Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır
Azərbaycan gənclərinin bir fərd, əsl vətəndaş kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri unudulmazdır. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Müdrik dövlət xadimi ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başlandı. Gənclər siyasətinin bünövrəsi məhz həmin dövrdə qoyulmuşdur.
Ümummilli lider Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox mühüm və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Dövlətimizin siyasətində gənclər məsələləri mühüm yer tutur. Azərbaycanın maliyyə-iqtisadi imkanları artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Cənab İlham Əliyevin prezident olduğu dövr ərzində ölkəmizdə müxtəlif sferalarda, istər mədəniyyət, istər idman, istərsədə elm və təhsil sahələrində gənclərə yaratdığı şərait və verdiyi dəstək Azərbaycan gəncliyinə böyük stimul verir və məhz bu səbəbdəndir ki, Vətənimiz bir sıra qalibiyyətlərin nəticəsi olaraq beynəlxalq müsabiqə, festival, konfranslara və idman yarışlarına ev sahibliyi edib. Bu mövqe ondan ibarətdir ki, gəncliyimiz Prezidentin siyasətini birmənalı şəkildə dəstəkləyir və onun yürütdüyü daxili-xarici siyasətə inanır və ölkəmizin işıqlı gələcəyini məhz onun çiyinlərində görür. Bütün gənclər cənab Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi, beynəlxalq sferada nüfuzunun artırılması, respublikanın ərazi bütövlüyünün bərpa olunması naminə irəli sürdüyü siyasəti və gördüyü işləri dəstəkləyir.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Prezident İlham Əliyevin siyasəti həmrəylik mühitinin toxunulmazlığını təmin edir
Dünyanın siyasi tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici faktorlar sırasında lider amilinin rolu xüsusi olaraq diqqəti cəlb edir. Tarixi təcrübə göstərir ki, tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətlərindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında aparıcı rola malikdir. Lider yalnız tərəfdarlarını, xalqı arxasınca aparan rəhbər deyil, o həm də tarix yazan, tarixin yazdığı və tarixin gedişatına həlledici təsir göstərən şəxsiyyətdir. Bu kontekstdə ayrı-ayrı xalqların və dövlətlərin timsalında müxtəlif nümunələr mövcuddur. Bir əsrdə iki dəfə istiqlaliyyət qazanmış Azərbaycanın bütöv və müstəqil dövlət kimi mövcudluğu, dinamik inkişafı bilavasitə liderlik amili ilə bağlıdır. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan təcrübəsiz, səriştəsiz, antimilli qrupların milli maraqlara zidd fəaliyyəti nəticəsində xaos və anarxiya meydanına çevrilən Azərbaycanı böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 20 ildə qarşıya qoyulmuş bütün hədəflərə çatıb. İndi isə ölkəmiz daha böyük hədəflərə doğru əmin addımlarla irəliləyir. Dünyada siyasi, iqtisadi böhran və katakilizmlərin hökm sürdüyü, yeni münaqişə və müharibə ocaqlarının əmələ gəldiyi, uzunmüddətli müharibələrin davam etdiyi bir vaxtda Azərbaycanda hökm sürən iqtisadi, siyasi sabitlik bütün dünyaya nümunədir. Əlbəttə bu sabitliyin mərkəzində cənab İlham Əliyev fenomeni və onun uzaqgörən, müdrik siyasəti dayanır.
Prezident İlham Əliyevin dövlət siyasəti milli həmrəylik mühitinin toxunulmazlığını təmin edir: “Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısı xalqa arxalanaraq Azərbaycanı inkişafa doğru aparır. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir”.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc