image-qanunla-reklam
image-bez-nazvaniya-1

Azərbaycan dili gününün təsis edilməsi

image-lady-day-az

Azərbaycan dili gününün təsis edilməsi.

Ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır.Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Bundan başqa, 2001-ci il 9 avqustda Ulu Öndər “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”  Fərman imzalamış və bu Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir ki, məhz bu Qanunla Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu nizamlanır. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.Azərbaycan dilinə bu gün də dövlətimiz tərəfində xüsusi diqqət və qayğı vardır. Belə ki, müasir Azərbaycan dilinin qloballaşan dünyada qorunub saxlanılması və davamlı inkişafı naminə ölkə başçısı cənab İlham Əliyev tərəfindən bir çox Fərman və Sərəncamlar verilmişdir. Prezident cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsini xüsusilə qeyd etmək olar. Məlum Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasından ibarətdir. Müasir dövrün tələblərini nəzərə alaraq ölkə başçısı 17 iyul 2018-ci il tarixdə  “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” da Sərəncam imzalamışdır. Bu Sərəncam isə Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Məhz Prezident cənab İlham Əliyevin Azərbaycan dilininin qorunub saxlanması və inkişafını təmin etmək üçün imzaladığı Fərman və Sərəncamlar xalqımızın tərəqqisinə xidmət edir. Eyni zamanda, bütün bunlar Prezident cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqliyindən xəbər verir.

 Zərdab Gənclər evi SXM-in psixoloqu – Cəvahir Murtuzayeva

 

 

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi.

Məlum olduğu kimi, SSRİ dövründə milli dillərin sıxışdırılması prosesi həyata keçirilirdi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bununla belə, yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib.Azərbaycan  dilimizin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərir. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım olur .Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Ümummilli Lider Heydər Əliyev haqlı olaraq deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir . Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir”. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.

 

 

Dövlət dilinin tətbiqi.

Böyük qürur hissi ilə qeyd etməliyik ki, biz bir xalq olaraq zamanın cürbəcür sınaqlarından keçərək, dilimizi,  milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz var. 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan şairlər,  ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib. Azərbaycan dili Azərbaycan xalqının ən böyük milli sərvətidir. Bu tezisi milli-mənəvi dəyərlərə sahib olan hər bir vətəndaş bir an olsun belə unutmamalıdır. Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi müstəqil dövlətçiliyimizin başlıca əlamətlərindən biridir.Ulu Öndər Heydər Əliyev milli dilimizə ən yüksək səviyyədə dəyər vermiş, dilimizin qorunub saxlanılması və daha da zənginləşdirilməsi ilə bağlı olaraq öz diqqət və qayğısını əsirgəməmişdir. Ümummilli Liderimiz Heydər Əliyev qeyd edirdi ki, mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik. Bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var. Ulu Öndərimiz qürur hissi ilə bildirirdi ki, milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır. Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz.Milli dilimizlə bağlı Ulu Öndər Heydər Əliyev kursunu uğurla davam etdirən möhtərəm Cənab İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Dövlət başçımızın 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.
Azərbaycan dilimiz bizim milli kimliyimizdir, varlığımız, sərvətimizdir, müstəqilliyimiz və əbədiliyimizdir. Onu qorumaq, nəsildən-nəslə ötürmək hər birimizin müqəddəs borcudur.

Zərdab Gənclər evi SXM-in əməkdaşı- Cəlal Mecidli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki