image-qanunla-reklam
image-_fkh2988_89_90_tonemapped

Azərbaycan etibarlı iqtisadi tərəfdaşdır

image-lady-day-az

Azərbaycan etibarlı iqtisadi tərəfdaşdır.

İqtisadi inkişaf dövrünü yaşayan Azərbaycan dünya birliyinin fəal faktorlarından birinə çevrilib. Yerləşdiyi regionda iqtisadi və siyasi cəhətdən böyük nüfuza malik olan ölkəmiz hər keçən gün beynəlxalq birlikdəki yerini möhkəmləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizi dünya birliyinin etibarlı və məsuliyyətli tərəfdaşına çevirib. Azərbaycanın daha da qüdrətlənməsi üçün böyük əzmlə çalışan cənab İlham Əliyevin müstəqil siyasət yürütməsi ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirir. Xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir. Azərbaycanla sıx münasibətlər qurmaq istəyən ölkələrin sayının ildən-ilə artması da deyilənlərin təsdiqidir. Xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəldilir. Dövlətçiliyin, müstəqilliyin qorunması, milli təhlükəsizliyin təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Bugünkü qüdrətli Azərbaycanın milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini Ulu Öndər Heydər Əliyev müəyyənləşdirib. Bu kursun əsas xətti dövlət müstəqilliyimizi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir. Bu prioritetlər Azərbaycanın xarici siyasət kursunun əsasını təşkil edir.
İnamla deyə bilərik ki, cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulub, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib. Bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəldib.
Dinamik və praqmatik xarakter daşıyan xarici siyasət kursu ilk növbədə ölkəmizin milli maraqlarının təmin olunmasına xidmət edir. Rəsmi Bakı dünyanın fövqəlgücləri sayılan ölkələrlə – ABŞ, Rusiya, Çin, Almaniya, Fransa, Türkiyə və s. yəni Avropa İttifaqı və İslam ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq edir. 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək beynəlxalq münasibətlər sisteminin fəal üzvü kimi tanınıb. Elə həmin il Qoşulmama Hərəkatına daxil olmaqla Azərbaycan öz xarici siyasətinin yeni vektorlarını müəyyənləşdirib, Latın Amerikası və Afrika ölkələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmağa başlayıb.

Cəmil Mustafayev,
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki