Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir.
Həm Azərbaycan, həm də Gürcüstan xalqı əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bu dostluq və qonşuluq ənənələri bu gün davam edərək ölkələr arasında bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Ölkələrimiz eyni zamanda strateji tərəfdaşlıq səviyyəsinə də yüksəlmişdir. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Bu mənada Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin 16 aprel 2025-ci il tarixdə ilk rəsmi səfərini Azərbaycana etməsi bizim strateji yüksək münasibətlərimizin olmasının bariz nümunəsidir və xüsusi önəm kəsb edir. Bunlar Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir.
Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. Gürcüstan-Azərbaycan münasibətləri təkcə siyasi-hərbi komponenti ilə deyil, iqtisadi, humanitar, mədəni əlaqələr baxımından çox önəmli xarakter daşıyır. Bildiyiniz kimi, yüzminlərlə soydaşımız Gürcüstanda yaşayır. Bu da tarixi köklərimizin möhkəm olması üçün əlavə stimuldur. Təbii ki, son zamanlar, xüsusən müstəqillik əldə etdikdən sonra Gürcüstan bizim Qərbə, Avropaya açılan qapımız, pəncərəmiz olub. Azərbaycanın bütün regional və qlobal layihələrinin Gürcüstan da tərkib hissəsidir. Həmçinin, Gürcüstan son zamanlar Avropa İttifaqı ilə münasibətlər kontekstində də çox önəmli rol oynayıb. Beləliklə, Avropa İttifaqının üçüncü qüvvələrin Cənubi Qafqazda ayrıca xətlər çəkməsinə məhz Azərbaycan-Gürcüstan tandemi mane olub. Azərbaycan-Gürcüstan münasibətləri elə yüksək səviyyədə inkişaf edib ki, artıq Cənubi Qafqaza qarşı Avropa İttifaqının, Fransa və digər ölkələrin həmlə imkanları sıfıra enib. Bu da Azərbaycan-Gürcüstan əlaqələrinin tarixi, strateji, siyasi müstəvidə çox güclü olmasından xəbər verir.
Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri təkcə ölkələrin iqtisadi inkişafında deyil, həmçinin hökumətlərarası siyası əlaqələrin də inkişafında özünü göstərir. Belə ki, ölkələrimizin ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
Qeyd olunan bütün bu əlaqələr Azərbaycan və Gürcüstan ölkələri arasında mövcud olan dostluq, qonşuluq, habelə, siyasi, iqtsadi və digər münasəbətlərin hər zaman mövcud olduğunu ehtiva edir və gələcəkdə bu uğurlu münasibətlər daha da möhkəmlənəcək və başqa sahələr də də özünü göstərəcəkdir.
Zərdab rayon İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva.