image-qanunla-reklam
image-387736668_878908933588886_3340256826786749584_n

Azərbaycan-Gürcüstan əlaqələri hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra yeni müstəviyə qədəm qoyub

image-lady-day-az

Azərbaycan-Gürcüstan əlaqələri hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra yeni müstəviyə qədəm qoyub.

 Azərbaycan Respublikası müstəqillik əldə etdiyi ilk illərdən xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirməyi, bu istiqamətdə əməkdaşlıq münasibətlərini genişləndirməyi prioritet hədəflər kimi qarşıya qoyub. Bu baxımdan, Azərbaycan, işğalçı Ermənistan istisna olmaqla, regionda yerləşən bütün qonşu ölkələrlə hərtərəfli əlaqələri dərinləşdirməyə və onları strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə qaldırmağa çalışıb. Bu konteksdə yaxın qonşumuz Gürcüstan Respublikası ilə ölkəmiz arasında mövcud olan əlaqələr də məhz yüksək strateji tərəfdaşlıq səviyyəsinə qalxıb və gündən-günə inkişaf etməkdədir.Azərbaycan-Gürcüstan münasibətləri uğurla inkişaf edir
Bu məqamda qeyd edək ki, bu günlərdə Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümü tamam olub. Xatırladaq ki, çox qədim tarixə malik olan Azərbaycan-Gürcüstan əlaqələri hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra yeni müstəviyə qədəm qoyub. Belə ki, SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən iki qonşu dövlət arasında diplomatik münasibətlərin əsası 18 noyabr 1992-ci il tarixində qoyulub, bu əlaqələr sonrakı illərdə daha da inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib.Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu əlaqələr Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından və Eduard Şevardnadzenin Gürcüstanda hakimiyyətə gəlməsindən sonra özünün inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, 1993-cü ildən sonra hər iki ölkədə xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiya həyata keçirilib və 1995-ci ildə Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi, hərbi, kommunikasiya sahələrini əhatə edən müqavilə imzalanıb. Bununla yanaşı, 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycanın səfirlikləri fəaliyyətə başlayıb.İki ölkə arasında münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqqında qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb.Dövlətlərarası münasibətlərin inkişafında dövlət və hökumət başçılarının sonrakı dövrdə intensiv xarakter alan qarşılıqlı səfərləri mühüm rol oynayıb. Bu səfərlər sırasında 2000-ci ilin martında Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstana, 2001-ci ilin sentyabrında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Azərbaycana rəsmi səfərlərini qeyd etmək olar. Həmin vaxtlardan iki ölkə arasında birgə iqtisadi komissiya, hər iki ölkənin parlamentlərində isə dostluq qrupları fəaliyyət göstərirdi.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Gürcüstan və Azərbaycanı bir-birinə dəstək verən müstəqil ölkələrdir

Ümumiyyətlə, Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafı davamlı xarakter daşıyır. Məhz bu konteksdə vurğulamaq yerinə düşər ki, 2004-cü ilin martında Gürcüstanın o zamankı Prezidenti Mixail Saakaşvilinin Azərbaycana, həmin ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri baş tutub. Ölkələr arasında rəsmi səfərlər dövlət rəsmilərinin bu əlaqələrə necə çox önəm verdiyini sübut edib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan sonra da dəfələrlə Gürcüstanda səfərdə olub, Gürcüstan rəhbərləri də müxtəlif vaxtlarda ölkəmizə səfərə gəliblər.Onu da qeyd edək ki, son 28 ildə Azərbaycan ilə Gürcüstanın dövlət və hökumət başçıları, parlament sədrləri, nazirləri səviyyəsində qarşılıqlı səfərlər təşkil olunub, iki ölkə arasında 100-dən çox hüquqi sənəd imzalanıb. Bununla yanaşı, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb.Onu da qeyd etmək lazımdır ki, ötən illər ərzində Azərbaycan ilə Gürcüstan bir sıra uğurlara imza atıblar. Belə ki hər iki ölkə təmsil olunduqları regional və beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edir, hər iki ölkənin diplomatları, deputatları və digər rəsmiləri beynəlxalq arenada bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər. Bu da hər iki ölkənin beynəlxalq arenadakı mövqelərinin möhkəmlənməsinə xidmət edir.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan və Azərbaycanı bir-birinə dəstək verən müstəqil ölkələr kimi dəyərləndirib: “Bu gün Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda bir-birinə dəstək verir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk. Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik”.Bu məqamda vurğulayaq ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin 2019-cu ilin fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfəri də iki ölkə arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə töhfə verib. Xatırladaq ki, səfər zamanı prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər və hər iki bəyanatda iki ölkə arasındakı əməkdaşlığın önəmi bir daha vurğulanıb. Məsələn, Prezident İlham Əliyev bəyan edib ki, “Xalqlarımız əsrlər boyu bir-birinin yanında olmuşdur, bir yerdə olmuşdur. Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir”.
Öz növbəsində Gürcüstan Prezidenti S.Zurabişvili də Azərbaycanın dövlət başçısı ilə tam həmfikir olduğunu deyib: “Biz bir yerdə tarixi yol keçmişik. Biz coğrafi cəhətdən də yaxın qonşularıq və tarix də bizi birləşdirir. Son əsrlər ərzində birlikdə uğurlu yollar keçdik, faciələrdən keçdik. Bilirik ki, dövlət quruculuğu nə deməkdir, nə tələb edir. Bütün bunlar bizi birləşdirir”.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir ki, Azərbaycan-Gürcüstan əməkdaşlığı sayəsində regionda qlobal əhəmiyyətli nəhəng layihələr gerçəkləşib.

Prezidentlər mətbuata verdikləri bəyanatlarında Azərbaycanla Gürcüstan arasındakı əlaqələrin perspektivi barədə də çox nikbin fikirlər səsləndiriblər.Eyni zamanda, Gürcüstanın Baş Naziri Giorgi Qaxaria bu yaxınlarda bəyan edib ki, Azərbaycan bizim yaxın qonşumuz, dostumuz və strateji tərəfdaşımızdır. Onun sözlərinə görə, ölkələrimiz arasında həll olunmayan məsələ yoxdur, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı istənilən məsələ strateji tərəfdaşlıq, dostluq və danışıqlar çərçivəsində həll ediləcək. Heç şübhəsiz, Azərbaycan və Gürcüstan güclü regional tərəfdaşlar kimi həm BMT, həm də Avropa İttifaqı və ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatların hər iki ölkənin təhlükəsizliyi və müstəqilliyi üçün böyük əhəmiyyətə malik çoxtərəfli çərçivələri daxilində birgə və sıx əməkdaşlıq şəraitində çalışırlar.Qeyd edilənlərdən belə bir nəticəyə gəlmək mümkündür ki, Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.Azərbaycan-Gürcüstan əməkdaşlığı sayəsində regionda qlobal əhəmiyyətli nəhəng layihələr gerçəkləşib.Birmənalı şəkildə demək olar ki, iki ölkə arasında münasibətlərin qurulduğu bu illər ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişaf etdirilməsi sahələrində əməkdaşlıq özünün yüksək səviyyəsinə çatıb. Belə ki, Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və həmişə özünü etibarlı tərəfdaş kimi nümayiş etdirməkdədir.Yeri gəlmişkən, qeyd edək ki, son illərdə əsasən, iqtisadi əməkdaşlığa əsaslanan ikitərəfli əlaqələrin inkişafının nəinki Cənubi Qafqazın, hətta qonşu regionların da siyasi və iqtisadi həyatında da mühüm rol oynadığının şahid oluruq. Bu baxımdan, xüsusi qeyd etmək lazımdır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələr region üçün strateji əhəmiyyət kəsb edir. Belə ki, Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam edib və məhz Azərbaycan-Gürcüstan əməkdaşlığı sayəsində regionda qlobal əhəmiyyətli nəhəng layihələr gerçəkləşib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars, TAP, TANAP və s. kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr bu ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Eyni zamanda, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlar daxilində Gürcüstanla Azərbaycanın əməkdaşlığı ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.Əksər ekspertlərin də vurğuladıqları kimi, hər iki ölkə mühüm enerji və nəqliyyat layihələrini reallaşdırmaqla fəal tərəfdaşlığın ən bariz nümunəsini bütün dünyaya nümayiş etdirib. Belə ki, Bakı-Tbilisi-Qars beynəlxalq maliyyə institutlarının maliyyələşdirməkdən çəkindiyi Cənubi Qafqazda reallaşdırılması nəzərdə tutulan ilk layihə idi. Amma Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarını və güclü siyasi iradəsini ortaya qoyaraq, Azərbaycan Gürcüstan ərazisindən keçən dəmir yolu xəttinin inşası üçün Tbilisiyə 775 milyon dollar həcmində kredit ayırıb. Məhz həmin iradənin nəticəsidir ki, bu gün Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə yükdaşımalar artıq geniş həcmdə həyata keçirilməkdədir və iki ölkə bu sahədə əməkdaşlıqlarını davam etdirirlər.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Azərbaycan və Gürcüstan həm iqtisadi, həm siyasi, həm də ticari sahədə çox müvəffəqiyyətlə əməkdaşlıq edərək beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeləri ilə fərqlənmişdilər.

Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq çox qədim tarixi köklərə malikdir. Tarix boyu Qafqazda azərbaycan və gürcü xalqları eyni mövqedən çıxış etmiş və mehriban qonşuluq şəraitində bütün sahələrdə əməkdaşlıq etmişdilər. Bu gün ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrin günü-gündən inkişaf edir.Cənubi Qafqazda Azərbaycan mehriban qonşuluq siyasəti yürüdərək bütün dünyaya bir nümunə modeli imicini yaratmışdır. Gürcüstanla əməkdaşlığın genişləndirilməsi əlaqələrin yüksələn xətlə inkişaf etdiyininin bariz nəticəsidir.Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan transmilli layihələrində fəal iştirak edir. İqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətləri, birbaşa investisiyaların cəlb edilməsi sahəsində tərəfdaşlıq və digər məsələlər əlaqələrin genişləndirilməsi üçün potensial bir stimuldur. Beynəlxalq qurumlarda eyni mövqeydən çıxış etməyimiz iki ölkə rəhbərinin yürütdüyü strateji tərəfdaşlıq siyasətinin nəticəsi kimi qiymətləndirilir.44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra ölkəmiz həm beynəlxalq arenada həm də region ölkələri arasında çox böyük nüfuz sahibi olaraq liderliyə ucalmışdır. Bu gün Avropanın iqtisadi cəhətdən inkişaf etmiş qabaqcıl ölkələri ölkəmizin təşəbbüsü ilə reallaşan bir çox enerji və logistik layihələrin reallaşmasında ölkəmizin göstərdiyi prinsipal mövqeyi dəstəkləyərək bizimlə razılaşırlar. Cənubi Qafqazda geopolitik maraqlarda Azərbaycanın qüdrəti və imzası xüsusilə seçilir. Gürcüstanla münasibətlərimiz strateji tərəfdaşlıq səviyəsinə qədər yüksəlmişdir. Bir sıra layihələrin tranzit daşıyıcısana çevrilən şimal-qərb qonşumuzla əlaqələrimiz ən yüksək formada inkişaf edərək özünün kulminasiya nöqtəsinə çatmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev enerji tələbatı məsələsində hər iki ölkənin bir cəbhədən hərəkət edərək öz milli maraqlarını təmin etməsindən bəhs etmişdir. İki qonşu ölkə hər zaman bütün beynəlxalq tədbirlərdə bir-birinə dəstək nümayiş etdirərək öz əlaqələrini strateji müttəfiqlik səviyyəsinə çatdırmışdılar. Azərbaycan və Gürcüstan həm iqtisadi, həm siyasi, həm də ticari sahədə çox müvəffəqiyyətlə əməkdaşlıq edərək beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeləri ilə fərqlənmişdilər. Gürcüstan və Azərbaycanı tarixi dostluq, mehriban qonşuluq münasibətləri, sıx strateji tərəfdaşlıq birləşdirir. İki ölkə liderlərinin birgə səyləri ilə əməkdaşlıq daha da yüksək səviyyəyə qaldırılaraq regionda sabitliyin, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir. Gürcüstanla Azərbaycan arasında əlaqələrin güclənməsi hər iki dövlətin milli maraqlarına xidmət edəcəkdir. Qafqazın iki qədim xalqı bundan sonra daha gözəl qonşuluq münasibətləri altında mehriban və firəvan həyat sürəcəkdir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tbilisidə işgüzar səfərdə oldu. Əvvəlcə Baş nazir İrakli Qaribaşvili bəyanatla çıxış edərək nümayəndə heyətimizi salamlayıb, Gürcüstana səfərə gəldiyinə görə təşəkkür edib. Ənənələrimizi davam etdirərək tez-tez səfərlərin keçirələcəyini söyləyib. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və ilk beşlikdə yer alıb. Bu il bizim ticarətimiz 15 faiz artmışdır. Ötən il rekord göstəricilərimiz olmuşdur. Yüklərin daşınması baxımından da həcm əhəmiyyətli dərəcədə artmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək Tbilisi şəhərinin gözəl, füsunkar təbiətə malik guşəsində olmasından məmnun olduğunu söyləyib. Burada yaradılmış şərait də göz oxşayır. Gürcüstanın bütün ərazisi təbiət nöqteyi-nəzərindən çox gözəldir. Ən böyük gözəllik və ən böyük sərvət isə gürcü xalqıdır. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi.

Energetika sahəsində bu gün bizi birləşdirən ənənəvi sahələrdən başqa “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da biz yenə də Gürcüstan və Azərbaycan – iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Əminəm ki, ondan sonra biz konkret işlərə start verə bilərik. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm bizim, həm də ki, tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək.

Gürcüstanda gedən tərəqqi prosesinə də çox böyük maraqla baxıram və sevinirəm. Cənab Baş nazirin rəhbərliyi ilə Gürcüstan inamla inkişaf edir, Gürcüstanda ictimai-siyasi sabitlik tam bərqərar olunub. Bu sabitliyin mənbəyi Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyidir. Bu sabitlik və hökumətin aydın gələcəyə yönəlmiş baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin, imkan verir ki, həm iqtisadiyyat artsın, infrastruktur layihələri icra olunsun və insanların rifah halı ildən-ilə yaxşılaşsın. Biz Gürcüstanın dostu kimi buna ürəkdən sevinirik.

Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək. Bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır, təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün və biz buna hazırıq. Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki