhlükəsizliyin bərqərar olmasına töhfə verməkdə davam edir, ticarət, kommersiya və investisiya əlaqələrinin genişlənməsinə yönəlmiş, bununla da qlobal iqtisadi inkişafa və Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına kömək edən irimiqyaslı iqtisadi-ticari, nəqliyyat, infrastruktur və energetika sahələrində layihələr həyata keçirir. Ölkələrimizin sıx ikitərəfli qarşılıqlı fəaliyyəti Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının dərinləşməsinə və bu təşkilatın statusunun artmasına səmərəli surətdə kömək edəcək.
Zərdab Rayon Həsən bəy Zərdabi Muzeyinin əməkdaşı Leyla Əliyeva