image-qanunla-reklam
image-images-1

Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur

image-lady-day-az

Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur.

Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. Tarixən ölkəmiz İslam mədəniyyətinin inkişafında mühüm rol oynamış və bu gün də İslam həmrəyliyinin möhkəmlənməsi üçün ardıcıl addımlar atır. İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin fikirlərində Azərbaycanın müsəlman dünyasındakı yeri və rolu hər zaman müsbət şəkildə vurğulanmışdır. Ölkəmizin müsəlman ölkələri ilə qarşılıqlı əlaqələri həm dini, həm də mədəni dəyərlərin qorunması və inkişafı üzərində qurulmuşdur.

Azərbaycan İslam həmrəyliyi prinsiplərinə uyğun olaraq, İslam dünyasında birliyin və əməkdaşlığın gücləndirilməsinə sadiqliyini nümayiş etdirir. Ölkəmizdə İslam dininə olan hörmət, dinlərarası harmoniyanın qorunması və müxtəlif mədəniyyətlərin yanaşı yaşaması siyasətin əsas tərkib hissəsidir. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın bu sahədə təşəbbüskarlığını bir daha sübut edir. Bu tədbirlər təkcə idman sahəsində deyil, həm də müsəlman ölkələri arasında mədəni və siyasi əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıyır.

Azərbaycan bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin maraqlarını müdafiə edir. Ölkəmizin nümayəndə heyətləri, xüsusilə BMT çərçivəsində, müsəlman ölkələrinin namizədlərinə dəstək verərək həmrəyliyi daha da möhkəmləndirir. Bu yanaşma, Azərbaycan rəhbərliyinin bir dəfə verdiyi göstəriş əsasında, hər zaman ardıcıl olaraq həyata keçirilir.

Humanitar yardımlar da Azərbaycan dövlətinin siyasətində əhəmiyyətli yer tutur. Ölkəmiz müsəlman ölkələrində baş verən humanitar böhranlara laqeyd qalmamış, həm COVID-19 pandemiyası dövründə, həm də digər böhranlarda fəal rol oynamışdır. Xüsusilə, Suriyaya göstərilən yardım bunun bariz nümunəsidir. Azərbaycan nümayəndə heyəti Suriyaya səfər etmiş, zərər çəkmiş əhalinin vəziyyətini yaxından izləyərək konkret yardımlar göstərmişdir. Bu cür fəaliyyətlər ölkəmizin beynəlxalq səviyyədə həmrəylik və humanizm prinsiplərinə bağlılığını əks etdirir.

Azərbaycan həmçinin Fələstin xalqının üzləşdiyi çətinliklər zamanı öz mövqeyini qətiyyətlə ortaya qoymuşdur. Ölkəmiz hər zaman İslam dünyasının problemlərinə diqqətlə yanaşır və bu istiqamətdə ön sıralarda yer alır. Yardımlar mediada geniş işıqlandırılmasa da, Azərbaycanın bu sahədə fəallığı göz önündədir.

Bütün bu fəaliyyətlər Azərbaycanın müsəlman dünyasında güclü və etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Ölkəmiz həmrəylik, yardımlaşma və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq İslam aləminin inkişafına dəyərli töhfələr verməyə davam edir.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki