Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu biri-birimdən önəmli istiqamətlər üzrə fəaliyyət göstərir
Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu biri-birimdən önəmli istiqamətlər üzrə fəaliyyət göstərir və minlərlə müxtəlif təyinatlı layihələri icra edir. Bu istiqamətlər sırasında elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanmasını xüsusi qeyd etməliyik. Fond gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir. Həmçinin xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir. İqtisadi inkişaf yolunu tutan, yeniləşən Azərbaycan cəmiyyətində təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin öncül sahələrindən biridir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2 mindən artıq məktəb tikilib, yaxud əsaslı təmir edilib. Fondun təşkilatçılığı ilə bu sahədə həyata keçirilən proqram və layihələr ölkəmizdə təhsilin səviyyəsini yüksəltməyə, valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələrin təlim-tərbiyəsi üçün şəraiti yaxşılaşdırmağa imkan vermişdir. Heydər Əliyev Fondunun gənclərimizin tariximizin, mədəniyətimizin, milli-mənəvi dəyərlərimizin, dilimizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirdiyi layihələri, maarifləndirici tədbirləri də təqdirəlayiqdir. Fondun ümdə məqsədlərindən biri Ulu Öndərimizin zəngin irsinin, dövlət, Vətən, xalq qarşısında misilsiz xidmətlərinin, milli dövlətçilik ideyalarının dərindən öyrənilməsi, təbliği, yeni nəsillərə çatdırılmasıdır. İndiki və gələcək nəsil Azərbaycanın bu günü üçün kimə borclu olduğumuzu bilməlidir. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın bu günü üçün elə bir möhkəm təməl yaratdı ki, bu gün ölkəmiz həmin təməl üzərində ən möhtəşəm uğurlara, imza atır. Qalib xalqın qalib Lideri İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi, Ümummilli Liderin görmək istədiyi Azərbaycanı yaratdığı üçün özünü xoşbəxt hiss edir. Qalib, bütövləşən Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal