image-qanunla-reklam
image-ferhat-aznevi

Azərbaycan hansı hüquqla DQMV-ni statusunu ləğv etdi?

image-lady-day-az

Qanunla.Az Türkiyənin Ankara Vəkillər Kollegiyasının üzvü, “Hüquqi Tərəfləri ilə Türkiyə və Azərbaycanın Ortaq Erməni Problemi”: Yuxarı Qarabağ və 10 noyabr Bəyannaməsi” kitabının müəllifi, vəkil Fərhad Aznevinin (Ferhat Aznevi) müsahibəsini təqdim edir:

– Fərhad bəy, xalqların öz müqəddaratını təyinetmə hüququ nədir və bu məsələ beynəlxalq hüquqda öz əksini necə tapıb?

– BMT Baş Assambleyasının “self-determination”, yəni “xalqların öz müqəddəratını təyinetmə” hüququ ilə bağlı bəlli qərarları var. Bu qətnamələrdən üçünü xüsusi qeyd etmək istəyirəm. Birincisi, 1960-cı il 14 dekabrda qəbul edilən “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında” 1514 saylı qətnamədir. İkincisi, 1960-cı il 15 dekabrda qəbul edilən “Dostluq münasibətlərinin qurulması haqqında” 1541 saylı qətnamədir. Burada özünü müəyyənetmənin tətbiqi istiqamətlərində onun xarici aspekti tənzimlənib. Sözügedən qətnamədə BMT aşağıdakı halları özünü müəyyənetmənin 3 tətbiq istiqamətini göstərir: “suveren və müstəqil bir dövlət qurulması; sərbəst şəkildə müstəqil bir dövlətlə birləşmə və ya ona inteqrasiya xalqın sərbəst müəyyən etdiyi digər bir siyasi status”.

Üçüncüsü isə 1970-ci il 24 oktyabrda qəbul edilən “Dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüquq prinsipləri haqqında” 2625 saylı Bəyannamədir. Bəyannamədə beynəlxalq hüququn yeddi əsas prinsipi, eyni zamanda haqqında danışdığımız “xalqların öz müqəddəratını təyinetmə” prinsipi təsbit olunub. Sözügedən bu və digər qətnamələr 1960-1970-ci illərdə əsasən İkinci Dünya müharibəsindən sonra Afrikadakı müstəmləkə xalqların öz müstəqilliklərini əldə etməsi ilə bağlıdır. Çünki bu xalqlar müstəmləkədən öncə müstəqil idilər və işğal nəticəsində müstəmləkəyə çevrilmişdilər.

– Bəs “xalqların öz müqəddəratını təyinetmə” prinsipi ilə “dövlətlərin ərazi bütövlüyü” prinsipi arasında əlaqə beynəlxalq hüquqa görə necə nizamlanır?

– Baş Assambleyanın 18 dekabr 1992-ci il tarixli 47/135 saylı “Milli, etnik, dini və dil azlıqlarına məxsus şəxslərin hüquqları haqqında” qətnaməsində göstərilir ki, xalqların öz müqəddəratını təyinetmə prinsipi milli azlıqların hüquqlarına daxil deyil. Etnik, dini və dil azlıqları yalnız mədəni muxtariyyətə sahib ola və ya onların milli adət-ənənələri dövlətin nəzarətində qoruna bilər. Və bütün bunlar ölkələrin ərazi bütövlüyünə xələl gətirə bilməz. Yəni beynəlxalq hüquqa görə, xalqların öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyü prinsipi ilə ziddiyət təşkil edə, ona xələl gətirə bilməz.

– Ermənistan hər dəfə Qarabağ məsələsinin “xalqların öz müqəddaratını təyinetmə” prinsipi əsasında həll edilməsindən danışırdı. Hətta bu məsələ Ararat Mirzoyan tərəfindən Sergey Lavrovla keçirdiyi görüşdə səsləndirildi. Sizcə, sözügedən prinsipi Qarabağa aid etmək nə dərəcədə mümkündür?

– Qarabağ Azərbaycanın beynəlxalq hüquqla bütün dünyada tanınmış olan ərazisinin tərkib hissəsidir. Buna görə də Ermənistanın və Qarabağdakı separatçıların iddia etdikləri kimi bölgənin taleyinin xalqların öz müqəddəratını təyinetmə prinsipi əsasında həll edilməsi mümkün deyil və bu BMT-nin əsas prinsiplərinə, müvafiq konvensiya və qətnamələrinə ziddir. Qarabağ bölgəsi də Gəncə və digər bölgələr kimi, Azərbaycan dövlətinin yurisdiksiyasına aiddir və suverenliyi altında olan bir bölgədir. Bunu nəyə əsasən deyirik? Suala cavab vermək üçün Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunun ləğv edildiyi ötən əsrin 90-cı illərinə nəzər salmalıyıq. Həmin dövrdə SSRİ-nin 1977-ci ildə, Azərbaycan SSR-nin isə 1978-ci ildə qəbul olunmuş Konstitusiyası qüvvədə idi. Bu sənədlərə görə, DQMV Naxçıvan Muxtar Respublikası kimi muxtar dövlət statusuna malik deyil, onun muxtariyyət statusu yalnız mədəni xarakter daşıyır. Bununla bərabər SSRİ-nin 1977-ci il Konstitusiyasına nəzər yetirdiyimiz zaman, burada hər üzv dövlətin ölkənin ərazi bütövlüyünə və mərkəzi dövlət idarəçiliyinə zərbə vurmayacaq şəkildə öz daxilindəki hansısa bir ərazinin muxtar statusunu ləğv etmək və ya ona əlavə hüquqlar vermə səlahiyyətinə sahib olduğunu açıq şəkildə görərik. Beləliklə, o dönəmki Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidinin ləğv edilməsi haqqında qəbul etdiyi qanun nə 1977 SSRİ Konstitusiyasına, nə də 1978-ci il Azərbaycan SSR Konstitusiyasına zidddir. Burada heç bir qanun pozuntusu yoxdur və bu, Azərbaycanın suveren hüququdur. 8 dekabr 1991-ci ildə SSRİ-ni təşkil etmiş üç dövlət – Rusiya SFSR, Ukrayna SSR və Belarus SSR SSRİ-nin parçalanması haqqında istəklərini rəsmi Moskvaya bildirdilər. 25 dekabr 1991-ci ildə isə Mixail Qorbaçov istefa verdi və SSRİ dağıldı. Ermənistan dövləti hazırda 8 dekabr 1991-ci il qərarına istinad edərək həmin dövrdə DQMV-nin referendum keçirilmədən Azərbaycanın tərkibinə zorla qatıldığını iddia edir. Ancaq bu, qətiyyən doğru deyil. Çünki keçmişdə mövcud olan bütün arxiv xəritələrində Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərilib. Azərbaycan Ali Soveti 30 avqust 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannaməni qəbul edib, 18 oktyabr 1991-ci ildə isə “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib. Azərbaycan dövlət müstəqilliyini bərpa edərkən özünü AXC-nin varisi elan edib. AXC dövründə də Qarabağ Azərbaycanın tərkib hissəsi olub. Həmin dövrdə də Azərbaycan nümayəndə heyəti Versal Sülh Konfransında müstəqil dövlətin təmsilçisi kimi iştirak edib. Yuxarıda da qeyd etdiyimiz kimi, 26 noyabr 1991-ci il tarixli qərarla isə DQMV Azərbaycan tərəfindən ləğv olunub. Yəni Qarabağda Ermənistanın iddia etdiyi kimi heç bir referendumdan, muxtariyyətdən və ya dövlət müstəqilliyindən bəhs edilə bilməz. Qarabağ digər bölgələr kimi, Azərbaycanın ayrılmaz bir parçasıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki