image-970_50
image-img_20201001_104325_085

Azərbaycan əsgərinin sarsılmaz iradəsi gənclərimiz üçün nümunədir

image-728_90

Azərbaycan əsgərinin sarsılmaz iradəsi gənclərimiz üçün nümunədir.

XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Ordumuz ilk gündən düşmənin müdafiə xəttini yararaq sonrakı 44 gündə yalnız irəli getdi. Azərbaycan müasir döyüş strategiyasında pilotsuz uçuş aparatlarından (PUA) yüksək peşəkarlıqla istifadə edərək dünya hərb tarixində mühüm yeniliklər etdi. İkinci Qarabağ müharibəsinə qədər PUA-lardan bu miqyasda, bu cür səmərəli şəkildə istifadə olunmamışdı.
Şuşanın azad olunması əməliyyatından danışan Prezident cənab İlham Əliyev qeyd edib ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb və çıxışlarının birində belə deyib: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

Qələbənin təqvimi 27 sentyabr

Uğurlu əks-həmlə əməliyyatının ilk saatlarından düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan Ordusu günortadan sonra Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etdi.
Cənab Prezidentin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı qətiyyətlə bəyan etdi: “Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.
“Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz kəndini işğaldan azad etdi. Bu xoş müjdəni tvitter hesabından xalqımıza çatdıran dövlətimizin başçısı kəndin tarixi adını da bərpa edərək onu Suqovuşan adlandırdı.
Ordumuz oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da isə Hadrut qəsəbəsini düşməndən təmizlədi. Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik” mifini əməliyyatların ilk günlərindəcə darmadağın edən rəşadətli ordumuz oktyabrın 17-də Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı. Oktyabrın 18-də – Müstəqillik Günündə Azərbaycanın üçrəngli bayrağı qədim Xudafərin körpüsünün üzərində dalğalanmağa başladı. Bundan iki gün sonra – oktyabrın 20-də isə Zəngilan şəhəri işğaldan azad olundu. Oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycanın İran ilə dövlət sərhədi tam nəzarətə götürüldü.
Azərbaycan Prezidenti İlham Əliyev tvitterdəki səhifəsində bu barədə belə qeyd etmişdi: “Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!”.
Ordumuz oktyabrın 25-26-da Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndini və Qubadlı şəhərini azad etdi. Bu əməliyyatın ən böyük əhəmiyyətindən biri də Dağlıq Qarabağdakı separatçı ünsürlərlə Ermənistanı birləşdirən əsas magistral yolun nəzarətə götürülməsi idi.
Oktyabrın 28-dən noyabrın 7-dək olan müddətdə 53 kəndi və bir neçə strateji yüksəkliyi azad edən Azərbaycan Ordusunun növbəti hədəfi qədim Şuşa şəhəri idi. Qəhrəman ordumuz Azərbaycanın və dünya hərb tarixinin şanlı səhifələrindən birini təşkil edən çətin Şuşa əməliyyatını uğurla başa çatdıraraq bu şəhəri işğaldan azad etdi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın otuz ilə yaxın həsrətlə gözlədiyi bu şad xəbəri Azərbaycan vətəndaşlarına noyabrın 8-də sübh tezdən Şəhidlər xiyabanından çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!
Şuşanın azad edilməsi Ermənistan ordusunun müqavimət gücünü tamamilə sarsıtdı. Nəticədə bu əməliyyatdan bir gün sonra – noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı. Müharibədəki ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur

Vətən Müharibəsindən bir il ayırır bizi. Ölkənin bütün ərazilərində 8 noyabr Zəfər Gününə hazırlıq gedir. Bu, canlarını torpaq uğrunda qurban etmiş Şəhidlərimizə ehtiram əlamətidir. Ötən il xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurdu. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Prezident cənab İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur.
Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış cənab Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident cənab İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir.
Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan cənab İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Ermənistan havadarları Azərbaycanın gücü qarşısında məyus qaldı. Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Şəhla Eminova –əməkdar müəllim

 

Xalqın güc və birlik rəmzinə çevrilmiş dəmir yumruq

Haqq-ədalət uğrunda apardığımız müharibədə qazandığımız tarixi qələbə Azərbaycanı bütövləşdirdi, daha da mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. Bu qələbə, həm də dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Biz qalib xalqın nümayəndələri olmağımızla, belə bir ölkədə yaşamağımızla və bu qələbəni bizə bəxş edən ordumuzla fəxr edirik. Çünki bu 44 gün ərzində göstərilən həmrəylik, birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Bizim Qələbəmizin rəmzi olan dəmir yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir. Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik.
44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri “yenilməz Ermənistan ordusu”nun otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın etdi. Hazırda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. İşğalçı ordunun canlı qüvvəsini də məhv etdik. Dövlətimizin başçısı bildirdi ki, bütün bunları qəhrəman Azərbaycan Ordusu edib. Ona görə bu mifologiyaya son qoyuldu. Bizə qarşı olan bütün digər erməni iddialarına tədricən son qoyulacaqdır.

Gülağa İsgəndərov-Zərdab rayon Təhsil Şöbəsinin müdiri

 

Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv edib

Əsrlər boyu qəhrəmanlıq salnamələri yaradan xalqımız hər zaman cəsurluğu və mərdliyi ilə tarixdə şanlı izlər buraxmışdır. Belə bir deyim var: “ Ordun varsa, yurdun var.” Həqiqətən də güclü, nizami ordu dövlətçiliyin qarantı, gələcəyin təminatıdır.
Ali Baş Komandan İlham Əliyev hər zaman ordumuzun hərbi potensiala malik olması ilə yanaşı Azərbaycan əsgərinin mənəvi keyfiyyətlərinin yüksək olduğunu bildirirdi. Azərbaycan ordusu bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır, həm hərbi potensialına, həm də döyüş qabiliyyətinə görə. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü ordusu formalaşdırılmışdır. Ölkənin iqtisadı qüdrətinin artması ordu quruculuğuna müsbət təsir göstərmişdir. Müdafiə xərclərinə ayrılan vəsait nəticəsində yüksək döyüş qabiliyyətli, müasir silah-sursatla təmin olunmuş ordu yaradıldı. Əsgərlərimizin rəşadəti, döyüş ruhu, vətənpərvərlik hissi nəticəsində qısa müddətdə düşmən məhv edildi, tarixi ərazilərimiz yadelli tapdağından azad olundu.
Texniki üstünlüklərlə yanaşı ordumuz mənəvi üstünlüklərə də malikdir. Vətən müharibəsində düşmənin təxribatlarına ancaq döyüş meydanında müharibə qaydalarına uyğun olaraq cavab verməklə onu yerində oturmağa məcbur etdi və ən əsası öz doğma torpaqları uğrunda vuruşan Azərbaycan əsgərinin qalib gəlmək əzmi, ədaləti bərpa etmək istəyi bu mübarizədə ən vacib məqamlardan biri oldu.
Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

Xalqın güc və birlik rəmzinə çevrilmiş-dəmir yumruq

30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz, sentyabr ayının 27-dən başlayan “Dəmir Yumruq” əməliyyatı – 44 günlük Vətən Müharibəsi noyabr ayının 10-da Azərbaycan-Ermənistan arasında bəyanatın imzalanması ilə nəticələndi. Belə ki, müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi. “Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı birlik, güc rəmzi ilə böyük qələbə, zəfər tarixini yazdı. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”unun ətrafında birləşməsi ilə bütün dünyaya gücünü göstərdi.
Ermənistan ötən illər ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərməsinə baxmayaraq, Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi! Dəmir yumruğun və Azərbaycan Ordusunun gücü sayəsində 1 milyondan çox soydaşlarımızın torpaq, yurd həsrətinə son qoyuldu. Möhtəşəm Zəfər yürüşündə xalq-ordu, xalq-Prezident birliyi də mühüm rol oynadı. Belə ki, ölkəmizin bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, könüllü olaraq ön cəbhəyə can atdılar. Bir sözlə, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Arxa cəbhədə olan vətəndaşlar vuruşan orduya kütləvi yardım kampaniyaları keçirdilər, qanvermə aksiyaları təşkil etdilər, həmçinin müxtəlif formalarla ordumuza mənəvi dəstək oldular. Məhz vətəndaşlarımızın bir yumruq kimi birləşməsi işğalçı Ermənistanı tamamilə sarsıtdı.
Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə bir də onu göstərdi ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Artıq qələbəmizdən bir il ötür. Bu bir il ərzində işğaldan azad olunmuş torpaqlar quruculuq meydanına çevrilib. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etdi. Azərbaycan xalqı da öz Prezidentinə inanır, güvənir və əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq. Bunun üçün hər bir imkan, hər bir şərait var. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti öz xalqına, öz gücünə inanır və torpaqların tez bir zamanda cənnətə dönəcəyi barədə verilən bəyanat bir həqiqətə çevriləcəkdir. Mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək və insanlar öz el-obalarına geri dönəcəklər.
Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev, Yaşasın Azərbaycan Ordusu, Yaşasın Azərbaycan xalqı.
Qarabağ Azərbaycandır
Qarabağ cənnət məkanıdır!

Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Milli birlik və siyasi həmrəylik

İkinci Qarabağ müharibəsində qazandığımız qələbəni öz gücümüzlə qoparıb aldıq. Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bizə güc verəcək. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir.
Qələbənin əldə olunmasında ən böyük amil cənab Prezident İlham Əliyevin siyasi iradəsidir. Müharibədən sonra bəzi məqamlar açıqlanandan sonra hər kəs dövlətin və dövlət başçısının nə qədər böyük sınaqlardan çıxdığını, hansı böyük təzyiqlərə məruz qaldığının şahidi oldu.
Azərbaycan xalqı 27 il ərzində həmişə Ümummilli Lider Heydər Əliyevin, sonra isə Prezident cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyib. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi – yenilməz xalq, “dəmir yumruq” kimi birləşən xalq, müzəffər ordumuz!
30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. 30 ilin həsrəti bizi qələbəyə daha da yaxınlaşdırdı. Xocalı qurbanlarının da qisasını aldıq, şəhidlərimizin də qisasını aldıq.
Artıq “dəmir yumruq” Azərbaycan xalqının güc və birlik rəmzinə çevrilib. Hər kəs qələbəni xalqın dəmir yumruq kimi birləşməyində görür və biz bunu bacardıq. Qisasımızı alıb, torpaqlarımızı işğaldan azad etdik.

Vəfa Xəlilli – Gəncliyə Dəstək ictimai birliyinin sədri

 

AZƏRBAYCANIN TARİXİNƏ QƏLƏBƏ SƏHİFƏSİ YAZMIŞ PREZİDENTƏ XALQIN ETİBARI VƏ EHTİRAMI SONSUZDUR

Vətən Müharibəsindən bir il ayırır bizi. Ölkənin bütün ərazilərində birliyimizin, yenilməzliyimizin rəmzi olan, zəfər ruhumuzu alovlandıran 8 noyabr Zəfər gününə hazırlıq gedir. Bu, canlarını torpaq uğrunda qurban etmiş Şəhidlərimizə ehtiram əlamətidir. Ötən il xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurdu. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur.
Bəli, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd, yuvalarına qayıdacaqlar, biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Cənab Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.
Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. 30 ildir ki, xalqımızın torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq-Ali Baş Komandan birliyi oldu. Xalqımız cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Ona və ordumuza böyük dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında cənab Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi.
Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir.
Otuz illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 28 ilin hər gününün qisasını aldı! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə də sinə gələrək, mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Azərbaycan bütün dünyaya həm döyüş, həm də diplomatiya meydanında münaqişənin hərb yolu ilə həllinin mümkünlüyünü sübut etdi. Döyüş meydanında Azərbaycan əsgərlərinin qazandığı zəfər diplomatiya meydanında da uğurlara çevrildi və sonda danışıqların şərtlərini Azərbaycan tərəfi diktə etdi. 44 gün davam edən Vətən müharibəsi dövründə dünyanın 10-dan artıq nüfuzlu televiziya kanalına və informasiya agentliklərinə müsahibə verən Prezident İlham Əliyev Azərbaycana qarşı irəli sürülən bütün yalan informasiyaları ifşa etdi. Ölkə rəhbərimiz öz qətiyyətli siyasəti ilə nəinki cəbhədə, hətta informasiya sahəsində də ən məşhur xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimi birdir. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənzərəsində öz mövqeyini daha da gücləndirəcək.

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Azərbaycan xalqı üçün ötən ilin ən böyük hadisəsi torpaqlarımızın işğaldan azad olunması oldu

Azərbaycan ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Rəşadətli ordumuz qısa müddətdə 30 il ərzində düşmənin milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamları darmadağın edərək həsrətimizə son qoydu.
Şəhər və kəndlərimizin bir-birinin ardınca azad edilməsi ilə Azərbaycan əlaqələri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildilər.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycanda müasir ordu quruculuğu prosesi yeni mərhələsinə başladı və təsadüfü deyil ki, 44 günlük müharibə,21- əsrin müharibəsi kimi dəyərləndirildi.
Sentyabrın 27-dən başlayan 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun Silahlı Qələbəsi ilə başa çatdı.Azərbaycan Haqq işi uğrunda başlanan müharibəni Şanlı Qələbə ilə başa çatdırıldı.
2020-ci ilin dekabrın 10-da Bakı şəhərində müzəffər Azərbaycan Ordusunun Zəfər paradı keçirildi.Bu,qalib ordunun qalib sərkərdə qarşısından şanlı keçidi idi.Bu parad Azərbaycanın hərb tarixinə Qələbə paradı kimi yazıldı.Ali Baş Komandan cənab İlham Əliyevin 2018-ci ildə keçirilmiş hərbi paradda söyləmişdir: “Gün gələcək və bu gün işğal altındakı torpaqlarımız azad olunacaq,bayrağımız orada qaldırılacaq,Azərbaycan bayrağı Aazdlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”-bu vəd həqiqətə çevrildi.
Zəfər tarixi yazan Azərbaycan ordusu üç rəngli bayrağımızı qürurla,fəxarətlə yenidən bütün dünyaya nümayiş etdirdi. Zəfər yolu, zəfər yürüşü davam edir. Bu yol, bu yürüş quruculuq, inkişaf yoludur. Qarabağımıza, vətənimizə gedən zəfər yürüşüdür.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Azərbaycan xalqı cənab Prezident İlham Əliyevi hər zaman dəstəkləmişdir.

30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız azad edildi. Bu böyük qələbəni xalqımıza görkəmli dövlət xadimi, müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun rəhbərlik etdiyi şanlı ordumuz bəxş etdi. Neofaşist ölkə olan Ermənistan, onun vandal ordusu igid əsgərlərimizin zərbələri qarşısında diz çökdü. Qələbəyə aparan uzun yol 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə başa çatdı. İgid hərbçilərimizin, şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən döyüş meydanında məhv edildi, məğlubiyyətini etiraf etdi. “Ermənilərin məğlubedilməzliyi” barədə yalanlar ifşa edildi. Bu müharibə əslində Azərbaycan əsgərinin yenilməzliyini sübut etdi.
Azərbaycan xalqı cənab Prezident İlham Əliyevi hər zaman dəstəkləmişdir. Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixindən bütün xalq onun ətrafında daha sıx birləşdi. Yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gəncləri cəbhəyə könüllü getmək üçün müraciət etdilər. Yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad edilməsi üçün əlindən gələni edirdi. Xalq misli görünməmiş həmrəylik nümayiş etdirdi. Bu, xalq-Prezident birliyinin, xalqın ölkənin liderinə dərin inamının parlaq nümunəsi idi və bu birlik qələbəmizin təminatı oldu.
Bu qələbəni qazanmaq üçün cənab Prezident uzun illər Azərbaycanın iqtisadi gücünü artırmış, ordunu hərtərəfli və uzun müddət təmin edə biləcək davamlı baza yaratmışdır. Məhz cənab Prezidentin apardığı uğurlu iqtisadi siyasət sayəsində respublikamız sürətlə inkişaf edən bir ölkəyə çevrilmişdir. Şuşanın işğaldan azad edilməsi münasibəti ilə Prezidentin xalqa tarixi müraciətində qeyd etdiyi kimi: “Əgər iqtisadi gücümüz olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi”.
Dövlət başçısının düzgün, balanslaşdırılmış xarici siyasəti sayəsində  beynəlxalq səviyyədə ölkəmizin nüfuzu yüksəlmiş, Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Azərbaycan və işğal edilmiş torpaqlarımız barədə əsil həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmışdır.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

 

Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır.

Türkiyə kimi qüdrətli, qardaş dövlətin bu çətin günlərdə xalqımızla birgə olması, göstərdiyi siyasi, mənəvi dəstək misilsizdir və bunu ayrıca qeyd etmək lazımdır. Qardaş ölkənin bu mövqeyi heç nə ilə müqayisə edilə bilməz. Cənab Prezidentin uzaqgörən, məqsədyönlü siyasəti ilə Ermənistan beynəlxalq siyasətdə təcrid edildi.
Ali Baş Komandan bu istiqamətdəki uğurlu fəaliyyətini tarixi Şuşa müraciətində yığcam və dolğun şəkildə şərh etdi: “Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı”.
Digər tərəfdən, beynəlxalq vəziyyət və geopolitik durum sərrast qiymətləndirilərək Azərbaycan ordusunun əks-hücumu və uğurlu əməliyyatları üçün tam əlverişli zamanın seçilməsini xüsusi olaraq vurğulamalıyıq. Bu isə cənab Prezidentin beynəlxalq siyasət üzrə mahir peşəkarlığını göstərən məqamlardan biridir. Dünyanın məşhur siyasi analitikləri, hətta düşmən tərəfin siyasi şərhçiləri də bunu etiraf etmək məcburiyyətindədirlər.
Ordumuzun tarix yazdığı 44 gün ərzində cənab Prezidentin dünyanın mötəbər kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində beynəlxalq hüquqi normalar çərçivəsində olan Azərbaycanın haqlı mövqeyi tamlığı ilə sərgiləndi. Xarici ölkələrin siyasi şərhçiləri də indinin özündə belə İlham Əliyevin verdiyi müsahibələri çağdaş zamanda yüksək diplomatik peşəkarlığın bariz nümunəsi kimi qiymətləndirməkdədirlər.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

44 günlük bu Vətən müharibəsi və qazanılmış qələbə Azərbaycan tarixinin ən parlaq səhifələri kimi milli yaddaşımızda əbədi olaraq qalacaqdır.

Respublikamıza rəhbərlik etdiyi 17 il ərzində Ali Baş Komandan qüdrətli ordu quruculuğu həyata keçirmiş, ordunu ən müasir silahlarla təmin etmişdir. Bu sahədə beynəlxalq təcrübə öyrənilmiş, NATO standartlarına malik olan Türkiyə ordusu ilə birgə uzunmüddətli təlimlər keçirilmişdir. Azərbaycan ordusu müasir silah təminatı, hərbçilərimizin yüksək peşəkarlığı ilə güclü ordular sırasına qalxmışdır. 44 gün davam edən Vətən müharibəsi bunu əyani şəkildə sübut etdi.
Ali Baş Komandan tarixi Şuşa müraciətində bu məsələni xüsusilə qeyd etmişdir: “Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz”.
İkinci Qarabağ müharibəsində tətbiq edilən döyüş əməliyyatları, xüsusilə də ağır texnikanın istifadə edilmədiyi Şuşa əməliyyatı dünya hərb tarixinin nadir hadisələridir. Hərbçilərimizin bu müharibədə göstərdiyi şücaət misilsizdir. Ali Baş Komandan öz müraciətində Azərbaycan hərbçilərinin igidliyini yüksək qiymətləndirmişdir: “Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!”
Bu sözlərə yalnız onu əlavə etmək olar ki, bu qəhrəman əsgərlər ona görə qalib gəldilər ki, onların Ali Baş Komandanı məhz İlham Əliyevdir!
Torpaqlarımızın işğaldan azad edilməsi üçün cənab İlham Əliyev müdrik Prezident olaraq düzgün, uzaqgörən daxili və xarici siyasət aparmış, orduya rəhbərlik edən Ali Baş Komandan olaraq yüksək sərkərdəlik qabiliyyəti ilə  qətiyyətli qərarlar vermişdir. Məhz cənab Prezidentin yorulmaz fəaliyyəti, onun rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığı sayəsində düşmən məğlub edildi. O, bütün dünyaya sübut etdi ki, məhz erməni kimi, insanlıq xüsusiyyətlərindən uzaq bir düşmən tərəfindən uzun müddət işğal altında qalan torpaqlarımızın azad edilməsinin yeganə yolu müharibədir. 44 günlük bu Vətən müharibəsi və qazanılmış qələbə Azərbaycan tarixinin ən parlaq səhifələri kimi milli yaddaşımızda əbədi olaraq qalacaqdır.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki